ADU-da kadr hazırlığının sosial-psixoloji xüsusiyyətləri
Azərbaycan Dillər Universiteti - 75
Ali məktəbdə kadr hazırlığı cəmiyyəti narahat edən məsələlərdən biridir. Kadr hazırlığının səviyyəsi ilə elmi-texniki tərəqqi arasında keyfiyyət fərqi cəmiyyəti günün bu vəzifəsi ətrafında toparlanmağa təhrik edir. Qeyd etmək istərdim ki, bu hal bütün ölkələr və dövlətlərə xas olan amildir. ADU-da ali təhsil sistemində əhəmiyyətli dönüşə nail olmaq üçün səylər və qüvvələr Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində kafedralar və laboratoriyalarda aparılan planlı, məqsədyönlü fəaliyyət ilə cəhdlər artırılıb. Koordinasiya olunmuş pedaqoji rəftarların icrası auditoriyalarda təlim paradiqmasından irəli gələn bilik, bacarıq və vərdişə yiyələnməyi deyil, təhsil paradiqması əsasında bilik, bacarıq, yaradıcılıq, ünsiyyət və ya bilik, bacarıq, kompetensiya və istək formuluna yiyələnməyi ehtiva edir.
Təhsil paradiqmasında icra olunan istiqamətlər, həmçinin Avropa Təhsil məkanına inteqrasiya edən ölkələr üçün Avropa Şurası tərəfindən nəzərdə tutulan 1996, 1999, 2001-ci il proqramlarına uyğundur. Bu gün ADU-nun kafedralarında, Universitetdə təşkil olunmuş elmi seminarlarda, “dəyirmi masa”larda bu vəzifələrin icrasının linqvodidaktik üsullarının axtarışı, tətbiqi, icra üsulları ilə bağlı ciddi müzakirələr aparılır.
Universitet rəhbərliyi tərəfindən koordinasiya edilən təhsil paradiqmasının formaların mənimsənilməsi, icrası ilə bağlı rektoryanı şuralarda, Elmi Şurada, kafedra iclaslarında, kiçik elmi şurada problemin incələnməsi detallarına qədər pedaqoji heyətə çatdırılır.
Universitet rəhbərliyinin şəxsi təşəbbüsü ilə bu proseslərin inkişafı, metodik tövsiyələrin hazırlanması və onların həyata keçirilməsi üçün işlək mexanizmlərin hazırlanması istiqamətində axtarışlar aparılır. Pilot layihələr və ona müvafiq pedaqoji proyektlər dəyərləndirilir və auditoriyaya daxil edilir.
Təhsil sahəsində Dövlət Strategiyasının və Dövlət Proqramının həyata keçirilməsindən irəli gələn pedaqoji meyillərin icrası ADU-da 3 səviyyədə həyata keçirilir: 1)Laboratoriyaların köməyi ilə; 2)Kafedraların iştirakı ilə; 3)Universitet səviyyəli elmi seminarların, “dəyirmi masa”ların və seminar-müzakirələrin elmi istiqamətləndirici rolu ilə.
Yuxarıda qeyd etdiyimiz kimi, auditoriyalarda linqvodidaktik məqsədlərə nail olmaq üçün həm hüquqi-normativ sənədləri, həm də müəllim-tələbə münasibətlərində tələbə şəxsiyyətini formalaşdırmaq mühüm əhəmiyyət kəsb edir. Qeyd etdiyimiz 3 səviyyə, həm də kadr hazırlığında ixtisas və peşə istiqamətinin sosial-psixoloji xüsusiyyətlərinə yiyələnməyi, gənc kadrın şüurunun, əqidəsinin, dünyagörüşünün formalaşmasını auditoriyalarda pedaqoji kollektiv yerinə yetirməsini ehtiva edir.
ADU-da yaradılmış Azərbaycanşünaslıq, Multikulturalizm laboratoriyaları son 5 ildə keçirdikləri tədbirlərdə əqidə və dünyagörüşün formalaşmasında müzakirə olunan mövzuların azərbaycançılıq, dövlətçilik, dövlətə sədaqət, vətəndaşlıq və vətənpərvərlik, torpağa, dövlətə, millətə sevgi ruhu əsas prioritet olmuşdur. Bu laboratoriya vasitəsi ilə müəllim və tələbələrin qarşılıqlı iştirakı gələcək mütəxəssisin şüurun informasiya dayaqlarının ən emosional qatını təşkil etmişdir və edir. Seminar, “dəyirmi masa”larda tələbələrin iştirakının təmin olunması, bəzən təşəbbüsün təşkiledicisinə çevrilməsi gələcək mütəxəssislərin sosial şüurunun formalaşmasını motivləşdirir. Laboratoriyanın təşkil etdiyi tədbirlər şəxsiyyətlərarası münasibətlərin həm sosial, həm də konkret pedaqoji təfəkküründə qarşılıqlı münasibətlərin dinamik törəməsi kimi yaddaşlarda təkrar olunur.
