XƏBƏRLƏR

ADU-da “Yeni Klub” təsis olunub

15 mart, 2023

Martın 15-də Azərbaycan Dillər Universitetində “Yeni Klub”un təsis toplantısı keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycan Dillər Universitetinin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. 

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, “Yeni Klub”un əhəmiyyətindən danışıb. Qeyd olunub ki, ali təhsil müəssisəsində tələbələrin ictimai-sosial aktivliyini və onların şəxsi inkişafını dəstəkləyən klubun formalaşdırılması mühüm əhəmiyyətə malikdir:

“Bildiyiniz kimi biz müzəffər xalq kimi, qalib xalq kimi yaşayırıq və bu həmişə bundan sonra da belə olacaq. Siz tələbələr də öz dərslərinizdəki uğurlarınızla, bilik və bacarığınızla bu qələbəni, bu qalibiyyəti bir az da böyütməli və yaşatmalısınız. Gənclərə göstərilən diqqət və qayğı bu gün istedadlı və savadlı gənclərin daha da inkişaf etməsinə şərait yaradır. “Yeni Klub”un fəaliyyətində də məhz dövlətçilik, vətənpərvərlik kimi yüksək dəyərlərin təbliğ olunacağına əminəm”.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov ali təhsil müəssisələrinin nəzdində “Yeni Klub”ların formalaşdırılmasının əhəmiyyətindən söz açıb. Bildirilib ki, klublar tələbələrin şəxsi inkişafını dəstəkləməklə bərabər, onların cəmiyyətdə təşəbbüskar rolunun artırılmasında da mühüm rol oynayacaq. 

Daha sonra ADU-da təsis olunan “Yeni Klub”un idarəçiləri çıxış ediblər.

Qeyd edək ki, YAP Gənclər Birliyinin təşəbbüsü ilə formalaşdırılan “Yeni Klub”ların məqsədi ali təhsil müəssisələrində tələbələrin iştirakı ilə ictimai-sosial, vətənpərvərlik, fərdi inkişaf, idman və bir sıra digər istiqamətlərdə müxtəlif təşəbbüslərin həyata keçirilməsi, çoxşaxəli layihələrin reallaşdırılmasıdır.