XƏBƏRLƏR

ADU-nun tələbələri “Moskva meri təqaüdü”nə layiq görülüblər

22 iyun, 2023

İyunun 20-də Bakıdakı Rus Evində tələbələrin öyrənmə motivasiyasını artırmaq məqsədi daşıyan “Moskva meri təqaüdləri” adlı təhsil proqramının Qəyyumlar Şurasının illik iclası keçirilib.

Tədbirdə Moskva şəhərinin Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departamentinin, “Birlik” Azərbaycan Xalqlarının Həmrəylik Cəmiyyətinin, Azərbaycanın Rus İcmasının, Moskva Həmvətənlər Evinin nümayəndələri iştirak ediblər.

İclası Azərbaycanın Rus İcmasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mixail Zabelin açıb. “Birlik” Azərbaycan Xalqlarının Həmrəylik Cəmiyyətinin sədri Tatyana Kərimova, ADU-nun "Rusiyaşünaslıq" mərkəzinin rəhbəri Diana Hüseynzadə birgə təhsil layihələrindən danışıblar. 

Tədbirin yekunu olaraq Azərbaycandan 21 namizədin təqaüd üçün namizədliyi təsdiqlənib.

Onların arasında Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin beş tələbəsi var: Fərid Rəcəbli, Səkinə Həsənova, Nicat Kazımov, Rüfət Rəsulov, Heydər Səfərov. Təqaüd həmin tələbələrə təhsil illərində əldə etdikləri yüksək nəticələr və ictimai fəaliyyətlərdə xüsusi fəallıqları nəzərə alınaraq verilib.

ADU-nun tələbələrinin namizədliyi ADU-nun “Rusiyaşünaslıq” mərkəzi tərəfindən irəli sürülüb.