ADU 75: bilik çırağı və dil diplomatiyasının simvolu
Müasir qlobalaşan dünyada xarici dillərin əhəmiyyəti olduqca artmışdır və əvvəlki dövrlərin heç birində olmadığı qədər əhəmiyyət kəsb etməyə başlamışdır. Baxmayaraq ki, keçmiş dövrlərdə də saraylarda mütərcim-tərcüməçilər dövlətlərarası münasibətlərin formalaşmasında xüsusi rol oynamışlar. Məşhur alman şair və dramaturqu, mütəfəkkir və naturalisti Ioann Volfqanq fon Goete demişdir ki, xarici dildə danışmayan insan, öz dilini də dərk edə bilməz (“Wer fremde Sprachen Nicht kennt, weiss nichtss nichts von seiner eigenen” Johann Wolfgang von Goethe).
Xarici dildə təkcə danışmağı öyrənmək kifayət etmir, ana dilindən tamamilə fərqlənən bir dilə hakim olmaq, müxtəlif dillər arasında yazılı və şifahi tərcümə işlərinin icrasına bir peşə kimi yiyələnmək, ölkələrin və xalqların, bütövlükdə bəşəriyyətin inkişafında böyük rol oynayır.
Və əlbəttə ki, bu sahədə müvafiq kadrların hazırlanması üçün təhsil ocaqlarının mövcudluğuna ehtiyac vardır.
Bu il 75 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Dillər Universiteti məhz belə təhsil ocaqlarındandır. Universitet Azərbaycan Pedaqoji Universitetinin (API) tərkibində fəaliyyət göstərən Xarici dillər fakültəsinin bazasında yaradılmışdır. Sonradan, 1947-ci il Azərbaycan SSR Nazirlər Sovetinin 10 dekabr tarixli qərarı və Respublika Maarif Nazirinin "Bakı şəhərində Pedaqoji Xarici Dillər İnstitutunun açılması haqqında" 1948-ci il 28 iyun tarixli əmri əsasında 1948-ci ilin sentyabr ayından etibarən Pedaqoji Xarici Dillər İnstitutu olaraq müstəqil institut kimi fəaliyyət göstərməyə başlamışdır. O zaman institutda öyrənilən dillər alman, fransız və ingilis dilləri idi və bunun da bariz səbəbləri var idi. Yer kürəsi İkinci Dünya Müharibəsindən yenicə çıxmışdı və həyatın bütün sahələrində normallaşma prosesi getməkdə idi. Müharibə nəticəsində evlərindən didərgin düşmüş şəxslər evlərinə geri qayıtmaq və ya olduqları cəmiyyətlərə inteqrasiya etmək üçün dil barajını aşmalı idilər. Təsadüfi deyil ki, ilk rəsmi sinxron tərcümə təcrübəsi də məhz bu dövrə təsadüf edir. Belə ki, Nüremberq məhkəməsi zamanı hakimlər, prokurorlar, vəkillər və zərərçəkmişlər dörd müxtəlif dildə danışdıqlarından, onların arasında ardıcıl tərcümənin təmin olunması qeyri-mümkün hesab edilmişdi və buna görə də, sinxron tərcümədən geniş şəkildə istifadə olunmasına qərar verilmişdi.
İnstitut bu şəkildə on il fəaliyyət göstərdikdən sonra, yəni 1959-cu ildə Respublika Maarif Nazirinin 14 may 1959-cu il tarixli əmrilə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutu ilə birləşdirildi.
Hamımıza məlumdur ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə təyin olunması ölkənin bütün sahələrdə inkişafına səbəb olmuşdur. Buraya sözsüz ki, təhsil sahəsi də daxildir. Belə ki, 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi təyin edildikdən sonra respublikada bütün sahələrdə olduğu kimi təhsil sistemində, xüsusən ali təhsilli mütəxəssislərin hazırlanması, onların nəzəri və peşə biliklərinin artırılması, tədris-tərbiyə prosesinin təşkilində müasir elmi metodların tətbiq olunması sahəsində də ciddi dəyişikliklər edildi. Heydər Əliyev Azərbaycan KP MK-nın və Azərbaycan Nazirlər Sovetinin 17 oktyabr 1972-ci ildə qəbul etdikləri “Azərbaycan SSR-də ali təhsili daha da təkmilləşdirmək haqqında” qərar bu sahədə mühüm rol oynadı. Qərarın icrası ilə əlaqədar olaraq Azərbaycan SSR Nazirlər Soveti 4 noyabr 1972-ci ildə “M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun yenidən təşkil olunması haqqında” qərar qəbul etdi. Həmin qərar əsasında Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu yenidən müstəqil ali məktəb kimi fəaliyyətə başladı. İnstitutun inkişafına həmişə böyük qayğı göstərmiş Ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli Fərmanı ilə Azərbaycan Dövlət Dillər İnstitutu fəaliyyəti genişləndirilməklə Azərbaycan Dillər Universitetinə çevrildi.
