XƏBƏRLƏR

ADU-da Erasmus+ layihəsi çərçivəsində tədbir keçirilib

19 iyun, 2023

Azərbaycan Dillər Universitetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsi çərçivəsində tədbir keçirilib.

Ali təhsil müəssisələrinin tədris, beynəlmilləşmə və strateji inkişaf  problemlərinə həsr edilən tədbirdə ADU-nun akademik və inzibati heyəti  iştirak edib.

Beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribova layihənin əhəmiyyətindən, layihə çərçivəsində yaradılan komitələrin fəaliyyətləri, bugünə qədər görülən işlər haqqında məlumat verib.

Layihə çərçivəsində Belçika, Polşa və Litvada təşkil olunan təlim və seminarlarda iştirak etmiş ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Tamam Cəfərova, Ümumi işlər üzrə prorektor Vüqar Mehrabov, Tədris işləri üzrə prorektor Sevinc Zeynalova və Tədris şöbəsinin müdiri  Şəfəq Şahməmmədova tədbir  iştirakçılarına Avropa ali təhsil müəssisələrində monitorinq və qiymətləndirmə prosesləri, strateji idarəetmə üzrə akkreditasiya meyarları kimi mühüm mövzular haqqında ətraflı məlumat veriblər.

Tədbir müzakirələr və sual-cavab formasında davam edib.

Qeyd edək ki, Bakı Biznes Universitetinin koordinatorluğu ilə icra edilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı layihə Erasmus+ proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən maliyyələşdirilir.