XƏBƏRLƏR

Rektor İsmayıl Bayxanov: "Azərbaycan Dillər Universiteti ilə əlaqələrimiz daha da inkişaf edəcək"

14 iyun, 2023

“Azərbaycan  Dillər Universiteti tarixi ənənələri və elmi nailiyyətləri olan ali təhsil müəssisəsidir. Azərbaycan Dillər Universitetini 75 illik yubiley münasibətilə təbrik edir, universitet rəhbərliyinə və kollektivinə ən səmimi arzularımı çatdırıram”

Bu fikirləri Azərbaycan  Dillər Universitetinin təşkil etdiyi “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı Beynəlxalq elmi konfransı haqqında fikirlərini bölüşərkən  Çeçenistan Dövlət Pedaqoji Universitetinin rektoru İsmayıl Bayxanov deyib. Rektor bildirib ki, Çeçenistan Dövlət Pedaqoji Universitetinin bazasında Azərbaycan mədəniyyət mərkəzinin açılışı olacaq. Bu mərkəz universitetlərimiz arasında əlaqələrin qurulmasında müstəsna əhəmiyyət kəsb edəcək:

“Konfransa dəvətə  görə universitet rəhbərliyinə, hörmətli rektor Kamal Abdullaya öz minnətdarlığımı bildirmək istəyirəm. Bu konfrans mötəbər bir konfransdı. Ulu öndər Heydər Əliyevin adına layiq bir konfransdı. Bildirmək istəyirəm ki, Heydər Əliyev nəinki Azərbaycan xalqının böyük oğlu idi, o həm də dünyanın ən güclü siyasi liderlərindən biri idi. Heydər Əliyev Çeçen xalqının qəlbində dərin sevgi və hörmət qazanıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyev də Çeçen xalqının dərin hörmətini və sevgisini qazanıb. Bizim ölkələr arasında dostluq və tərəfdaşlıq münasibətləri var. Bu münasibətlər ölkə rəhbərləri səviyyəsində yüksələn xətlə inkişaf etməkdədir.

Biz Azərbaycan Dillər Universiteti ilə elmi əməkdaşlığın başlanğıcındayıq. İnanıram ki, əlaqələrimiz daha da inkişaf edəcək və gələcəkdə yeni elmi perspektivlərin yaranmasına şərait yaranacaq”.