ADU - 75. Tərbiyə işlərinin təşkili haqqında xatirələrim
Hər bir müəssisənin tarixində elə bir məqam yaranır ki, qayıdıb keçmişə nəzər salmaq, olub-keçənləri saf-çürük etmək, yol verilmiş nöqsanların səbəbini araşdırmaq, qazanılmış uğurları göz qabağına gətirərək qürur hissi keçirmək kimi nəcib arzular meydana çıxır.
Xüsusən, ömrünün böyük bir hissəsini keçirdiyin və bu gün 75 illiyini qeyd etməyə hazırlaşan doğma universitetin zəngin hadisələrlə dolu şahidi olduğun ayların, illərin hər anını xatırladıqca həm kövrəlir, həm də əldə edilmiş nailiyyətlərə görə fərəhlənir, belə bir kollektivdə işləməyindən və həmin təhsil ocağının xalqımızın, dövlətimizin inkişafı naminə gördüyü əvəzsiz xidmətdən məmnunluq hissi duyursan. Nailiyyətlər isə heç də az olmayıb.
Tələbələrimizin istər tədris, istər elm, istərsə də mənəviyyat sahəsində qazandıqları nailiyyətlər universitetimizin digər ali məktəblər arasında nüfuzunun yüksək olmasında mühüm rol oynayıb.
Əsas vəzifəsi pedaqoji kadrlar hazırlamaq olsa da, burada tələbələrin ümumi dünyagörüşünün formalaşması, mənəviyyatca sağlam, möhkəm əqidəli, vətənpərvər şəxsiyyətlər kimi yetişmələri istiqamətində həmişə məqsədyönlü iş aparılıb. Keçirilən bütün tədbirlər dövlətçiliyimizin möhkəmlənməsinə, müstəqiliyimizin dönməz və əbədi olmasına, tələbələrin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, mənəvi cəhətdən sağlam, geniş dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına kömək etmək məqsədi güdmüş və qazanılmış nailiyyətlərin əsasını təşkil etmişdir. Təsadüfi deyildir ki, tələbələrimiz arasından yüksək səviyyəli müğənnilər, rəqqaslar, aktyorlar, rəssamlar, dünyaşöhrətli idmançılar yetişmişdir. Universitetimizdə hələ keçən əsrin 60-cı illərində böyük şöhrət tapmış dram dərnəyi, mahnı və rəqs ansamblı o zamankı SSRİ-nin bir çox respublikalarını gəzmiş, gözəl ifaçılığı ilə tamaşaçıları heyran qoymuşdu. 1965 - 1970-ci illərdə universitetimizin tələbəsi olmuş Elmira Rəhimova Azərbaycan vokal sənətinin inkişafındakı xidmətlərinə görə Xalq artisti adına layiq görülmüşdür.
Həmin illərdə Qrammatika kafedrasının müəllimi, mərhum Eldar Sadıqovun rəhbərlik etdiyi dram dərnəyinin uğuru daha böyük olmuşdur. Avropa dilləri fakültəsinin dekanı, dosent İsmixan Rəhimovun təklifi ilə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun tələbəsi Rauf Nağıyev ingilis dili fakültəsi tələbələrinin iştirakı ilə V. Şekspirin “Otello” əsərinin ingilis dilində tamaşasını hazırlamışdı. Otello rolu o vaxt V kursda oxuyan Eldar Sadıqova tapşırılmışdı. Əsərin ilk tamaşaçı həmin il M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında şəhər ictimaiyyətinə göstərildi. Tamaşa müvəffəqiyyətlə keçdiyindən 1966-cı ildə ikinci dəfə bəzi ifaçılar dəyişilməklə yenidən səhnəyə çıxarıldı. E. Sadıqovun rejissorluğu ilə hazırlanan tamaşa bu dəfə S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram teatrında oynanıldı. E. Sadıqov bu zaman incəsənət institutunun rejissorluq fakültəsində qiyabi təhsil alırdı. İkinci tamaşa birincidən də uğurla keçdi. İnstitut dram dərnəyinin üzvləri 1966-67-ci illərdə C. Məmmədquluzadənin “Ölülər” əsərini ingilis dilində, Ü. Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasını alman dilində institutun səhnəsində, Rodzinskinin ”Məhəbbət haqqında 104 səhifə” komediyasını S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram teatrında müvəffəqiyyətlə tamaşaya qoydular. 1970-ci ildə “Hamlet” əsərini tamaşaya hazırlayarkən Eldar müəllim artıq peşəkar rejissor idi. İnstitut tələbələrinin iştirakı ilə “Hamlet” tamaşası (təbii ki, Hamlet rolunun ifaçısı Eldar Sadıqov idi) 1970-ci ilin aprel ayında M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının səhnəsində ingilis dilində yüksək səviyyədə oynanıldı. Tamaşanın müvəffəqiyyət qazanmasında respublikanın xalq artisti Rza Təhmasibin də mühüm rolu olmuşdur.
