XƏBƏRLƏR

Belqradda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbir keçirilib

20 iyun, 2023

Azərbaycan Dillər Universiteti  Azərbaycan Respublikasının dünyaya açılan dil qapısıdır. ADU-da hal-hazırda dünya ölkələrinin və xaqlarının 21 dili öyrənilir. Dillər Universitetində 19 region və ölkənin “Dil və Mədəniyyəti” mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlər təmsilçisi olduqları region və xalqların dili, tarixi, mədəniyyəti, mətbuatı, adət-ənənələri haqqında kitab və mənbələrə sahibdir. Mərkəzlər dərin araşdırma və tədqiqat obyekti kimi təmsil etdikləri  region və ölkə haqqında tədbirlər keçirir və mövcud olan səfirlikləri və nümayəndəlikləri ilə sıx əlaqədə fəaliyyət göstərərək, müxtəlif layihə və qrantların həyata keçirilməsinə vəsilə olurlar.

 

Akademik Kamal Abdulla  Dillər Universitetinin rektoru olduğu dövrdən başlayaraq, Universitetin tərəfdaşı olan bir sıra xarici universitetlərdə Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılmasına xüsusi diqqət yetirir. Bu mərkəzlərdən biri də,  Belqrad Universitetinin Filologiya fakültəsi nəzdində  yerləşən Azərbaycan dili və mədəniyyəti mərkəzidir. Mərkəz 2018–ci ildə  ADU-nun rəhbərliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə açılmışdır. Belqrad Universitetində Azərbaycan dilinin tədrisi ilə yanaşı, Mərkəz həm də,  müxtəlif mövzularda tədbirlər keçirərək Azərbaycanı təqdim edir.

 

2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi ilə əlaqədar iyunun 7-8-də Belqrad Universitetinin filologiya fakültəsində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və  dil siyasəti" adlı konfras keçirilib. Konfransda ADU –dan göndərilən nümayəndə heyəti, Belqrad Universitetinin professor, müəllim və tələbələri və rəsmi qonaqlar iştirak edib.

 

8 iyun 2023-cü il tarixində Belqrad Universitetindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri, konfransın təşkilatçısı Günel Babanlı konfrasla əlaqədar  mədəni tədbir də keçirib.

        

Konfransın bədii hissəsində  Belqrad Milli Opera Teatrının ilk xanım sofranosu,  Belqradda Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Jasmina Trumbetaş Azərbaycan musiqisi və mədəniyyətini təbliğ edən ilk azərbaycanlı xanım, mərhum Zərifə Əlizadənin gördüyü işlər haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. 30 ildən artıq müddətdə Belqradda yaşayan Zərifə xanım Bakı Dövlət Konservatoriyasını  və Moskvada Çaykovski  adına Konservatoriyanı bitirib. O, Azərbaycan, İtaliya, Fransa, Yunanıstan, Rusiya, Bosniya, Xorvatiya, Çexiya, Polşa, Herseqovina və Serbiyada kamera orkestrinin müşayəti ilə çıxışlar edib. Zərifə xanım Nemanja Radoviç, Marko Josifoski, Rafael Cretien, Qalina Bojko və Jasmina Trumbetaş kimi məşhur serb musiqiçiləri ilə əməkdaşlıq edib. Zərifə xanım ömrünün son illərində Novi Sad İncəsənət Akademiyasının Fortepiano kafedrasının professoru, eyni zamanda Belqraddakı Azərbaycan Mədəniyyəti Mərkəzinin prezidenti olub. Zərifə xanım hər zaman Azərbaycan mədəniyyətinin müxtəlif sahələrini, musiqisinin müxtəlif janr və çalarlarını təbliğ edərək, Azərbaycan-Serbiya mədəni əlaqələrinin  inkişafı üçün əlindən gələni əsirgəməmişdi. Zərifə xanım 10 ilə yaxın Azərbaycan Mədəniyyəti Mərkəzinin fəaliyyətinə rəhbərlik etmişdi. Zərifə xanım hər il Azərbaycan musiqisinin təqdimatı üçün konsertlər təşkil edib, özü də Azərbaycan bəstəkarları və xalq musiqisinin tanınması üçün səy göstərmişdir.

 

Tədbirdə Jasmina xanım Ulu Öndər Heydər Əliyevin sevdiyi, musiqisi Müslim Maqomayev, sözləri Nəbi Xəzrinin olan  "Azərbaycan" və musiqisi Niyazi, sözləri isə  İslam Səfərliyə  aid olan  "Arzu" mahnılarını Azərbaycan dilində ifa edib.

 

Belqrad Universitetində təhsil alan tələbələr: Taleh Ələkbərli (serb dilində), Katarina Miletiç (azərbaycan dilində) dahi siyasətçi Heydər Əliyevin ən çox sevdiyi Səməd Vurğunun "Azərbaycan" şeirini səsləndiriblər.

Tələbələrdən Vidadi Quluzadə (serb dilində), Mariya Rodovanoviç (azərbaycan dilində) Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın öz babasına, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi "Elegiya" şeirini səsləndiriblər. Mədəni tədbir sonunda iştirakçılar xatirə şəkilləri çəkdirib və Azərbaycan şirniyyatları ilə çay süfrəsinə dəvət olunublar.