XƏBƏRLƏR

“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının təqdimatı olub

10 mart, 2023

Martın 10-da Azərbaycan  Dillər Universitetində (ADU) Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və universitetin birgə təşkilatçılığı ilə “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib. Tədbirdə BŞİH-nin məsul əməkdaşları, professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Öncə Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, kitabın əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Vətən müharibəsindən qısa müddət keçməsinə baxmayaraq, artıq möhtəşəm zəfərə kitablar, salnamələr həsr olunub. Bu baxımdan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabı öz aktuallığı ilə seçilir:

“44 günlük Zəfər savaşında insan faktorunun vacibliyini, əhəmiyyətini gördük. Prezident İlham Əliyev hər bir əsgərə, hər bir zabitə öz şəxsi timsalında nümunə oldu və bu kitab məhz şəxsiyyət faktorunu, şəxsiyyətin rolu ilə bağlı, cənab prezidentin bu müharibədəki rolu ilə bağlı olduqca vacib məsələləri diqqətə çatdırır. Kitab ingilis dilində olduğu üçün dünya auditoriyasını əhatə etmiş olur. Bu da özlüyündə əlamətdar bir haldır. Bu kitabın ideya müəlliflərinə, onu ərsəyə gətirənlərə öz təşəkkürümü bildirirəm”.

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov kitabla bağlı fikirlərini bölüşüb. Qeyd olunub ki, kitab Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitutunun birgə layihəsidir:

“Kitabda Vətən müharibəsində qazanılan şanlı qələbənin memarı kimi cənab prezident İlham Əliyevin müdrik siyasəti, qətiyyəti, yüksək intellekti, dahi sərkərdəlik qabiliyyəti əks olunub. Bu da tarixdə şəxsiyyət faktoru amilini bir daha sübut edir. Kitab Qarabağda baş verən hadisələri diqqətlə izləyən oxucu və ekspertlərin böyük marağına səbəb olduğundan ingilis dilində də nəşr edildi və hazırda kitabın ərəb və fars dillərində çapı ilə bağlı işlərə başlanılıb. Kitabda həmçinin Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın azad edilən torpaqların bərpası və inkişafı istiqamətində gördüyü işlər xüsusi yer alıb”.

ADU-nun BM və Regionşünaslıq fakültəsinin müəllimi Ramin Quliyev kitabla bağlı fikirlərini səsləndirib. Bildirilib ki, kitabın dünya ictimaiyyətinə çatdırlması üçün bir çox dillərdə çap edilməsi olduqca vacib faktorlardan biridir:

“44 günlük Vətən müharibəsinin başlanması və tarixi Zəfərlə yekunlaşması hər şeydən əvvəl Azərbaycan Respublikasının siyasi rəhbərliyinin və Azərbaycan xalqının tükənməz Vətən sevgisi və sıx birliyi ilə bağlıdır. Bu iki amilin zərurəti Vətən müharibəsinin başlanmasını və cəmi 44 gün ərzində düşmənin diz çökərək məğlub olmasını sürətləndirdi. Müstəqilliyimizin bərpasından keçən 30 il ərzində ölkəmizin iqtisadi qüdrəti daim yüksəlmiş və regionun lider dövlətinə çevrilmişdir”.
BM və Regionşünaslıq fakültəsinin tələbəsi Sübhan Orucov, Beynəlxalq münasibətlər kafedrasının doktorantı Aynur İsayeva, ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova , ADU-nun İctimaiyyətlə əlaqələr üzrə prorektoru Tamam Cəfərova, ADU-nun Beynəlxalq şöbəsinin müdiri Fialə Abdullayeva kitabla bağlı fikirlərini bölüşüblər. Xarici dilin tədrisi metodikası və metodologiyası ixtisasının magistri Habil Rzayev kitabla bağlı düşüncələrini ingilis dilində  təqdim edib.

Bildirilib ki, kitabda Ermənistanın Azərbaycana təcavüzü, Vətən müharibəsindəki Şanlı Qələbəmiz, qələbənin memarı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fəaliyyəti geniş və ətraflı işıqlandırılıb.
Qeyd edilməlidir ki, bu kitab müharibə tarixinin ilk ümumiləşdirilməsi cəhdlərindən biri olaraq Vətən müharibəsinin əvvəlindən hazırkı dövrə kimi olan bütün mərhələləri əhatə edir və qazanılan Şanlı Qələbə müəlliflər tərəfindən ətraflı araşdırılıb.  Kitabda tarixçi alimlərin, hərbiçilərin, Milli Məclisin deputatlarının, tanınmış jurnalistlərin Vətən müharibəsi ilə bağlı yazıları daxil edilib.