XƏBƏRLƏR

ADU-nun tələbələri tərəfindən Bilik yarışması keçirilib

10 may, 2023

Mayın 8 -də Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi Zümrüd Qafarlının rəhbərliyi ilə Nərimanov rayonu Azad Hümbətov adına 291 №li Ekologiya liseyində pedaqoji təcrübədə olan Təhsil-2 fakültəsinin 421b qrupunun tələbələri - Gülnar Hacıyeva, Günel Dadaşova, Leyla Rzayeva, Sona Məmmədova, Məryəm Səlimova və İlahə Bəşirli tərəfindən VII sinif şagirdləri arasında  “Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi”nə həsr olunmuş Bilik yarışması keçirilib.

Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 1992-ci ildən etibarən həmin tarixin xalqımız tərəfindən Şuşa şəhərinin işğalı günü kimi qeyd olunduğu, lakin 8 noyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə mədəniyyət paytaxtının rəşadətli ordumuz tərəfindən işğaldan azad edilməsi tarixindən bəhs edilib.

Yarışma  “Heydər Əliyev”, “Ümumi fənn bloku”, “İngilis dili” və “Ümumi dünya görüşü” sual-blokları üzrə 6 komanda arasında 3 mərhələdən ibarət keçirilib.

 Ümummilli lider Heydər Əliyevin zəngin, mənəvi-siyasi irsini araşdırmaq və şagirdlərə milli-vətənpərvərlik ruhunun aşılanması məqsədiylə təşkil olunan yarışda, xüsusən,  səsləndirilən suallar maraqla qarşılanıb.

Şərtlərə uyğun olaraq, final mərhələsində 3 komanda - “Xəzər”, “Dəmir yumruq” və “Zəfər komandaları” yarışıb.

 İştirakçıların cavablarının düzgünlüyü və tamlığı münsiflər tərəfindən qiymətləndirilib.

Münsiflər heyətinin qərarına əsasən “Dəmir Yumruq” komandası birinci,  “Zəfər” və “Xəzər” komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerlərdə müəyyən edilib.

Sonda finala çıxan bütün iştirakçı şagirdlərə sertifikatlar, qalib komanda üzvlərinə isə əlavə olaraq hədiyyələr təqdim olunub.