Tələbələrimiz bu istiqamətdəki fəaliyyətlərini sonrakı illərdə də davam etdirmiş, bir çox uğura imza atmışlar.
2000-ci illərin əvvələrində universtitetdə tərbiyə prosesinin elmi şəkildə təşkili, bu prosesin əhatə etdiyi bütün aspektlərin nəzərə alınması, tərbiyə işini bilavasitə həyata keçirən strukturların fəaliyyyətinin əlaqələndirilməsi, idarə olunması, görülən işlərə nəzarət edilməsi və uçotunun aparılması istiqamətində səmərəli iş aparıldı. Qısa müddətdə “Mahnı və rəqs ansamblı”, “Yeddi gözəl”, “ Şən və hazırcavablar klubu”, dram dərnəyi, xor dərnəyi, “Ülvi” adına ədəbi məclis, “Gənc diplomatlar”, “Debat qrupu”, “Gənc tərcüməçilər qrupu”, “Breyn-ring” və s. yaradıldı və universitetin yüzlərlə tələbəsi bu dərnək və qrupların işinə cəlb olundu, professor-müəllim heyətinin qüvvəsindən də səmərəli istifadə edilməyə başlandı. Dram dərnəyi Xalq yazıçısı Kamal Abdullanın “Bir, iki bizimki” əsərinin ingiliscə tamaşasını hazırladı.
2003- cü il noyabrın 13-də ADU-nun akt zalında əsərə ictimai baxış keçirildi. Əməkdar incəsənət xadimi Zirəddin Tağıyevin quruluşunda universitetin III-IV kurs tələbələri Zülfiyyə Quliyeva, Nurlana Nəsibova, Elvin Seyidov və İsa Əhədov onlara tapşırılmış rolların öhdəsindən bacarıqla gəldilər.
Əsərin müəllifi Kamal Abdulla, ADU-nun sabiq rektoru Səməd Seyidov, tərcüməçi Zeydulla Ağayev və tamaşaçılar tamaşanın quruluşundan və aktyorların ifaçılığından razı qaldılar, onların təklifi ilə əsərin Bakı Slavyan Universitetində, sonra isə Azərbaycan Dövlət Akademik Dram Teatrında qoyulması qərara alındı.
2004-2011–ci illərdə dövlət ali məktəbləri arasında APİ-dən sonra yeganə xor dərnəyi universitetimizdə fəaliyyət göstərirdi. Məşhur bəstəkar, respublikanın xalq artisti, “Humay ” milli mukafatı laureatı Azər Dadaşovun və istedadlı xor müəllimi Ədilə Mehdiyevanın rəhbərliyi ilə universitetin xor dərnəyi Respublika Həmkarlar Təşkilatının və Təhsil Nazirliyinin hər il ali məktəblər arasında keçirdikləri musiqi festivallarında uğur qazanırdı.
A. Dadaşovun 2011-ci ildə B. Vahabzadə və T. Fikrətin sözlərinə xor və simfonik orkestr üçün bəstələdiyi “Bir millət, iki dövlət” mahnısı ilk dəfə ADU-nun xor dərnəyində ifa olunub.
Universitetimizin məzunları arasında respublikanın əməkdar artistləri Elxan Şirinov, Lalə Məmmədova, tanınmış müğənni və aktrisa Elnarə Xəlilova bu günə kimi universitetlə əlaqələrini kəsmirlər.
Universitetin “Şən və hazırcavablar komandası” da böyük uğur qazanmış, 2003-cü ildə Bakı çempionatının kubokunu almışdır.
Tələbələrin və gənc müəllimlərin mənəvi tərbiyəsində “Cığır” ədəbi dərnəyinin də müəyyən rolu olmuşdur. Bədii əsərlər yazan və tərcüməçiliklə məşğul olan istedadlı gəncləri ətrafında toplamış “Cığır” ədəbi dərnəyi uzun illər ərzində “Bilik ” qəzetinin nəzdində mərhum şair, pedaqogika kafedrasının dosenti Allahverdi Tağızadənin rəhbərliyi altında fəaliyyət göstərmişdir.