Məlum olduğu kimi, gənc kadrların müasir tələblərə cavab verməsi elmi-texniki tərəqqinin tələbatlarından asılıdır. Sürətli rəqəmsal inkişaf, insan morfologiyasının informasiyanın təsiri ilə dəyişməsi ətraf aləmə baxışlarda tələbə təfəkkürünə təsir edən amillərdəndir.
ADU-da yaradılmış laboratoriyalarda keçirilən tədbirlər hətta dərsliklərin və dərs vəsaitlərinin inikas etdirməsindəki gecikmələr, laboratoriyaların dinamizmi və plastikliyi ilə aradan qaldırılır. Ətraf aləmdə baş verən hadisələr laboratoriyalarda, “dəyirmi masa”larda və seminarlarda müzakirə olunaraq, rəy bildirilərək, dövlətin mövqeyi nəzərə alınaraq qiymətləndirilir. Müəllim və tələbələrin sosial şüurun emosional halətləri zamanı uyğun qiymətləndirilməsi yolunda cəhdlər davam etdirilir.
Auditoriyada, auditoriyadan kənar, ictimai birliklərdə sosial şüurun formalaşmasının çoxlu emosional təsir dairələri var ki, bunlardan biri də multikulturalizm laboratoriyasıdır.
Bir neçə il bundan öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan brendi elan etdiyi multikulturalizmlə bağlı ADU-nun keçirdiyi beynəlxalq tədbir Avro-Asiyadan 11 dövləti və 15 Universiteti əhatə etmişdi. Bu beynəlxalq tədbir zaman etibarı ilə 365 günü, məkan etibarı ilə Çindən tutmuş Serbiyaya qədər sosial həyatı məşğul etmişdi, Azərbaycan dəyərləri, mədəniyyət, elm, təhsil müstəvisində milyonların hafizələrində təkrarlanmışdır. Bu ideyanın müəllifi isə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulladır.
Sosial şüurun formalaşmasında mədəniyyətlərin qarşılıqlı təsiri müasir Avropada inteqrasiyanın əsas tələblərindən biridir. Mədəniyyət amilinin pedaqoji prosesdə prioritet olaraq nəzərdə tutulması, bunun sayəsində xarici dilə yiyələnmək və Avropa mədəniyyətilə inteqrasiyası Avropa Şurasının təhsil haqqında sənədlərində öz əksini tapıb. ADU bu sahədə məqsədyönümlü fəaliyyət göstərir, belə ki, mədəniyyətlərarası kommunikativ kompetensiyaya yiyələnmək təhsil sahəsində Avropaya inteqrasiyasının istəklərindən biridir.
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı”nın ruhu səriştəliliyi həmçinin xarici dilin tədrisi prosesində icrasını nəzərdə tutur və konkret olaraq kommunikativ kompetensiya kimi pedaqoji prosesə daxil edilib. Kommunikativ kompetensiya 2013-cü ildə təsdiq olunmuş Dövlət Strategiyasının xarici dil tədris olunan ali məktəblərdə əsas vəzifələrdən biridir. Avropa Şurasının Təhsil islahatı ilə bağlı sənədlərdə ünsiyyətə səriştəlilik xarici dilin tədrisini ehtiva etməklə, həm də zəruri bir qabiliyyətin tələbələr arasında inkişafını nəzərdə tutur. Sosial şüurun ünsiyyət qatına yiyələnməyi ehtiva edən səriştəlilik təkcə psixoloji qabiliyyət deyil, həm də peşə hazırlığını gündən-günə təkmilləşdirən Universitet üçün tələbələrə aşılanan çətin situasiyalardan çıxış yolunun tapılmasında istiqamətlənmiş cəhdidir. Dövlət sənədlərində konturları müəyyən edilmiş bu qabiliyyətin aşılanması, onun tələbənin təfəkkürünün emalına çevrilməsi yolunda ADU-nun ixtisas və peşə kafedralarında məqsəd olaraq həyata keçirilir.
ADU-da bu sahədə həm dilçilik, həm də linqvo-didaktik sahədə tədqiqatlar aparılıb, elmi məqalələr Avropa və Asiya məkanında çap olunub, dissertasiyalar müdafiə edilib, multikulturalizmə aid dərslik, dərs vəsaitləri çap olunub. Multikulturalizm laboratoriyasının və onunla birgə çalışan kafedraların elmi-tədqiqat istiqamətləri, dərslik və dərs vəsaitləri gənc kadrların sosial şüurunun davranış formasına səbəb olur və bu ADU-nun auditoriyalarında çox cidd-cəhdlə tədris olunur. Mədəniyyətin təlim obyekti kimi tədris prosesinə daxil edilməsi Universitetdə mədəni-təhsil situasiyasının yaranmasına səbəb olur. Hər iki laboratoriyanın sosial şüurun formalaşmasında təşəbbüsləri Azərbaycanın görkəmli elm və sənət adamları ilə pedaqoji kollektiv və tələbələrə emosional görüşləridir, bu prosesin gənc mütəxəssisin gələcək həyatında necə böyük rol oynadığı ictimai fikir adamlarına bəllidir.
