XƏBƏRLƏR

Rumın dili və mədəniyyəti mərkəzində "Mărțișor" bayramına həsr olunmuş workshop keçirilib

09 mart, 2023

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Rumın dili və Mədəniyyəti mərkəzində Rumınların yazın gəlişi münasibətilə qeyd etdiyi Mărțișor bayramına həsr olunmuş workshop keçirilib. Vorkshopda Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin rumın dili üzrə təhsil almış ikinci kurs tələbələri Şəms Qasımlı və Leyla Abbasova, eləcə də Rumın dili və Mədəniyyəti mərkəzində istehsalat təcrübəsi keçən Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin ( Fransa üzrə) dördüncü kurs tələbələri Cavid Həsənli və Aysel Zeynalova iştirak edib. Tələbələr Mărțișor bayramına xas olan simvollar düzəldib və Mărțișor haqqında daha ətraflı məlumatlar əldə edib.

Mărțișor yazın əvvəlində, mart ayında qeyd olunan ənənənin rumın dilindəki adıdır.

Mărțișor sözü martın (müasir rumın dilində martie) köhnə xalq adı olan marț sözünün kiçildilməsidir və hərfi mənada "kiçik mart" deməkdir.

Müasir ənənəyə görə, martın 1-dən başlayaraq ayın birinci hissəsində broş və ya yaxa sancağı kimi kiçik simvolik əşyaların sinəyə taxılması nəzərdə tutulur. Bəzi köhnə ənənələrə görə, martın ilk yeni ayından yerli ictimaiyyət üçün növbəti əlamətdar bayrama qədər bu simvollar taxılmalıdır, bu adət hər yerdə 9 Mart və 1 May arasında ola bilər və ya ərazidən asılı olaraq ilk ağac çiçəkləri açılana qədər davam edə bilər.