XƏBƏRLƏR

ADU-da Elmi Şuranın növbəti iclası keçirilib

24 iyun, 2023

İyunun 23-də Azərbaycan Dillər Universitetində Elmi şuranın növbəti iclası keçirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla şura üzvlərini salamlayıb, gündəlikdə duran məsələlər barədə danışıb.

Qeyd olunub ki, ADU-da yaz semestr imtahanları uğurla davam edir, dekanlıqlar, kafedralar imtahanların gedişatı ilə bağlı mütəmadi monitorinqlər aparırlar.

ADU-nun rektoru, akademik Kamal Abdulla universitetin əməkdaşlarının “Fəlsəfə doktoru” elmi dərəcəsini alması münasibətilə onları təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı keçirilən beynəlxalq konfrans haqqında danışan rektor qeyd edib ki, konfrans öz işini uğurla başa vurub, bir sıra xarici ölkələrdən olan elm adamları, ziyalılarla əməkdaşlıq münasibətləri qurulub. Rektor konfransda fəal iştirak edən tələbələrin adlarını açıqlayıb, onlara öz  minnətdarlığını bildirib.  

Qeyd olunub ki, bu istiqamətdə ADU öz perspektivləri və imkanları ilə diqqəti cəlb edib. Bildirilib ki, konfrans elmi əməkdaşlıq, tərəfdaşlıq baxımından xüsusi önəm daşıyıb. Bu münasibətlə bütün universitet əməkdaşlarına təşəkkür edən rektor bundan sonra da beynəlxalq əlaqələrin qurulmasına önəm verməyin vacib olmasını vurğulayıb.

Daha sonra dekanlar yaz semestr imtahanlarının təşkili, keçirilməsi və gedişatı ilə bağlı məlumat veriblər.

Qeyd  olunub ki, imtahanlar şəffaf və obtektiv keçirilir, hər hansı bir ciddi qayda pozuntusuna rast gəlinməyib.

ADU-nun Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədova Ali Attestasiya ilə bağlı universitet əməkdaşlarının fəaliyyəti haqqında danışıb. Qeyd olunub ki, elmi fəaliyyət baxımında universitet qarşıya qoyulan məqsəd və vəzifələrə uğurla çatmaqdadır.

ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova beynəlxalq əməkdaşlıq və strateji tərəfdaşlıq imkanları haqqında məlumat verib.

Bildirilib ki, beynəlxalq əməkdaşlıq çərçivəsində Çeçenistan Dövlət Pedaqoji Universitetinə ezam olunan əməkdaşlar bir sıra tədbirlərdə iştirak edib, elmi əməkdaşlığın qurulmasında yeni perspektivlərin müzakirəsində çıxış ediblər.

Sonra universitetin gələcək elmi əməkdaşlıq imkanları ilə bağlı bir sıra məsələlərə toxunulub, təkliflər irəli sürülüb.