ADU-nun fəaliyyətdə olan qurumları bir ümumi istiqamət əsasında formalaşmışlar: tələbəyönümlü təhsilin perspektivlərini formalaşdırmaq, tələbə şəxsiyyətini cəmiyyətin tələbatlarına yönəltmək, kadr hazırlığının rəqəmsal əsrin istəklərinə uyğunlaşdırmaq müstəvisində təlim fəaliyyətini qurmaq.
Sosial şüurun formalaşmasına təsir edən daha maraqlı bir məqam Universitetin hesabına tələbələrin elmi-bədii ədəbiyyatın-tələbənin oxumağı şərti ilə pulsuz paylanmasıdır. Hamı bilir ki, şüur - biliyin məcmusudur, bilik şüurun birinci xarakteristikasıdır. Universitet rəhbərliyi bu prosesdə tələbəyə qabaq-qarşı gəlib, onun biliyə yiyələnməsi üçün yataqxanada, tədris korpuslarında, koridorlarda təşkil etdiyi kitabxanalarla yanaşı tələbəyə evində kitabxana yaratmağa, şüurunu zənginləşdirməyə, kadr kimi yetişməyə həm maliyyə, həm də mənəvi dəstək olmuşdur.
Qeyd etmək istərdim ki, tələbənin şüurun formalaşmasında ADU-da təhsil məkanı kifayət qədər mükəmməldir.
Gələcək mütəxəssislərin ixtisas və peşə şüurunun formalaşmasında Universitetin rektoru şəxsən tələbələrin sosial təşəbbüslərinə, dövlət əhəmiyyətli tədbirlərin keçirilməsində iştiraklarına, 44 günlük Vətən müharibəsi ilə bağlı keçirilən tədbirlərdə, Ümummilli Lider Heydər Əliyevin anım və ad günlərində bu irsin mənimsənilməsində tələbənin sosial fəallığına xüsusi önəm verir. Tələbə çıxışları stimullaşdırılır, mükafatlandırılır, onlar pedaqoji prosesin idarə olunmasında vəzifələrə cəlb edilir. Tələbə şəxsiyyət olaraq Universitet həyatında özünü təsbit etmiş olur, ona səbəb isə Universitetdə yaradılmış sağlam əhvali-ruhiyyədir, informasiya və müəllim-tələbə qarşılıqlı münasibətlərinə istiqamətlənmiş məqsədli təhsil müstəvisidir.
Rəqəmsal təfəkkürə və informasiyanın təsiri ilə morfologiyası dəyişmiş gənc insan auditoriyada tələbatlarının çoxfunksiyalılığı ilə fərqləndiyi ADU-nun professor-müəllim heyəti üçün reallıqdır. Bu qrup tələbələrlə iş Universitet rəhbərliyindən həddən artıq səy tələb edən dinamik davranış forması tələb edir, ona görə də tələbənin şəxsiyyətlərarası münasibətlərinin perspektivlərini müəyyənləşdirmək müvafiq strukturların vəzifə borcu olması Elmi Şuranın qərarlarında öz əksini tapır.
Son olaraq qeyd etmək istərdik ki, ADU-da gələcək peşə sahiblərinin də dinamizm, mobillik, tolerantlıq, təşəbbüskarlıq və yeniliyə hazırlıq kimi şəxsi keyfiyyətlərin aşılanması bilik, bacarıq, yaradıcı fəallıq və istək üzərində formalaşdırılması prosesində məqsədəuyğun pedaqoji fəaliyyət həyata keçirilir. Universitetin tədris-təlim fəaliyyəti cəmiyyətin tələblərinə uyğun peşə və məqsədlərini həyata keçirmək üçün tələbələrin şüurunda zəmin hazırlayır.
Məlum olduğu kimi, Dünya Universitetləri Reytinqi QS sahələri üzrə reytinqini (Subject Rankings 2023) açıqlayıb və yuxarıda qeyd edilən pedaqoji davranışların müvəffəq həllinə görə Azərbaycan Dillər Universiteti müasir dillər bölməsi üzrə 1500 təhsil müəssisəsi içərisində (301-304) yer alıb.
Misgər MƏMMƏDOV,
Əməkdar mədəniyyət işçisi