XƏBƏRLƏR

Pakistan Müasir Dillər Universitetində “Heydər Əliyev, ADR irsi və Azərbaycançılıq” mövzunda tədbir keçirilib

23 iyun, 2023

İyunun 22-də Pakistan Müasir Dillər Universitetinin (National University of Modern Languages (NUML) ) nəzdində açılan Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev, ADR irsi və Azərbaycançılıq” mövzunda tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Pakistandakı rəsmi səfiri cənab Xəzər Fərhadov, Türkiyə Respublikasının Pakistandakı rəsmi səfiri Prof Dr. Mehmet Paçacı, universitetin baş direktoru Syed Nadir Ali cənabları, universitetin Tədqiqat və Strateji Təşəbbüslər bölməsi üzrə prorektoru Dr. Zubair İqbal, müəllim və tələbə kollektivi iştirak edib.  

Tədbir Azərbaycan və Pakistan Respublikalarının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbiri çıxış sözü ilə açan prorektor Dr. Zubair İqbal Azərbaycan Dillər Universitetinin dəvəti ilə iki dəfə Azərbaycanda olduğunu, ölkənin milli mədəni irsinə, təbiətinə, insanların qonaqpərvərliyinə, Pakistana və pakistanlılara qarşı olan dost-qardaş münasibətlərindən  təsirləndiyini bildirib.

Azərbaycan Respublikasının Pakistandakı rəsmi səfiri cənab Xəzər Fərhadov tədbirin əhəmiyyətindən danışıb, İslam dünyasının ilk demokratik dövləti olan Azərbaycan Demokratik Respublikasının (ADR)  yaraması və ümummilli lider Heyder Əliyevin bu demokratik dəyərlərə sadiq qalaraq, Azərbaycanı dünya ölkələri sırasında xüsusi yer tutmasına nail olduğunu qeyd edib. Cənab səfir eyni zamanda Heydər Əliyevin Türkiyə və Pakistanla yaratdığı əbədi dostluq, qardaşlıq bağlarından, iqtisadi, mədəni, diplomatik münasibətlərinin inkişafına toxunub.

Türkiyə Respublikasının Pakistandakı rəsmi səfiri Prof Dr. Mehmet Paçacı  tədbirlə bağlı xoş sözlərini dilə gətirib, tarixi köklərə dayanan Azərbaycan-Türkiyə münasibətini və Heydər Əliyəvin Azərbaycan və region üçün gördüyü işləri auditoriyanın diqqətinə çatdırıb.

Tədbirdə Azərbaycan dilini öyrənməyə çalışan pakistanlı 10 yaşlı Hadia Aqeel adlı şagirdin Səməd Vurğunun “Azərbaycan” şeirini söyləməsi iştirakçıların marağına səbəb olub. Azərbaycan səfiri cənab Xəzər Fərhadov balaca qıza kəlağayı və ölkəmizi xatırladan suvenir hədiyyə edib.

Tədbir univeritetin baş direktoru Syed Nadir Alinin yekun çıxışı ilə tamamlanıb. Bildirib ki, o, NUML-da Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin açılması Pakistan-Azərbaycan münasibətlərinin inkişafının nəticəsidir. Mərkəzin fəaliyyəti iki universitet arasında qarşılıqlı mədəniyyət, tədqiqat və tələbə mübadləsinə xidmət edəcək. Eyni zamanda o, Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin işlərində uğurlar arzulayıb.

Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin kordinatoru Aynur Salmanova çıxışında mərkəzin ilk iri miqyaslı tədbirinin ümummilli lider Heydər Əliyevlə bağlı olmasından qürur hissi duyduğunu, onun Azərbaycançılıq ideylarına layiq olmağa çalışacaqlarını söyləyib. Həmçinin cənab səfirlərə, ADU və NUML rəhbərliyinə dərin minnətdarlığını bildirib.