“HEYDƏR ƏLİYEV 100. Sitatlar və kəlamlar”
Bildiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev ili” elan olunmuşdur. Bu münasibətlə Respublikamızda, o cümlədən Uniiversitetimizdə silsilə tədbirlər keçirilməkdədir. Kafedra olaraq biz təsdiq olunmuş illik plana əsasən hər ay üçün nəzərdə tutulan tədbirlərə Təhsil 1 fakültəsində “Alman dili müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələri cəlb etməyi məqsədəuyğun bildik. Tədbirlərin hansı formada keçirilməsi barədə müxtəlif təkliflər irəli sürüldü: Dəyirmi masa, esse yarışması, viktorinalar və s. Elm şöbəsinin müdiri Sevda İmanova tədbirin Heydər Əliyev haqqında “Ən yaxşı çıxış” müsabiqəsi formatında keçirilməsini təklif etdi. Bu təklif ağlabatan idi. Lakin qalibin seçilməsinin digər tələbələrdə ruh düşkünlüyü yaradacağını nəzərə alaraq kafedranın profilinə uyğun daha maraqlı iş görmək fikri irəli sürüldü. Araşdırmalar zamanı Universitetin rektoru akademik Kamal Abdullanın “Azərbaycan tərcümə ensiklopediyası” kitabına yazdığı ön söz yeni bir ideyanın yaranmasına səbəb oldu: “Tərcümə bir mədəniyyətin təzahürü deyil, ən azı iki mədəniyyətin qovuşduğu məqamdır, əsl multikultural reallıqdır.”
Və beləliklə, Ulu Öndərin kəlamlarının alman dilinə tərcümə olunması qərara alındı. Qısa müddətdə tələbələr Ümummilli Liderin müxtəlif məsələlərə həsr olunmuş rəsmi çıxış və müsahibələrindən sitat və kəlamları seçərək, onları alman dilinə tərcümə etdilər. Hər bir sitat dahi şəxsiyyətin, böyük siyasətçinin, vətənpərvər bir insanın müdrikliyindən xəbər verir. Artıq iş tamamlanmışdı, tərcümələr hazırlanmışdı. Bəs sonra? Bu tərcümələr kimə və nəyə yararlı ola bilər?
Tələbələrin arzu və istəklərini nəzərə alaraq, tərcüməni hamı üçün əlçatan etmək qərarına gəldik. Və həmin tərcümələr “HEYDƏR ƏLİYEV 100. Sitatlar və kəlamlar” adı altında çapa tövsiyə olundu.
Kitabda 300-ə yaxın sitat Azərbaycan və alman dillərində 14 mövzu altında cəmlənmişdir. Hər mövzuya uyğun seçilmiş şəkil həmin sitatları daha maraqlı edir. Təqdim edilən kitab yubiley münasibətilə hazırlandığı üçün ənənəvi formatdan kənara çıxaraq müəllifləri, yəni tələbələri adları ilə deyil, şəkillərini verməyi məsləhət bildik. Kitabın sonunda Mündəricat yer alır. İstifadə edilmiş ədəbiyyat siyahısını kitaba daxil etmədik. Müxtəlif kitab, internet səhifələrində və mədəniyyət portallarında dahi rəhbərin sitatlarının bəzilərinin tərcüməsinə rast gəlmək olar. Hər bir işdə yenilik olduğu üçün bizim də işimizdə yenilik var. Əvvəla bu iş tələbələrin yaradıcılığının məhsuludur, heç bir elmi xarakter daşımır. Kitabda yer alan sitatların mövzular üzrə qruplaşdırılması isə işin yeniliyidir. Məqsədimiz gənc nəsli Heydər Əliyev siyasəti, fəlsəfəsi, şəxsiyyəti ilə daha da yaxından tanış etməkdir. Tələbələr Heydər Əliyevi yenidən kəşf etdiklərini etiraf etdilər. Bu gün əminliklə deyə bilərəm ki, biz qarşıya qoyduğumuz məqsədə çatmışıq. Çünki hər hansı tələbədən Heydər Əliyevin müəyyən mövzu barədə dediyi məhşur fikri soruşsaydıq yəqin ki, cavab verməkdə çətinlik çəkərdilər. Bu gün isə hər qrup ən azından bir mövzu haqqında məlumatlıdır. Kitabın hazırlanmasında bütün kurslar üzrə təhsil alan tələbələr böyük ruh yüksəkliyi ilə iştirak etdilər. Fürsətdən istifadə edib onlara öz minnətdarlığımı bildirirəm. Belə tələbələrlə daha böyük layihələr həyata keçirə bilərik. Əziz tələbələrimiz, hamınız mənə doğma və əzizsiniz. Sizi çox istəyirəm. Siz olmasaydınız bu kitab da yaranmazdı.
İkidilli nəşr tariximiz və mədəniyyətimiz haqqında daha çox öyrənmək istəyən tələbələr üçün nəzərdə tutulub. İnanırıq ki, kitabda yer alan müdrik kəlamlar Azərbaycan gənclərinə nümunə olacaq Milli Öndərmizin adının əbədiləşdirilməsinə xidmət edəcəkdir.
Kitabın ərsəyə gəlməsində əməyi keçən hər bir kəsə dərindən minnətdarlığımı bildirirəm. Elmi redaktor kafedramızın baş müəllimi Gülbəniz Nəcəfova, redaktorları İLEC dil mərkəzinin rəhbəri İradə Quliyeva, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) ADU-dakı rəhbəri Mara Liza Gezer, ADRA-nın tələbəsi Şəms Əsgərlidir. Kitabın redaksiya heyətinə kafedramızın dosenti Arzu Cabarova, rektorun məsləhətçisi Anar Osmanlı və Təhsil 1 fakültəsinin dekanı Fikrət Cahangirov daxildir. Materialın kompüter çapı baş laborant Gülnar Rəhimliyə, dizaynı isə 314A qrup tələbəsi Fatimə Orucovaya məxsusdur.
Kitab Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının hədiyyəsidir.
fil.f.d., dosent Xuraman Əsgərova
Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri