XƏBƏRLƏR

“Novruz adətləri” adlı tədbir keçirib

14 mart, 2023

Martın 14-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tövsiyəsinə əsasən “Novruz mühazirələri” çərçivəsində Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrası Magistratura şöbəsi və Azərbaycanşünaslıq Mərkəzi birlikdə “Novruz adətləri” adlı tədbir keçirib.

Professor Sevdagül Əliyeva bildirib ki, Novruz bayramının tarixi çox qədim zamanlara aiddir. Təbiətin oyanması, Çərşənbələrin qeyd edilməsi, evlərdə və ictimai yerlərdə bu bayramın çox böyük sevinc hissi ilə keçirilməsi adət ənənələrimizə hörmət, milli mənliyimizin təntənəsidir.

AMEA–nın Etnoqrafiya, Arxeologiya və Antropologiya İnstitutunun  aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Əliyev “Novruz astronomik bayramdır” mövzusunda çıxış edib. O, Novruz bayramında yaz gündönümü, gecə gündüz bərabərliyi, təbiətin tədricən oyanması haqqında geniş elmi məlumat verib.

Regionşünaslıq kafedrasının müəllimi Aygün Soltanzadə Novruz çərşənbələri haqqında danışıb.

Magistratura şöbəsinin II kurs magistrantları Elvin Qaffarov, Tovuz Əliyeva və I kurs magistrantı Elmir Muradzadə Novruz oyunları, mərasimləri və falları haqqında çıxış ediblər. Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Aytac Ənzarova Novruz simvolları haqqında məlumat verib.

Tədbirdə tələbələr qədim Novruz oyunları olan çilingağac, beşdaş, kəndir çəkdi oyunlarını oynayıb, yumurta döyüşdürüb və papaq atıblar. Qaliblərə hədiyyələr verilib.