XƏBƏRLƏR

Beynəlxalq Ədəbiyyat və Kitab Festivalı ADU tələbələrinin müxtəlif dillərdə salamlama mərasimi ilə açılıb

06 iyun, 2023

İyunun 5-də AMEA-nın Əsas binasının önündəki Elmlər Akademiyası parkında İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının (II LitBookFest) açılışı olub.

Festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Yunus Əmrə İnstitutu, İLESAM və digər qurumların dəstəyi ilə keçirilir.

Festival Azərbaycan Dillər Universitetinin tələbələrinin 12 dildə salamlama mərasimi ilə açılıb. 

Qeyd edək ki, 11 iyun tarixinədək davam edəcək festival çərçivəsində təşkil olunan kitab yarmarkasında müxtəlif nəşriyyatlar iştirak edirlər. Festival hər gün bir ölkənin adı ilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Macarıstan günü kimi adlandırılacaq. Eyni zamanda müxtəlif elmi konfranslar, simpoziumlar, şeir saatları, imza günləri təşkil olunacaq. Həmçinin builki festivalda ilk dəfə olaraq yay kinoteatrı formatında filmlərin nümayişi də gözlənilir.