Dərnəkdə bəyənilən şeir, hekayə və tərcümə əsərləri adətən “Bilik” qəzetində dərc edilirdi. Qəzetin redaktoru Zeydulla Ağayevin özü istedadlı yazıçı və tərcüməçi olduğundan dərnəyə fitri qabiliyyəti olan müəllim və tələbələri toplaya bilmişdi. Öz yaradıcılıqları ilə respublikada tanınmış A. Tağızadə, Ə. Rza, Z.Ağayev, V.Ərəbov, M. Türkanlı, jurnalist Ə. Əliyev və qəzetin əməkdaşlarından M. Teymurlunun bir çox əsəri ilk dəfə məhz “Bilik” qəzetində işiq üzü görmüşdür. 2001-ci ildən “Poliqlot” adı ilə çap olunan qəzet bu gün də fəaliyyətini uğurla davam etdirir.
Universitetin son beş ildə qazandığı uğurlar onun 75 illik tarixində xüsusi mərhələ təşkil edir. Bu nailiyyətlər universitetin bütün struktur bölmələrinin düzgün müəyyən edilmiş strateji plan əsasında qarşıya qoyulmuş vəzifələrə məsuliyyətlə yanaşması, rəhbərliklə kollektiv arasında qarşılıqlı anlaşma, bir-birini dəstəkləmə, bütün qüvvəni universitetin ümumi inkişafına yönəltmək yolu ilə əldə edilmişdir. Bu prosesdə müəssisə rəhbərinin şəxsi keyfiyyətləri, kollektivlə ünsiyyət qurma bacarığı, yenilikçiliyi, təşkilatçılıq və təşəbbüskarlıq qabiliyyəti, demokratik dünyagörüşünə malik olması, kollektivdə sağlam mühit yarada bilmək bacarığı mühüm rol oynayır. Uzun illik rəhbərlik təcrübəsində idarəetmənin açarı olan bu keyfiyyətləri özünəməxsus bir fəhmlə əxz etmiş ADU-nun rektoru, akademik Kamal Abdulla çox qısa bir vaxt ərzində universitetin əvvəlki uğurlarını çevik manevr sayəsində bir neçə dəfə artırmağa, respublikanın ali məktəbləri arasında aparıcı təhsil ocaqlarından birinə çevrilməsinə nail oldu. Güclü liderlik qabiliyyəti, intellektual səviyyəsi və biliyi, özünə inamlığı, qətiyyətliyi, ötkəmliyi, kollektivdə işgüzar, mehriban ünsiyyət şəraiti yaratma bacarığı bu çətin, lakin şərəfli işdə onun uğur qazanmasının əsası oldu. “Mən heç bir tələbəni müəllimin ayağına, heç bir müəllimi də tələbənin ayağına vermərəm” kimi humanist ideyanı idarəçilik prinsipinin atributuna, rekorluq vəzifəsinin aparıcı istiqamətinə çevirmiş hörmətli akademik az bir müddətdə bütün kollektivin, o cümlədən tələbələrin sevimlisinə çevrildi. Təsadüfi deyildir ki, tələbələr arasında aparılmış sorğu nəticəsində “Ən yaxşı rektor” tituluna layiq görülmüş iki rektordan biri məhz Kamal müəllim oldu.
Respublikanın ictimai-siyasi həyatında böyük nüfuz sahibi olan dünya şöhrətli yazıçı universitetin bugünki fəaliyyətini böyük ustalıqla nizamlayır, bütün qurumların iş keyfiyyətlərinin müasir tələblər səviyyəsində qurulması üçün əlindən gələni edir. Onun bilavasitə rəhbərliyi, bir çox hallarda iştirakı ilə tədris, elm və mənəviyyatla bağlı tədbirlərin keçirilməsi ənənəvi xarakter almış, iş üslubuna çevrilmişdir.
