XƏBƏRLƏR

Tanınmış tərcüməçi Vilayət Hacıyev dünyasını dəyişib - NEKROLOQ

04 aprel, 2023

Azərbaycan ədəbiyyatı və elminə ağır itki üz verib. Tanınmış tərcüməçi, Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin sabiq dekanı, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin idarə heyətinin sədr müavini, dosent Vilayət Tapdıq oğlu Hacıyev aprelin 4-də ömrünün 73-cü ilində vəfat edib.

Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla və universitetin professor-müəllim heyəti Vilayət Hacıyevin vəfatından kədərləndiyini bildirir, ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Vilayət Tapdıq oğlu Hacıyev 1950-ci il aprelin 1-də Qazax rayonunun Sofulu kəndində anadan olub. 1966-cı ildə Qazax şəhər 1 saylı orta məktəbini bitirmiş və elə həmin ildə M.F.Axundov adına APDİ-nin Avropa Dilləri fakültəsinin alman dili şöbəsinə daxil olmuşdur. İnstitutu 1971-ci ildə bitirdikdən sonra bir il Daşkəsən rayonunda alman dili müəllimi işləmişdir. 1973-cü ildən Azərbaycan Dillər Univesitetində çalışırdı.

Vilayət Hacıyev böyük almandilli yazıçılar Erix Mariya Remark, Herman Hesse, Haynrix Böll, Stefan Svayq, Frans Kafka, Lion Feyxtvanger, Daniel Keelman və başqa müəllifləri orjinaldan dilimizə tərcümə edərək mədəniyyət xəzinəmizə böyük töhfə vermişdir.

Vilayət Hacıyev 2012-ci ildə Frans Kafkanın “Məhkəmə” romanını mükəmməl tərcümə etdiyinə görə Avstriyanın “Tərcümə Mükafatı”na, eləcə də Azərbaycan Yazıçılar Birliyinin “Tofiq Bayram” mükafatına layiq görülmüşdür. 2019-cu ildə Haynrix Böllün "Kişisiz ev" romanının Azərbaycan dilinə uğurlu tərcüməsinə görə “Qızıl Kəlmə” mükafatına layiq görülmüşdür. 2020-ci ildə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin "Fəxri Diplom"u ilə təltif edilmişdir.

Avstriya Federal Prezidenti Avstriyanın federal Elm, Tədqiqat və İqtisadiyyat nazirinin təqdimatı əsasında Avstriya-Azərbaycan mədəni əlaqələrinin inkişafında, Avstriya ədəbiyyatının tədqiqində və eləcə də onun Azərbaycan dilinə tərcümə işində qazandığı nailiyyətlərə görə "Avstriyanın elm və incəsənət sahəsində I dərəcəli fəxri xaç" ordeni ilə təltif edilmişdir.

Vilayət Hacıyevin əziz xatirəsi onun tanıyanların qəlbində həmişə yaşayacaq.