XƏBƏRLƏR

ADU – 75: BİR ÖMRÜN TARİXÇƏSİ

05 iyun, 2023

Universitetimizin professoru, strukturalist Məryəm Səlim qızı Qarayeva haqqında bilmədiklərimiz  

Azərbaycan Dillər Universitetinin 75 illiyi ərəfəsində

Qarşımda bir ömrün qayğılı, qayğısız anlarını özündə birləşdirən, gah saralmış, gah da əzilmiş vərəqləri dəmir sancaqla bağlanan cansız bir qovluğu çox ehtiyatla nəzərdən keçirirəm. 1926-cı il 15 iyun tarixində Şimali Çinin Mancuriya şəhərində dünyaya göz açan balaca bir körpənin həyat fəlsəfəsi nə qədər geniş və əhatəli olarmış. Atası Səlim Qara oğlu 23 yaşında ikən özündən 1 yaş kiçik Zeynəb İsrafil qızı ilə ailə həyatı qurub. Çox keçmir ki, ailədə bir körpə dünyaya gəlir. Adını Məryəm qoyurlar. Balaca Məryəm yavaş- yavaş böyüyür. Ailəsi ilə xaricdə yaşayan Səlim kişi balaca Məryəmin tərbiyəsi və təhsili ilə çox ciddi məşğul olmağa başlayır. Yeddi yaşa çatanda o iki məktəbdə - türk və rus məktəblərində təhsil alır. Məryəm böyüdükcə həyata baxışı da inkişaf edib zənginləşir. O, çoxlu dil öyrənmək həvəsinə düşür. Çin dilindən başqa, yapon, İsveç, koreya, ingilis, alman, fransız və rus dillərini öyrənməyə başlayır. O, dilləri öyrənərkən onları dil tiplərinə bölüb sonra öyrənərdi. Dillərin qrafik, qrammatik, fonetik quruluşları onu çox maraqlandırardı. Rus immiqrantın oğlu olan atası Səlim kişi qızının dilə olan həvəsini duyaraq onu Mancuriyada İngilis dili kollecinə qoyur. Eyni zamanda o, fransız məktəbində də təhsil alır. Onun orta təhsil attestatında 18 dildən imtahan verdiyi göstərilmişdir. 1944-cu ildə kolleci müvəffəqiyyətlə bitirən balaca Məryəm 1945-ci ildə ailəsilə birlikdə Monqolustana köçür. Ulan-Batorda Monqolustan Dövlət Universitetində İngilis, fransız, yapon və rus dillərində həm dərs deyir, həm də tərcüməçi işləyir. Çox keçmədən Məryəm Qarayevanı SSRİ-nin Monqolustandakı səfirliyinə işə götürürlər. 1955-ci ilə kimi səfirlikdə tərcüməçi-referent, 3-cü, 2-ci, 1-ci katib və nəhayət səfirin 1-ci müavini vəzifələrində çalışıb. 8 il səfirlikdə çalışandan sonra 1955-ci ilin iyulun 15-də ata-anası ilə birgə keçmiş SSRİ Xarici işlər nazirliyinin icazəsilə Bakıya köçür. Əvvəlcə bibisigildə yaşayan Qarayevlər ailəsi sonra Bakıda keçmiş “Ketsxoveli” küçəsində 547-ci kvartal, 11 saylı evə köçürlər. Həmin ilin avqustunda Məryəm Qarayeva 29 yaşında Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda İngilis dilinin Qrammatikası kafedrasında laborant vəzifəsinə işə götürülür. 1957-ci ilin yanvarından həmin ilin iyununa kimi xüsusi proqram əsasında imtahan verərək 6 ay ərzində institutun tam kursunu bitirmək haqqında diplom alır. Artıq Məryəm xanım püxtələşmiş bir dilçi mütəxəssis kimi ölkədən xaricdə tanınmağa başladı. Onun elmi məqalələri keçmiş ittifaqın bir sıra nüfuzlu ali məktəblərinin toplularında dərc olunurdu. İti hafizəyə , dərin elmi düşüncəyə malik olan Məryəm xanım 1957-ci ilin payızında Moris Torez adına Moskva Pedaqoji Xarici Dillər İnstitutunun aspiranturasına qəbul olunur. 1961-ci ilin dekabrında aspiranturanı bitirib və yenidən doğma Bakıya qayıdaraq əvvəlki iş yerində işləməyə davam edir. 1964-cü ildə “Müasir ingilis dilində post-pozitiv önlüklər” mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. 1965-ci ildə SSRİ Ali Attestasiya komissiyasının qərarı ilə ona filologiya elmləri namizədi alimlik dərəcəsi verilir. 1967-ci ildə Məryəm xanım dilçilik sahəsindəki xidmətlərinə görə dosent elmi rütbəsini alır. Uzun müddət qrammatika kafedrasında işləyəndən sonra M.S.Qarayeva 1970-ci ildə Roman-German filologiyası kafedrasına rəhbərlik etməyə başlayır. O, Universitetimizdə struktur dilçilik üzrə aparıcı alimlərdən biri idi. Məryəm xanım müxtəlif sistemli dillərdə çox asanlıqla danışa və yaza bilirdi. O, 22 dildə sərbəst danışır və yazırdı. İngilis, fransız, alman, yapon, çin, italyan, koreya, rus, polyak, monqol, ispan, ərəb, macar, norveç , bolqar, portuqal, tatar, kazak, türkmən, yakut, türk və Azərbaycan dillərini mükəmməl bilirdi. O dillərdə çoxlu elmi məqalə və tezislər də yazırdı. Dilçilikdə mövcud dil tiplərini-analitik, flektiv, aqlütinativ və inkorporlaşan dilləri (yakut dili) Məryəm xanım çox mükəmməl təhlil  edirdi. Ondan aldığım dərs mənə sonralar dilçilik elminə olan marağımı son dərəcə artırdı və elmi rəhbərim olaraq onun haqqında çox zəngin axtarışlara başladım.

