XƏBƏRLƏR

ADU-da "Ulu öndərin Naxçıvanda fəaliyyət dövrü" mövzusunda tədbir keçirilib

12 may, 2023

Mayın 11-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq (BMR) fakültəsi nəzdində Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrası və Magistratura şöbəsinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Ulu öndərin Naxçıvanda fəaliyyət dövrü" mövzusunda tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli mövzu haqqında məlumat verərək, həmin dövrdə ağır şəraitdə yaşayan Naxçıvanın blokadadan çıxarılmasında Heydər Əlyevin misilsiz xidmətlərindən danışıb.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Qorxmaz Mustafayev “Müstəqilliyə gedən yolun başlanğıcı (1990-1993-cü illər)” mövzusunda, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi  Reyhan Abbasova isə “Heydər Əliyevin Ümid körpüsü layihəsi” mövzusunda çıxış ediblər.

Elmi işlər üzrə prorektor Novruz Məmmədov Heydər Əliyevin Naxçıvanda yaşıllıq və su probleminin həlli istiqamətində gördüyü işlərdən bəhs edib.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov çıxış edərək ermənilərin vaxtilə Naxçıvanı susuz qoymaqla əhalinin buradan köçməsini reallaşdırmaq istəyinin Heydər Əliyevin gördüyü tədbirlər sayəsində qarşısı alınmış olduğunu qeyd edib.

Tədbirdə Ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.