XƏBƏRLƏR

Ramazan Qorxmaz: "Azərbaycan Dillər Universiteti gözəl layihələr həyata keçirəcək"

21 iyun, 2023

İyunun 14-də Azərbaycan Dillər Universitetində təhsil həyatımız üçün tarixi bir gün yaşanıb. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar keçirilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” Beynəlxalq elmi konfransında müxtəlif dövlətlərin ali təhsil müəssisələrindən tanınmış alimlər, professorlar, rektorlar, ictimai-siyasi xadimlər, ziyalılar iştirak edib.  

 Konfrans elmi əməkdaşlıq, beynəlxalq münasibətlər, tolerantlıq və multikultural ab-hava baxımından olduqca əhəmiyyətli olub. Bu önəmin bir səbəbi də Azərbaycanın dünyaya bir daha tolerant və multikultural bir dövlət kimi tanınması idi. Bu münasibətlə xarici ölkələrdən gələn elm adamlarının, professor və müəllim heyətinin, eləcə də nüfuzlu ziyalıların “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı Beynəlxalq elmi konfrans haqqında olan fikirlərini təqdim edəcəyik.

Qafqaz Universitetləri Birliyinin sədri Ramazan Korkmaz:

“Qafqaz Universitetlərinin sədri olaraq, Azərbaycan Dillər Universitetini 75-ci ildönümü münasibətilə təbrik edirəm. Rektorunuz Kamal Abdulla təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ziyalı insanlarından biridir. Azərbaycanın yetişdirdiyi çox gözəl bir övlad, həmçinin böyük xidmətləri olan insandır. Onun rəhbərliyi altında Azərbaycan  Dillər Universiteti daha gözəl layihələr həyata keçirəcək. Necə ki, bu gün multikulturalizm tədbirində dünyanın problemlərinə həll yolları axtaran universitet forumuna gəlmişəm. Dünyanın problemlərinə beynəlxalq anlamda həll yolları axtaran universitet olmaq çox qürurverici bir haldır. Çox xoşbəxt oldum. Gözəl 75 illərə. Mən eyni zamanda Türkiyə-Azərbaycan Universitetinin qurulmasına da diqqət çəkmək istərdim. Bu, Türkiyə-Azərbaycan əlaqələri baxımından çox vacibdir. Bu, əslində iki ölkənin yox, bütün türk dünyasının, Qafqazın universiteti olacaq”.

Firuzə MƏLİKZADƏ, Beynəlxalq jurnalistika ixtisasının tələbəsi