Məryəm xanım haqında dəyərli fikirlər məhz onu tanıyan dilçi alimlərin qələmindən süzülürdü.

İngilis dilinin leksikası kafedrasının keçmiş müdiri: dos.R.Y.Barsuk:

“M.S.Qarayeva 1956-57-ci illərdə Avropa dilləri üzrə xüsusi proqramı yerinə yetirərək institutumuzun fərqlənmə diplomunu almışdır. 6 ay ərzində 5 illik proqramı yerinə yetirmək yalnız dilə xüsusi istedadı olan adama xas ola bilərdi. Məryəm xanım belə şəxslərdəndir. O ingilis dilini mükəmməl bilməklə 22 dildə sərbəst danışa bilirdi. Bu Allah vergisidir. Çoxlu doktorant və dissertantlara rəhbərlik etmişdir. Onunla elmi mübahisəyə girmək çox çətin idi. Doktorantları və dissertantları xüsusi ilə çox işlədirdi. Hər doktorant və dissertant onun tələbkarlığına dözə bilməyib elmdən vaz keçirdi. Bu bir talant və vergi idi."

M.Torez adına MDPXDI-nın aspirantura şöbəsinin müdiri: prof. L.Salomatina:

“M.Səlimovna aspiranturada oxuduğu müddətdə (l oktyabr 1957- 1 yanvar 1961) xüsusi istedad sahibi kimi tanınırdı. Onun rəfiqələri onu “strukturalist" adlandırırdılar. Biz də onu o cür çağırırdıq. Çox zəif, arıq bir qız idi. İngilis dilni mükəmməl bilirdi. Elmi düşüncəsi və dil bilmə qabiliyyəti çox güclü idi. Çox qəribəsi onda idi ki, o bizim xarici tələbələrimizlə elə onların öz dilində danışırdı. Latın Amerikasından, Nikaraquadan, Fələstindən, Koreyadan, Monqolustandan, Afrikadan çoxlu tələbələrimiz var idi. Hamının dilini çox gözəl bilirdi. Bir gün onu yanıma çağırıb dedim ki, siz axı bu dilləri harada öyrənmisiniz? Cavabı çox qısa oldu. “Anam Zeynəbin laylasını 28 dilə tərcümə edə-edə". Məryəm Səlimovna Ferdinand De Sössürün dilçilik baxışlarını da çox mükəmməl təhlil edirdi. Struktur dilçilik məktəblərinə marağı güclü idi. Mən onu belə tanıyırdım".                                                                                                                 

Çoybalsan adına Monqolustan Dövlət Universitetinin tədris və elmi işlər üzrə prorektoru: prof.Surenxorlo: “Məryəm Səlimovna sentyabr 1946-cı ildən iyul 1955-ci ilə kimi Universitetimizdə ingilis və rus dillərindən dərs deyirdi. Çox savadlı və tələbkar müəllim idi. Hər iki dildə sərbəst danışırdı. O burada monqol dilini də öyrənirdi. Heç yorulmurdu. İşə məsuliyyətlə yanaşırdı. Elmi xəbərlər toplumuzda məqalə və tezislərlə tez-tez çıxış edirdi. Çox müxtəlif tipli dillərdə danışırdı. Dərsdən sonra tərcüməçiliklə məşğul olurudu. SSRİ-nin Monqolustandakı səfirliyinə tez-tez çağırılırdı. Əvvəl şübhələnmişdik, sonra bəlli oldu ki, Məryəm Səlimovna tərcüməçiliyə görə dəvət olunur. Ondan həmişə razılıq edirdilər. 