Ümummilli Liderin qayğısı və himayəsi altında ölkəmizdə dillərin tədrisinə xüsusi diqqət yetirilir. Heydər Əliyevin sərəncamı əsasında 2003-cü ildə universitetə əlavə təhsil binası verildi, daha sonra Prezident İlham Əliyevin göstərişi ilə 2005-ci ildə 2500 nəfər tələbə üçün nəzərdə tutulmuş beş mərtəbəli yeni tədris binası da tikilib universitetin istifadəsinə təqdim edildi.
Ulu Öndər deyirdi, “Azərbaycanın bütün dövlətlərlə gərək bərabər hüquqlu əlaqəsi olsun, Türkiyə ilə, İran ilə, qonşu Gürcüstan ilə, Rusiya ilə də, Amerika ilə də, Avropa dövlətləri ilə də, Ərəbistan dövlətləri ilə də, müsəlman dövlətləri ilə də, türkdilli dövlətlərlə də, Mərkəzi Asiya dövlətləri ilə, Qazaxıstanla da bərabər hüquqlu əlaqələri olmalıdır”. Ulu Öndərin bu sözləri dillərin tədrisini inkişaf etdirməyin nə qədər vacib olduğunu bir daha gözlər önünə sərir.
Xüsusilə ona görə ki, bizim nümunə götürə biləcəyimiz, hər sahədə olduğu kimi, bir çox dillərə hakim olmaq sahəsində də bizim üçün bir örnək təşkil edən cənab Prezidentimiz var. Təsadüfi deyil ki, cənab Prezidentin 26 fevral 2021-ci il tarixində Bakıda keçirdiyi 4 dilli mətbuat konfransı dünyanın bütün media qurumları tərəfindən heyranlıqla işıqlandırılmışdı.
Aqillər deyib ki, xalqın, millətin nəyini əlindən alırsansa al, o, yaşayacaqdır. Dilini əlindən alsan, o, milli varlığını itirər, yox olar. Bu, tarixin ortaya qoyduğu bir həqiqətdir. Dil - millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur. Dil yoxdursa, xalq da yoxdur!
Azərbaycanda 25 ildən artıq bir müddət ərzində linqvistika sahəsində fəaliyyət göstərən bir şəxs olaraq Azərbaycan Dillər Universiteti kimi nüfuzlu bir qurumun keçdiyi əlamətdar yol haqqında şəxsi fikirlərimi bölüşmək mənim üçün böyük şərəf hissi yaradır. Bu universitetin məzunu olmasam da, müxtəlif zamanlarda və səbəblərlə universitetlə əməkdaşlıq etməyim, onun Azərbaycanın qloballaşmasına və linqvistik təhsilin inkişafına verdiyi dərin təsirin şahidi olmasına gətirib çıxarmışdır. Yarandığı gündən ötən 75 il ərzində Azərbaycan Dillər Universiteti xalqımızın qloballaşma səylərində həlledici rol oynamışdır. Beynəlxalq tələbələrin Azərbaycan dili və mədəniyyətini öyrənmələri üçün platforma təmin etməklə universitet mədəniyyətlərarası anlaşmanı və diplomatik əlaqələri gücləndirmişdir. Tanınmış beynəlxalq qurumlarla əməkdaşlıq akademik mübadilələri, tədqiqat tərəfdaşlıqlarını və mədəni proqramları asanlaşdıraraq, Azərbaycanın qlobal mövcudluğunu və nüfuzunu daha da artırmışdır.
