XƏBƏRLƏR

ADU-75: “Biz həyat dərsi öyrəndik”

12 iyun, 2023

Mən   Ağdam   rayonu  Pirzatlı   kənd  orta   məktəbində  oxumuşam. Kənd  məktəblərində  o  zaman rus  dili  və ingilis  dili  fənlərindən  müəllim  çətinliklə  tapılırdı. Mən  V  sinifdə  oxuyarkən ,  heç  gözləmədiyimiz  halda Bakıdan  institutu  bu  il  bitirmiş ingilis  dili  müəllimi  Abbas  müəllim təyinatla  işləməyə  gəldi. Abbas  müəllim  az  vaxtda  ingilis  dilini şagirdlərə  sevdirməyə  çalışdı. Abbas  müəllim  digər  şagirdlərdən  mənim  ingilis  dili müəllimi olmağa  həvəsim  olduğunu  bilib  mənə  söz  atdı  ki, Zülfiyyədən  ingilis  dili  müəllimi  olmaz. Mən  pərt  halda  “sizin  acığınıza ingilis  dili  müəllimi  olacağam”—dedim.  Elə  də  oldu. Mən  öz  üzərimdə  işlədim,   gecə-gündüz   imtahana  hazırlaşdım. 1982-ci   ildə  Azərbaycan   Dillər  Universitetinə  daxil   olub, 1987-ci  ildə  bu  ali  məktəbi  bitirdim. Təyinatla bir  vaxtlar oxuduğum  Pirzatlı  kənd orta  məktəbinə artıq  gənc  ingilis  dili  müəllimi   kimi qayıtdım.  Necə  də  təsirli, kövrək   günlərim idi. İlk  şagirdlərimdən  biri  isə,   kiçik   bacım   Fəxriyyə  oldu. Fəxriyyənin  və  onlarla  şagirdin  ingilis  dilini  öyrənməsində, sevməsində  əməyim    az olmamışdır. Hazırda  Fəxriyyə Azərbaycan  Texniki  Universitetinin  İngilis  dili  kafedrasında müəllim  işləyir.

Mən işğaldan sonra respublikanın hər yerinə səpələnmiş məcburi köçkünlərin oxuduğu orta məktəbdə müəllim  işləməyə başladım. 20 ildən çoxdur ki, Mingəçevirdə Ağdam məktəblərində işləyirəm. 2011-ci ildən Ağdam 47 nömrəli tam orta məktəbdə  direktor işləyirəm. 42 il həyatımı bağladığım Azərbaycan Dillər  Universiteti  ilə əlaqələrimiz daha  da möhkəmlənmişdir. Son 5  ildə ADU-nun  tələbələri hər  il  pedaqoji   təcrübə  keçirlər. Şagirdlərimiz  tələbə- şagird  elmi  konfranslarında  yaxından  iştirak  edirlər. Bu  yaxınlarda   ADU-nun   rektoru, akademik ,  Xalq  yazıçısı  Kamal  Abdulla  ilə  47  nömrəli  Ağdam  tam  orta   məktənin   direktoru  arasında daha 5  il  üçün  əməkdaşlıq  haqqında   müqavilə  imzalanmışdır. ADU-nun  rektoru məktəbimizin  maddi-texniki  bazasını  mökəmləndirmək üçün bizə  yaxından kömək edir.

Hər  dəfə  universitetə  yolum  düşəndə, tələbəlik  illərini  xatırlayanda yenidən  özümü bu  möhtəşəm  ali  məktəbdə  hiss  edir, tələbə  olduğum illəri, tələbəsi  olduğum  552-ci  qrupu  yadıma  salıram. Edison  müəllimi  xatırlayır, onun  ingilis  dilinin  qarammatikasını  bizə  necə  sevdirdiyini  unutmuruq. İsmixan  müəllim  elə  bil dünən  bizə  ingilis  dilinin  leksikasını  avazla, təmkinlə öyrədirdi. Dekanımız  Gəray  müəllimi,  dekan  müavinimiz Nəriman  müəllimi  unutmaq  olarmı?   ADU-nun  rektoru  Zemfira  Verdiyeva  tələbələrə  necə qayğı  ilə  yanaşdığı,  eyni  zamanda  tələbkar  olduğunu  bu  gün də  unutmuruq. O illər  necə  uzaq, necə də  şirin  illərdir...  Biz  Dillər  Universitetində təkcə ingilis  dili  öyrənmədik. Həyat  dərsi  öyrəndik. Biz  burda  mədəniyyətimizi, tariximizi öyrəndik. Və  öyrəndiyimiz  hər  şeyi  şagirdlərimizə  öyrətməyə  çalışdıq.                                                                             

May ayında Azərbaycan Dillər Universitetində Ümummilli  lider Heydər  Əliyevin 100 illik yubiley tədbirlərində mənim  rəhbərliyim altında  bir qrup  şagird iştirak etdi. Şagirdlərimiz tələbə-şagird konfransında maraqlı  mövzularla çıxış etdilər. Tədbir çox  maraqlı  keçdi. Vaxtıyla   tələbə  kimi   gəzdiyim dəhlizlərdə, auditoriyalarda artıq məzun   kimi, qonaq  kimi, müəllim  kimi addımladım. Necə də xoş, kövrək hisslərdir... Biz  oxuduğumuz dövrdə Azərbaycan Dillər Universiteti respublikada ən samballı, prestijli ali    məktəblərdən  sayılırdı. Bu yaxınlarda eşitdiyimiz  bir xəbər bizi  çox sevindirdi. Dünyanın   1594 nüfuzlu ali təhsil müəssisəsi arasında 304-cü  yerdə olan ADU-nun  adını oxumaq  necə sevincli, qürurvericidir. Bu nailiyyətin qazanılmasında hamımızın, vaxtıyla oranı  bitirmiş, bu  ali  məktəbdə işləmiş minlərlə tələbənin , müəllimin rolu, zəhməti var. Universitetin  rektoru, akademik, Xalq  yazıçısı Kamal Abdullanın xidməti əvəzsizdir. O, müasir tələblərə  cavab  verən,  dünyada  ən  nüfuzlu  ali məktəblərdən  birinini  yaratmağa  nail  olmuşdur. Dünya  universitetlərinin  reytinq  cədvəlində universitetimizin yüksək yer  tutması  barədə rektor  Kamal Abdullanın  maraqlı  sözləri  var: “Biz  universitetimizin     reytinqinin  yüksək olması  üçün  çalışmadıq. Öz gündəlik  işimizi həmişəki kimi vicdanla  yerinə  yetirməyə  çalışdıq. Heç  bir  reytinq  barədə düşünmədik. Düşünsəydik,  bəlkə də  alınmazdı”.                                                                                                                                                       

Bu il Azərbaycan Dillər Universitetinin yaranmasının 75  illiyini təntənəli şəkildə bayram edəcəyik. Çox fəxr edirəm ki,  mən də bu möhtəşəm ali məktəbin tələbəsi  olmuşam. Bu universitetin verdiyi bilikdən bu gün də bəhrələnirəm,  şagirdlərə dolğun  çatdırılmasına çalışıram. İnanıram ki, Universitetin yubiley tədbirlərində  yaxından  iştirak  edəcəyəm. Müasir  Azərbaycanı, onun   iqtisadiyyatını ingilis  dilisiz təsəvvür etmək  mümkün deyil. Müasir tələbat, standartlar bunu tələb edir. 

Uğurlar, ADU! Tezliklə görüşəcəyik! 75 yaşın mübarək!!

Ağdam rayonu 47 nömrəli tam orta məktəbin direktoru Zülfiyyə Əliyeva