Monqolustan Xalq Respublikasının Xarici İşlər nazirliyinin konsul şöbəsinin müdiri cənab Şuxur: “Məryəm Səlimovna SSRİ-nin Monqolustandakı səfirliyində işləyərkən bizimlə çox sıx əməkdaşlıq edirdi. Simpoziumlarda, konfranslarda və rəsmi görüşlərdə onu tez-tez görürdüm. Bacarıqlı insan idi. Monqol və rus dillərində çox yaxşı danışırdı. İngilis dilni əla bilirdi”.

1975-80-ci illərdə Universitetdə oxuduğum dövrdə Məryəm xanım 2-ci kursda mənə “Nəzəri qrammatika” fənnindən dərs deyirdi. Onun mühazirəsi həmişə maraqlı olurdu. İlk tanışlığımız elə dərs vaxtı oldu. Otaq çatışmadığı üçün dekanımız professor Fikrət Seyidov onun  mühazirəsini akt zalına salırdı. Qabaqda 2-ci cərgədə otururdum. Mühazirəsindən qeydlər götürürdüm. İngilis dilində tez-tez danışdığı üçün qeydləri götürmək çətin idi. Bir dəfə ona dedim ki, Məryəm xanım, olarmı bir qədər aramla danışasınız ki, qeydlər götürə bilək? İngiliscə cavab verdi ki, “Əgər istəyirsiniz ki, məni başa düşəsiniz tələffüz etdiyim sait səslərə fikir verin, onda mənim nitq sürətimin normal olduğuna əmin olarsınız”. Çox tələbkar idi Məryəm xanım. Dərs qurtarandan sonra onun işlədiyi kafedraya getdim. Onda TEC-ə tezislər yığırdılar. Kafedra 4-cü mərtəbədə idi. 2 otaqdan ibarət idi. 1-ci otaqda laborant Vaqif Qəmbərovla rastlaşdım. Məryəm xanımın kafedrada olduğunu öyrənəndən sonra dar uzun bir otağa keçdim, otaqda rəhmətlik Faiq Mürsəlov, Məlumat Nurəddinov Məryəm xanımla söhbət edirdilər. Mən ona elmi işlə məşğul olmaq istəyimi bildirdim. Çox xoşu gəldi və məni mühazirədən tanıdığını dedi. Çoxlu elmi ədəbiyyatların siyahısını mənə verdi və dedi ki, bunları tapıb oxuyandan sonra qısa icmalını mənə gətirərsən, sonra mövzunun adını müəyyənləşdirərik. Noyabr ayı idi. Bir ay ərzində təklif etdiyi kitabları tapıb nəzərdən keçirtdim. C.Laynsm. İ.Melçukun, A.Muxinin, A.Xolodoviçin və başqalarının kitablarını rus dilində oxumaq çox çətin idi. Əlbəttə ki, bu çətinlikləri Məryəm xanıma dedim. Cavabında “kənək qozu sındırıb ləpəsini çıxartmaq da çox çətindir. Amma onu yemək asan və ləzzətlidir”, deyə bildirdi. Tələbə elmi cəmiyyətində çıxış etmək də 2-ci kurs tələbəsi kimi mənə çox çətin və məsuliyyətli görünürdü. Hazırladığım xülasəni ona təqdim etdim. Oxuyandan sonra mənə felin növ kateqoriyasına aid bir mövzu verdi və yaxşı hazırlaşmağımı tapşırdı. Mən o zaman “Fonetika” fənnini də gözəl oxuyurdum. İngilis dilinin Amerika variantının fonetik, qrammatik və leksik variantları ilə çox məşğul olurdum. Fel mövzusu mənə həddindən artıq maraqlı gəldi və passiv konstruksiyalarla məşğul olmağa başladım. Beləliklə, mən Məryəm xanımın sevimli tələbəsi oldum. TEC-də hər il, həm universitetdə və həm də respublika konfranslarında layiqli yerləri götürürdüm. Artıq 3-cü kursda oxuyanda TEC-in Universitet və Respublika konfranslarında 1-ci yerə çıxdım. 1977-ci ilin iyun ayında Məryəm xanım məni yanına çağırdı və tezisimin çox yüksək səviyyədə dəyərləndirildiyini deyərək təbrik etdi və ilk dəfə olaraq Dünya tələbələrinin konfransına dəvət olunduğumu bildirdi. Beləliklə, keçmiş Azərbaycan SSRİ-nin Komsomol Komitəsinin Mərkəzi  Aparatının nəzdində olan “Sputnik” cəmiyyətinin xətti ilə Polşa Xalq Respublikasının Varşava Universitetində keçirilən Dünya tələbələrinin VII elmi konfransına dəvət aldım. Tezisimi Məryəm xanımın rəhbərliyi ilə İngilis dilinə tərcümə etdim və “Qlavlit” deyilən təşkilata təqdim etdim. Mənimlə birgə Məryəm xanımın rus bölməsində oxuyan Kaplan adlı  tələbəsi də var idi. Yadımdadır, o vaxt bizi “Sputnik” cəmiyyətində sədr Suçkov, xarici əlaqələr şöbəsinin müdiri Yegizarov çox sorğu-sual etdilər və nəhayət iyulun 7-də yola düşdük. Çox maraqlı səfər idi. Konfransdan sonra 1 həftə bizi Polşanın görməli yerləri ilə tanış etdilər. Mən çoxlu dost qazandım və sonralar onlarla SSRİ dağılana qədər məktublaşırdım. Ona görə Məryəm xanıma hədsiz minnətdarlığımı bildirdim. Universiteti bitirəndən sonra Məryəm xanımla həmişə əlaqə saxlayırdım. 1981-ci ildə onun rəhbərliyi altında elmi iş götürmək qərarına gəldim. Məryəm xanım mənə razılığını bildirəndən sonra mənbələr üzərində çoxlu işləməyimi tapşırdı. 1989-cu ilə qədər çoxlu mənbələrə müraciət etdim. Məryəm xanım bir alim kimi daim mənim axtarışlarımla maraqlanırdı. 1989-cu il oktyabr ayında “Müasir ingilis dilində erqativ fellərin konfiqurasiyası” mövzusunda dissertasiya işimin adı təsdiq olundu və elmi rəhbər kimi Məryəm Qarayeva təyin olundu. 10 il ərzində Məryəm xanımın rəhbərliyi altında tədqiqat işimi nəhayət ki, başa vurdum. Onun sayəsində mən dünya dilçilərinin F.de Sössürün, Ç.Filmorun, A.A.Xolodoviçin, V.Q.Admoninin, U.L.Çeyfin, E.Q.Şubnayanın, C.Laynzın əsərlərini oxudum və təhlil etdim. Rəhmətlik Məlumat müəllim deyirdi ki, Məryəm xanımdan rəy almaq hər kişinin işi deyil. 8 mart bayramında hamımımz onun evinə toplaşırdıq, rəhmətlik Faiq Mürsəlov, Məlumat Nurəddinov, Möminat Ömərova və mən Məryəm xanımla bayramlaşmağa gəlirdik. Artıq dissertasiya işimi tamamlamışdım. 1999-cu ilin martın 7-də yenə Məryəm xanımgilə bayramlaşmağa gəldik və orada Məryəm xanım bildirdi ki, Salman mənim sonuncu dissertantımdır ki, tədqiqat işini tamamlayıb. O, mənə rəyi təqdim edəndə hamı kimi mən də kövrəldim, düşündüm ki, həyat nə qədər keşməkeşlidir. Uzun həyat yolu qət etmiş bir dilçi alim öz yetişdirdiyi alimlərin arasında necə də xoşbəxt görünürdü...

