XƏBƏRLƏR

ADU-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib

12 may, 2023

Mayın 12-də Azərbaycan Dillər Universitetində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

Dövlət Himni səsləndirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla Ulu Öndər Heydər Əliyevin doğma Vətən və xalq qarşısında müstəsna xidmətlərindən, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, Azərbaycan xalqının qəlbində Heydər Əliyev sevgisi tükənməzdir:

“Ulu öndər Heydər Əliyev haqq dünyasında olsa da, onun işığı bu gün də Azərbaycanın üzərindədir. Bu gün Qarabağda aparılan yenidənqurma, bərpa işləri hamımızı sevindirir, qalib xalq kimi bizi daha da güclü edir. Bu güc, bu inam gələcək işlərimizin daha uğurlu olmasına şərait yaradır.

Ulu öndər hər zaman gənclərə inandığını və gələcək inkişafın gənclərlə bağlı olduğunu bildirirdi. O qeyd edirdi ki, gənclər mənim sizə əmanətimdir. Həmin gənclər bu gün Azərbaycanın inkişafı və daha da güclənməsi yolunda yorulmadan çalışırlar. Ulu öndər hər birimizin qəlbində yaşayır, hər birimizin həyatına işıq salır.”

ADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş müsabiqələrlə bağlı məlumat verib.

 Qeyd olunub ki, ADU-da tələbələr arasında keçirilən müxtəlif intellektual və idman növləri üzrə fərqlənən tələbələrə sertifikatlar və pul mükafatları təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.