XƏBƏRLƏR

Qafqaz dilləri və mədəniyyətləri

05 iyun, 2023

Azərbaycan Dillər Universitetində Magistratura səviyyəsində 2-ci kurs  Qafqazşünaslıq ixtisası üzrə “Qafqazda dil və mədəniyyətin əsaslarının formalaşması”  adlı yeni fənn tədris olunub. Dərsin təşkili digər dərslərdən fəqlilik təşkil edib. Bu, M21-132-ci qrup magistrantları üçün yenilik olub. Dərsin  yeni və cəlbedici tərəfi ondan ibarət idi ki, dərs bir müəllim tərəfindən tədris edilmirdi. Dərs prosesinə iki əsas müəllim (Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, dos. Jalə Qəribova və universitetin Erməni Dili Araşdırmaları Mərkəzinin elmi işçisi Vüqar Həsənov) cəlb olunmuşdu. Bundan başqa, tədris prosesinə adı çəkilən dillərin daşıyıcıları, eləcə də bu dilləri uzun illər boyu araşdıran tədqiqatçılar da qonaq mühazirəçi və ya təqdimatçı kimi cəlb ediliblər. Dərs prosesində həm ümumilikdə Qafqaz xalqlarının, həm də Azərbaycanda yaşayan Nax-Dağıstan xalqlarının dilləri və mədəniyyətləri, eləcə də bu dillərin sosiolinqvistik mənzərəsi haqqında ümumi məlumat verilib. Fənn çərçivəsində bir neçə dil üzərində xüsusi olaraq dayanılıb. Bunlar Xınalıq, ləzgi, gürcü, tabasaran və udi dilləri, eləcə də Qafqaz Albaniyası dövlətinin dil kimi mövcud olmuş qədim alban dili olub. Adı çəkilən dillərə onların aid olduqları dil ailələrinin kontekstində, eləcə də, bu dillərin daşıyıcıları olan xalqların mədəniyyəti, dini inancları, yayılma arealı, həmçinin tarixi və etnoqrafiyası ilə əlaqədə nəzər salınıb. 

Qafqaz dil ailəsinə aid olmasa da və Qafqazın yerli dillərini təmsil etməsə də, dərs prosesində erməni dilinin tarixindən, eləcə də, erməni dilinə Azərbaycan dilinin təsirindən də söhbət açılıb. 

Dərs müddətində yerli dillərin araşdırılması yönündə müasir tədqiqat metodlarından, sahə işinin xüsusiyyətlərindən, dil faktlarının toplanılması və emalı prosesindən də söhbət açılıb. Dərs yerli xalqların yaşadıqları ərazilərə gedilərək həmin xalqlarla təmas əsasında toplanmış müvafiq dil materiallarını – bu dillərin leksik fondunu, səs sistemini və struktur özəlliklərini əks etdirən nümunələr əsasında tədris edilib. 

İlk olaraq tələbələr Xınalıq dili haqqında geniş məlumatlandırılıb, xınalıqlıların yerli mədəniyyəti, adət-ənənələri, dili haqqında öyrəniblər. Bu dərslər dos. Jalə Qəribova tərəfindən aparılıb. Qeyd etməliyik ki, Xınalıq dilinin struktur özəllikləri ilə tanışlıq  dünyanın dil çeşidliliyinin nə qədər zəngin olmasını və bu zənginliyin qorunmasının əhəmiyyətini göstərdi. Xınalıq dilindən gətirilən nümunələr əsasında dillərin morfoloji və sintaktik quruluşlarının indiyədək qarşılaşılmayan özəllikləri ilə tanış olunub və bu dünyanın dil mənzərəsinə olan marağın artmasına səbəb olub. Dərs prosesində Xınalıq dili ilə bağlı Azərbaycan Respublikasında yürüdülən dil və təhsil siyasətinə də toxunulub, Xınalıq dilində nəşr edilmiş dərsliklər, məlumat kitabları və digər resurslar və yazılı ədəbiyyat haqqında da geniş məlumat verilib.

Vüqar Həsənovun dərslərində erməni və gürcü dillərinin ümumi özəlliklərinə nəzər salınıb, bu dillərin əlifbalarının inkişaf yolunu müzakirə edilib və Azərbaycan dilinin bu dillərə təsiri haqqında nümunələr əsasında məlumat əldə edilib.