Təşkil olunan tədbirlərdə müəllim və tələbə kollektivi birlikdə iştirak edir, tədbirin səmərəli olmasına çalışırlar. Bu tədbirlər son zamanlar daha intensiv və təşkilatçılıq cəhətdən daha mütəşəkkil olmuşdur. Filologiya və jurnalistika fakültəsinin nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi Könül Fərəcbəylinin rəhbərliyi ilə Təhsil fakültəsinin IV kurs tələbələri 2018-ci ilin dekabr ayında tanınmış ingilis yazıçısı Ceyn Oustinin məşhur “Qürur və qərəz” əsərini ingilis dilində səhnələşdiriblər. Bu sahədə Tələbə Gənclər Təşkilatının Teatr klubunun fəaliyyəti xüsusi ilə qeyd edilməlidir. Klubun təşkilatçılığı, Tələbə Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə 2019-cu ilin fevral ayında yazıçı Hüseynbala Mirələmovun “Xəcalət” tamaşası nümayiş etdirilib. Tamaşanın quruluşçu rejisoru və bədii rəhbəri Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin tələbəsi Salman Quliyev olub. Klubun təşəbbüsü ilə 2019-cu ilin may ayında universitetin həyatında ilk dəfə olaraq Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında dahi bəstəkar Üzeyir Hacıbəylinin eyni adlı operası səhnələşdirilib. Tamaşada baş rolları Təhsil fakültəsinin tələbələri Aysel Hacıyeva (Leyli) və Murad Əliyev (Məcnun) ifa ediblər. İbn Səlam obrazını Tərcümə fakültəsinin tələbəsi Salman Quliyev, Leylinin anasını Təhsil fakültəsinin tələbəsi Rasmilə Musazadə canlandırıb. Bu tamaşanın da bədii rəhbəri və quruluşçu rejisoru Salman Quliyev olub.
Tələbələrimiz müntəzəm şəkildə “Ədəbi- bədii gecələr”, “Qiraət gecələri”, “bilik yarışları”, “İntellekt oyunlar”, rəsm sərgiləri təşkil edir, universitetin əlaqə saxladığı orta məktəblərdə də maraqlı tədbirlər həyata keçirirlər.
ADU-da universitetin Germanistika İnstitutunun direktoru, professor Ziqlində Hartman Zaltsburqlu professor Tomas M. Şallabök ilə 15 mart 2019-cu ildə orta əsr musiqisinə aid “Minnezanq və Minneklanq-orta əsr sevgi poeziyası və rəqsləri” adlı möhtəşəm konsert təşkil edib. Tomas M. Şallabök konsert zamanı orta əsrə məxsus bir sıra musiqi alətləri ilə çıxış edib. Onun proqramına Haynrix fon Morungen, Valter fon der Fogelvayde və ya Osvald fon Folkenstayn kimi məşhur minnezangların seçilmiş əsərləri daxil idi. Konsertdə musiqiçi eyni zamanda yenidən aranjeman etdiyi orta əsr nəğmələrini təqdim edib. Konsertin təşkilində Avstriya Mübadilə Xidmətinin lektoru Ştefani Matzer, ADU-nun müəllimi Lətifə Qurbanova və ADU tələbələri iştirak edib.
2019-cu ili may ayında ADU-nun Tərcümə fakültəsi M.F.Axundovun “Hekayəti Müsyo jordan Həkimi-Nəbatat və Dərviş Məstəli şah cadükuni Məşhur” əsərini ingilis dilində səhnələşdirib. Əsər ADU-nun Tərcüməçilər Birliyinin üzvləri tərəfindən tərcümə olunub və Tərcümə fakültəsinin ingilis dili ixtisası üzrə təhsil alan tələbələri tərəfindən səhnələşdirilib.
ADU-nun ikinci kurs magistrantı Bəyaz Hüseyn və dördüncü kurs tələbəsi Lalə Rüstəmli 2019-cu ilin iyul ayında Frankofaniya Universitet Agentliyinin dəstəyi və ADU-nun Frankofoniya, Fransız dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə Bolqarıstanın Plovdiv şəhərində ənənəvi gənclər festivalında iştirak edərək Azərbaycanı təmsil ediblər. 17 ölkədən 79 tələbənin iştirak etdiyi tədbirin 4-cü günündə Azərbaycanın təqdimatı baş tutub. Təqdimat zamanı təmsilçilər milli məxbəximizdən, milli adət-ənənələrimizdən, tariximizdən, ölkədə keçirilən beynəlxalq tədbirlərdən və s. danışaraq milli süfrə açıblar və milli rəqsimiz olan “Nəlbəki” rəqsi ilə çıxış ediblər. Təqdimatın sonunda iştirakçılara “Yallı” rəqsini öyrədərək onlarla birgə rəqs ediblər. Sonda iştirakçılar sertifikatla təltif olunublar.
