XƏBƏRLƏR

ADU -nun müəllimləri “Heydər Əliyev müasirlərinin gözü ilə” adlı tədbirdə iştirak ediblər

19 may, 2023

Azərbaycan Dillər Universitetinin müəllimləri- Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva, Fəlsəfə və İctimai Elmlər kafedrasının müdiri dosent Ədalət Abdiyeva və Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Sevda Məhərrəmova Nardarandakı 295 saylı məktəbdə keçirilən “Heydər Əliyev müasirlərinin gözü ilə” adlı tədbirdə iştirak ediblər.

Tədbirdən öncə müəllimlər məktəbin şagirdləri, sinif otaqları və tədris prosesi ilə tanış olublar. Sonra məktəbin foyesində təşkil edilmiş 44 günlük vətən müharibəsi mövzusunda şagirdlərin əl işlərindən  ibarət və Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş sərgiyə baxıblar.

Məktəbin akt zalında təşkil edilən tədbiri giriş sözü ilə açan məktəbin direktoru Dilarə Cəbrayılova cari ilin Ümummilli lider Heydər Əliyev ili elan edilməsi ilə əlaqədar olaraq məktəbdə bir sıra tədbirlərin keçirildiyini bildirib və keçirilən tədbirin əhəmiyyətindən danışıb:

“Ümummilli lider Heydər Əliyev ili elan edilməsi ilə əlaqədar olaraq, bu il məktəbimizdə bir sıra tədbirlər keçirilib. Bu tədbirin isə xüsusi əhəmiyyəti var. ADU-nun rektoru hörmətli akademik  Kamal Abdullanın dəfələrlə qonağı olduğu və çox sayda ədəbiyyat və dərs ləvazimatlar hədiyyə etdiyi bu məktəbin şagirdlərinin ADU-nun ixtisasları və fəaliyyəti haqqında müəyyən məlumatları vardır.  Bu gün ADU-nun professor müəllim heyətinin  məktəbimizə gəlməsi təhsil ocaqları arasında əməkdaşlığı daha da dərinləşdirəcəkdir”.

Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva  Azərbaycan Dillər Universitetinin fakültələri, ixtisasları, mövcud olan dil və mədəniyyət mərkəzləri,  beynəlxalq əlaqələri, iştirak etdiyi layihələr haqqında məlumat verib. O, qeyd edib ki, şagirdlərin görüşünə gələn qonaqlardan  üç nəfəri, məhz Ümummilli Lider Heydər Əliyevin  Azərbaycandan kənara təhsil almaq üçün göndərdiyi kadrlardandır.

Fəlsəfə və İctimai Elmlər kafedrasının müdiri dosent Ədalət Abdiyeva  1970-1980 –ci illərdə istedadlı və yaxşı oxumuş gənclərin seçilərək keçmiş Sovetlər İttifaqının aparıcı ali məktəblərinə respublikamızda olmayan ixtisaslar üzrə təhsil almaq üçün göndərilməsi prosesi haqqında, təhsil alanlara göstərilən diqqət  və qayğıdan danışıb.

Fəlsəfə və İctimai Elmlər kafedrasının dosenti Şükufə Cabarova Ümummilli lider Heydər Əliyevin Nadejda İsmayılova ilə müsahibəsi, Moskvadan qayıtdıqdan sonra  iqtisadi və sosial imkanları məhdud olan şəraitdə yaşaması, ağır günlərdə xalqının yanında olması,  xalqın gələcəyi üçün  olan narahatlıqları haqqında məlumat verib.

Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Sevda Məhərrəmova  Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ikinci dəfə gəldiyi zaman olan iqtisadi sıxıntılardan, Ulu öndərin bu vəziyyətdən Azərbaycanı çıxarmaq üçün həyata keçirdiyi layihələr, bağladığı müqavilələr və həyata keçirdiyi tədbirlər haqqında danışıb.  O, Azərbaycan neftinin dünya bazarına çıxarılnmasının birinci addımı hesab edilən “Əsrin müqaviləsi”nin  bağlanmasında  Heydər Əliyevin əvəzsiz rolundan söz açıb.

Onlar həmçinin şagirdlər tərəfindən  ADU- da təhsil və xarici layihələr haqqında verilən sulları cavablandırıblar.

Sonda məktəbin direktoru  Dilarə Ismayilova Nardaran məktəbinə göstərdiyi diqqət və  qayğıya görə ADU-nun rektoru, akademik Kamal Abdullaya və  gələn qonaqlara görə təşəkkürünü bildirib.