Dərslərdən biri Alban dilinin tarixinə və Alban əlifbasına həsr edilib. Dərsə müsafir qismində dəvət edilmiş müstəqil araşdırmaçı Cavidan Ağayev fərqli mənbələrdən toplanılan məlumatlara əsasən, Alban əlifbasının hansı üsulla deşifrə edilməsi və Alban dilində olan mətnin hansı yolla transliterasiya və tərcümə edilməsi haqda çox maraqlı və əhatəli təqdimat edib, Alban dilinin yazılı mənbələrinin tarixi, aşkarlanması, müasir dövrdə tədqiqatı ilə bağlı hərtərəfli məlumat verib. Bundan başqa, Alban dilinin strukturunun özəllikləri nümunələr əsasında izah edilib. Yüksək səviyyədə hazırlanmış təqdimat çərçivəsinə Cavidan Ağayev Alban dilində yazıların və mətnlərin yer aldığı müxtəlif örnəkləri də nümayiş etdirib. 

Kurs müddətində eyni zamanda, ləzgi və tabasaran dilləri haqqında məlumat əldə edilib, bu dillərin daşıyıcılarının tarixi və mədəniyyəti haqqında danışılıb. Bu mövzuda bir neçə dərsi isə müsafir qismində dəvət edilmiş, Fransa təhsilli və hal-hazırda Fransada tabasaran dilini tədris edən Aytən Babalıyeva tədris edib. Ləzgi və tabasaran dillərinin yayılma arealı, sosiolinqvistik mənzərəsi, dil daşıyıcılarının dilə münasibəti, ləzgi dili üçün tərtib edilmiş әlifbalar, dilin tәdrisi, kütlәvi informasiya vasitәlәrindә işlәnmәsi, elmi tәdqiqi, eləcə də, bu dillərin Fransada da öyrənilməsi haqqında eşidilənlər bu dillərin öyrənilməsinə və tədqiqinə tələbələrin marağını daha da artırıb. Bundan başqa, Azərbaycanın multilinqval və multikultral  mənzərəsinin dünyanın müxtəlif yerlərində təqdim edilməsi haqqında da məlumat verilib. 

Son dərsdə magistrantlar udi dili və udilər haqqında məlumatlandırılıb. Bu dərsdə Alban-udi xristian icmasının sədri Robert Mobili  Azərbaycanın Nic kəndində yaşayan udilərin həyat təzi, müasir və tarixən mövcud dini inancları, bir xalq olaraq tarixi inkişaf  yolları haqqında maraqlı məlumatlar təqdim edib. Robert Mobili udi dilinin və mədəniyyətinin daşıyıcısı olaraq, udilərin xristianlıqdan öncəki Aya sitayiş inancı haqqında bizi bilgiləndirib, slaydlar əsasında Nic kəndinin qədim Alban dövlətini təmsil edən tarixi abidələri əsasında məlumat verib. Diqqəti cəlb edən məqamlardan biri isə, Azərbaycan dilində artıq rastlanmayan qədim türk mənşəli sözlərin udi dilində qorunub saxlanmasını göstərən nümunələr olub. Bu, alban dövləti daxilində müxtəlik xalqalrın aralarında dil mübadiləsini və dil təmasını sübut edən faktlardır. Məhz bu faktlar əsasında doğma dilimizdə bir zamanlar mövcud olmuş sözlərin izlərini təmasda olduğumuz xalqların dillərində görə bilirik. Bu isə özü-özlüyündə çox dəyərli bir hadisədir və dillərin qorunmasının nə qədər əhəmiyyətli olduğunu göstərir. Robert Mobili həmçinin dillərin qorunması istiqamətində araşdırma aparan dünya alimlərinin udi dilinə yüksək maraq nümayiş etdirdiyini də vurğulayıb. O, qeyd etdi ki, alimlər azsaylı xalqların dillərinin əsrlərdən bəri mühafizə edilib nəsildən-nəslə ötürülməsində Azərbaycanda mövcud olan multikultural mühitin böyük əhəmiyyət kəsb etdiyi qənaətinə gəlmişlər və udi dilinin timsalında Azərbaycan modelinin dil çeşidliliyinə təsir yollarını gələcəkdə də araşdırmaq niyyətindədirlər.

Magistratura şöbəsi

Qafqazşünaslıq kafedrası

 

 

.