Universitetin linqvistik mükəmməlliyə sarsılmaz sadiqliyi Azərbaycanın dil mənzərəsini əhəmiyyətli dərəcədə formalaşdırıb. Ciddi akademik proqramlar, qabaqcıl tədqiqat təşəbbüsləri və strateji tərəfdaşlıqlar vasitəsilə qurum zəngin dil irsimizin qorunub saxlanmasına və canlandırılmasına fəal töhfə verib. Universitet Azərbaycan, türk dilləri və digər qlobal dillərin öyrənilməsini təşviq etməklə, dil müxtəlifliyinin üstünlüklərini mənimsəyərək mədəni kimliyimizin sadiq keşikçisinə çevrilmişdir.
75 illik yubileyi münasibəti ilə Azərbaycan Dillər Universitetinin uğurlarının ayrılmaz hissəsi olan fədakar professor-müəllim heyətini, əməkdaşlarını və məzunlarını qeyd etməliyik. Onların mükəmməlliyə sarsılmaz sadiqliyi və dillərə olan həvəsi Azərbaycanda linqvistik təhsilin statusunu yüksəltməklə saysız-hesabsız həyatı dəyişdirmişdir. Onlar birlikdə universiteti bilik çırağı və dil diplomatiyasının simvoluna çeviriblər.
Gələcəyə doğru əmin addımlar atarkən, Azərbaycan Dillər Universiteti linqvistik təhsili formalaşdırmaq, mədəni anlaşmanı təşviq etmək və qlobal əlaqələr yaratmaq kimi fəaliyyətlərini tətbiq etməyə dəvam edir. Dillərin ünsiyyət, anlaşma və birliyin inkişaf etdiyi dünyada dəyişdirici gücü əvəz edilməzdir. 75 illik yubileyin bu əlamətdar günü münasibətilə bu məqaləni yazarkən universitetin nailiyyətlərini qeyd etmək, Azərbaycan Dillər Universitetinin ölkəmizin qloballaşmasında oynadığı mühüm rolu tanımaq və bu mötəbər qurumun bu sahədə ölkəmiz üçün əldə etdiyi nailiyyətləri işıqlandırmağın çox vacib olduğuna inanıram. Şübhəsiz ki, Azərbaycan Dillər Universiteti ölkəmizin dünya miqyasında tanınmasına töhfə verməyə davam edəcəkdir.
Doktorantı olduğum doğma universitetimiz bir müddət bundan əvvəl yeni bir sevincli xəbərlə ürəklərimizi fərəh hissi ilə doldurdu. İlk dəfə olaraq Azərbaycan Respublikasından iki ali təhsil müəssisəsi (ADU və UNEC) QS dünya universitetlərinin reytinqinə daxil olmuşdur. Azərbaycan Dillər Universiteti (ADU) "Müasir dillər" sahəsində dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil edilib. Bu xəbər universitetimizin yüksək səviyyədə göstərdiyi fəaliyyətin və uğurların təzahürüdür.
Fürsətdən istifadə edərək, Dillər Universitetinin rektoru akademik Kamal Abdullanı təbrik etmək, tələbələrə və tədqiqatçılara göstərdiyi diqqət-qayğıya, təhsil ocağımızın uğurlu inkişafı üçün görülən bütün işlərə görə ona minnətdarlığımı bildirmək istəyirəm. Kamal müəllimi - universitetimizin inkişafı üçün yorulmadan çalışan, buraya yeniliklər cəlb edən, Universitetdə tədris olunan təhsilin dünya standartlarına uyğun olmasını təmin etmək üçün gecə-gündüz yollar-axtaran akademikimizi və bu zamana qədər burada çalışmış, fəaliyyət göstərmiş, təhsil almış hər bir şəxsi universitetimizin 75 illik yubileyi münasibətilə təbrik edirəm. İnanıram ki, doğma təhsil ocağımız uzun illər boyu hər birimizin ürəyində sevinc hissləri yaşadacaqdır.
Azərbaycan Dillər Universitetinin yaranmasının 75 illik yubileyi münasibəti ilə bir daha hamını təbrik edirəm! Qarşıdan gələn illərdə universitetin Azərbaycanın qloballaşma prosesində iştirakına verəcəyi töhfəni böyük bir qürur ilə izləməyə davam edəcəyəm.
Mehriban Əliyeva
ADU-nun doktorantı, Ümumdünya Tərcüməcülər Assosiasiyasının (AIIC) üzvü