1999-ilin sentyabrın 15-də Bakı Dövlət Universitetində dissertasiya işimin müdafiəsi idi. Mən Məryəm xanımı müdafiəyə dəvət etmək üçün evinə getdim. Çox ağır xəstə idi. Qocaman dilçi, elm fədaisi yataqda olarkən mənə uğur dilədi və müdafiəyə gələ bilmədiyindən təəssüfləndiyini bildirərək bacısına məni yola salmağı tapşırdı. Bəli, Məryəm xanımın sözləri mənə çox ümid verdi və mən dissertasiyamı müvəffəqiyyətlə müdafiə etdim.

Əziz oxucu, bu bir ömrün hekayəti idi ki,sizinlə bölüşdüm. Bilirəm bu hekayəti oxuyan Məryəmsevərlər, universitetimizin dəyərli müəllimləri, alimləri, professorları bir qədər kövrələnəcəklər. Amma yox. Bu gün daha güclü alimlərimiz yetişir.

Elm, sənət məbədi, müstəqil Azərbaycan Respublikasının çiçəklənməsi, onun elmi potensiyalının zənginləşməsi üçün Azərbaycan Dillər Universiteti hələ neçə-neçə belə alim yetişdirəcək. 

SALMAN S. NURİYEV

Filologiya üzrə fəlsəfə doktoru, dosent,Təhsil 2 fakültəsinin dekanı