XƏBƏRLƏR

ADU-nun müəllim-tələbə heyəti “Türkiyə həftəsi” adlı tədbirdə iştirak ediblər

15 may, 2023

Azərbaycan Dillər Universitetinin Türkiyə araşdırmaları mərkəzinin müdiri, professor, Elçin İbrahimov, Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin müəllim və tələbələri imzalanan qarşılıqlı əlaqə haqqında memoranduma əsasən Biləsuvar Təhsil Kompleksində keçirilən “Türkiyə həftəsi” adlı tədbirdə iştirak ediblər.

Milli Qəhrəman M. İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov hər iki müəssisənin qarşılıqlı əməkdaşlığı: keçirilən görüş, tədbir, təcrübə mübadiləsi və. s. əhəmiyyətindən bəhs edib. Tədbir kompleksin aşağı sinif şagirdlərinin ifasında türk dilində mahnı ilə açılıb.

ADU-nun Türkiyə araşdırmaları mərkəzinin müdiri, professor Elçin İbrahimov Türkiyə-Azərbaycan elmi-mədəni əlaqələrinin tarixi, hər iki dövlətin və xalqın yaxınlaşması və qarşılıqlı səmimi münasibətlərinin  qurulması haqqında məlumat verib.

ADU-nun Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva Türkiyənin əhalisinin formalaşma mərhələlərini, orada müasir dövrdə  yaşayan xalqlar, onların yayıldığı bölgələri xəritə və təqdimatla şagirdlərin diqqətinə çatdırıb.

Fəlsəfə və ictimai elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva Yunus Əmrənin fəlsəfi fikirləri haqqında danışıb.  Yunus Əmrənin həyatı və yaradıcılığı, Anadolu türklərinin fəlsəfi təfəkkürünün inkişafında, türkdilli ədəbiyyatın meydana gəlməsində mühüm rol oynadığını qeyd edib. Çıxışın  sonunda kompleksin şagirdlərinə Yunus Əmrə haqqında videoçarx göstərilib.

 Fəlsəfə kafedrasının dosenti Şükufə Cabbarova Cəlaləddin Rumi – Mövlanənin fəlsəfi dünyagörüşü haqqında danışıb.

Tədbirdə Mövlanənin fəlsəfi təfəkkürünün formalaşması, yayılması  və səmavi dərviş rəqsləri haqqında məlumat verilib, Mövlanənin kəlamları səsləndirilib və səmavi dərviş rəqsi göstərilib.

Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi nəzdindəki Xarici dillər kafedrasının dosenti Nüşabə Allahverdiyeva  türk dilində çıxış edən tələbələrin fikirlərini Azərbaycan dilində anlamaq üçün onların iki dildə müqayisəli təhlilini verib.

Regionşünaslıq kafedrasının müəllimi Aygün Soltanzadə Türkiyədə gender siyasəti haqqında məlumat verib. Türkiyənin qadınlara seçki hüququnun 1934-cü ildə verməsi, Atatürk dövrünün islahatları ilə qadınlara hüquqların verilməsi haqqında danışıb.

Tədbir  ADU –nun BMR fakültəsinin  373-cü  qrup  Türkiyəşünas tələbələrinin çıxışları ilə davam edib.

 Aqid Nadirov  Türkiyənin YUNESKO tərəfindən qəbul olunan maddi mədəni irs nümunələri, Bikə Məmmədzadə - Türkiyənin YUNESKO tərəfindən qəbul olunan qeyri-maddi mədəni irs nümunələri haqqında təqdimatlarla çıxış ediblər.

Fuad Mustafayev və Bikə Məmmədzadə “Zeybək” rəqsini, Fidan Məmmədəliyeva və Seyfəddin Kazımov “Reyhani” rəqsini və Bikə Məmmədzadə  şagirdlərlə birgə  “Çırpınırdı Qara Dəniz” mahnısıını ifa ediblər.

Tədbirin sonunda prof. Sevdagül Əliyeva  Türkiyəyə aid maraqlı suallar verərək  viktorina keçirib və qalibləri mükafatlandırılıb.