Alman Akademik Mübadilə Xidməti və Göte İnstitutunun təşkilatçılığı ilə 2020-ci ilin may ayında Azərbaycan, Gürcüstan və Ermənistanda alman dili ixtisası üzrə təhsil alan tələbə və şagirdlər arasında onlayn şəkildə “Foto marafon” yarışı keçirilib. Yarışın şərtlərinə əsasən iştirakçılar 3 saat ərzində spontan olaraq təqdim olunan mövzulara dair şəkillər çəkməli, həmin şəkillərə alman dilində şərh yazaraq onlayn platformaya yükləməli idilər. ADU-nun tələbələri yarışda 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülüblər.
Azərbaycan Dillər Universitetində 16 may 2022-ci il tarixində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təqdimatı keçirilib, 500-dən çox tələbənin iştirakı ilə keçirilən təqdimat zamanı təşkilata üzv olma prosesi, könüllülük fəaliyyətinin üstünlükləri, gələcək layihələr barədə ətraflı məlumat verilib.
Tələbələrin İncəsənət sahəsindəki istedadlarını aşkar etmək məqsədilə həmin ilin may ayında universitetin həyətində “Zəfər yolu” adlı rəsm sərgisi təşkil olunub.
Əliliyi olan şəxslərə dəstək ictimai birliyinin təşkilatçılığı ilə 2022 -ci ilin noyabr ayında keçirilmiş ”Biz bir ailəyik”, “Biz bir ailəyik-biz qalibik” adlı “Nə? Harada, Nə zaman? İntellektual yarışda universitetimizin tələbələri qalib olublar. “3 dekabr Beynəlxalq Əlillər Günün”nə həsr olunmuş yarışda universitetin Filologiya, Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin tələbələri Nəzrin Nəzərli, Peyman Ağazadə, Gülhəsən Kərimov, Fikrət Ağayev yarışda iştirak edən 14 komanda arasında birinci yerə layiq görülüblər. Qaliblər diplom və hədiyyələrlə təltif olunublar.
Tələbələrdə özünü idarəetmə qabiliyyətinin formalaşdırılması, müstəqil həyatda yaradıcı təfəkkürə malik olması və ölkənin ictimai-siyasi həyatında aparıcı şəxsiyyətə çevrilməsi prosesinə kömək məqsədilə 13 dekabr 2018-ci ildən hər il “Bir günlük xəlifə” tələbə özünü idarəetmə günü keçirilir. “Bir günlük xəlifə” tələbələrin universitetin rəhbər strukturlarını bir gün ərzində idarə etməsini nəzərdə tutur. Həmin gün ərzində rəhbər vəzifələri icra edən tələbələrin qəbul etdikləri qərarlar tam hüquqi qüvvəyə malik olur.
Vəzifələri tutan şəxslər bir gün ərzində icra etdikləri vəzifənin bir günlük maaşını alır. Vəzifələri tutan şəxslər həmin gündən universitetin “Kölgə kabineti”ni formalaşdırır, kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir. Universitetin hər bir tələbə və magistrantı layihədə iştirak edə bilər.
Tələbələrimizin 80 faizdən çoxunu qızlar təşkil etməsinə baxmayaraq, oğlan tələbələrimizin idman sahəsində qazandığı nailiyyətlər əsl mənada heyranedicidir. Müxtəlif idman növləri üzrə dünya, Avropa və Azərbaycan çempionları olmuş Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbələri Qaçay Mahmudov, Ümid Ağayev, Anar Məmmədov, Murad Həsənli, Azər Məmmədli, Raul Xəlilov, Aydın Həsənov və b. öz uğurları ilə universitetimizə baş ucalığı gətiriblər. Rektorun göstərişi ilə onların idmançı formalarını saxlamaları, məşqlərə lazımi səviyyədə hazırlaşa bilmələri üçün universitetdə hər cür şərait yaradılmışdır.
Artıq qalib bir ölkənin vətəndaşları olan tələbələrimizin ideya-siyasi, etik-əxlaqi və mənəvi dünyagörüşünün formalaşması istiqamətində bu gün də universitetin bütün strukturlarının fəal iştirakı ilə planlı şəkildə iş aparılır, bir birindən maraqlı tədbirlər təşkil olunur.
Ələddin Əliyev
Rektorun sosial məsələlər üzrə müşaviri, ADU Ağsaqqallar Şurasının sədri