XƏBƏRLƏR

ADU-nun pedaqoji təcrübədə olan tələbələri tərəfindən Ulu öndərin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

01 iyun, 2023

  Azərbaycan Dillər Universitenin (ADU) Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi Elnurə Əliyevanın rəhbərliyi ilə həmin fakültənin 27 nömrəli tam orta məktəbdə pedaqoji təcrübə keçən 406 a qrup tələbələri, təhkim olunduqları siniflərin şagirdləri ilə birgə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Ulu bir sərkərdə, ulu bir öndər” adlı tədbir keçirib.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Aparıcılar- qrup nümayəndəsi Elmira Orucova və həmin qrupun tələbəsi Rüfət Kazımov tədbir haqqında məlumat verib.

Tələbələr- Zərifə Talıbova, Nigar Əzizli, Məcburə Mustafayeva, Aydan Bəşirli, Sənubər Qayıbova və Aynişanın Hüseynova Ulu öndərin müxtəlif sahələrdə olan fəaliyyətinə dair ingilis dilində çıxış ediblər.

Tədbir zamanı Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olunub, 4 c, 4 a, 4 b, 7 b, 7 c, 8 e sinif şagirdləri tərəfindən Azərbaycan, ingilis və rus dillərində şeirlər səsləndirilib, məlumatlar təqdim olunub. 4 b sinif şagirdi Fatimə Bayramlı və 8 c sinfinin şagirdləri tərəfindən “Bayraq” rəqsi nümüyiş olunub. Həmçinin şagirdlərin ifasında “Küçələrə su səpmişəm” xalq mahnısı səsləndirilib.

Bildirilib ki, 8c sinif şagirdi Məryəm Qasımlının tələbələrlə birgə hazırladığı rəsm, məktəbin zalında Ulu öndərin yubileyi ilə bağlı hazırlanmış divar qəzetində, stend şəklində nümayiş olunub. Eyni zamanda Ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına yazılmış kitablardan ibarət sərgi də düzəldilib.

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Arzu İbrahimova tədbirlə bağlı öz fikirlərini söyləyib, tələbələrə xoş arzularını bildirib. 4 c sinfinin rəhbəri Şəhla Budaqova çıxışında Ulu öndərin fəaliyyətini yüksək dəyərləndirib, 406 a qrupunun rəhbəri Elnurə Əliyeva isə Ulu öndər Heydər Əliyevin dahi şəxsiyyət kimi hər bir insanın həyatında ulu bir sərkərdə, ulu bir öndər olaraq iz buraxdığını qeyd edib. O, həmçinin tədbirin keçirilməsində köməyi olan hər kəsə- məktəb kollektivinə, şagirdlərə və 406 a qrup tələbələrinə təşəkkürünü bildirib.