XƏBƏRLƏR

ADU-nun alimi Elçin İbrahimov Özbəkistanda seminar keçirib

09 mart, 2023

Martın 7-də Özbəkistanda Əlişir Nəvai adına Dövlət Dili Tədrisi və İnkişafı Mərkəzinin və Nazirlər Kabineti nəzdində Özbək Dilinin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Dillər Universiteti Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimovun “Azərbaycan yazısı və əlifbasının tarixi” mövzusunda seminarı keçirilib.

Dövlət Dili Tədrisi və İnkişaf Mərkəzinin direktoru İnamjan Əzimov tədbiri giriş sözü ilə açaraq dil siyasəti və mədəni əlaqələr sahəsində Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın instensivləşməsindən və bu istiqamətdə görülən işlərdən danışıb. 

Daha sonra dosent E.İbrahimovun əlifbamızın tarixi və Azərbaycanda həyata keçirilən uğurlu dil siyasəti, bu siyasətin nəticəsində dil və əlifba ilə bağlı bir çox problemlərin vaxtında həll edilməsi barədə geniş mühazirəsi dinlənilib. Türk dünyasında əlifba dəyişikliklərinin ortaya çıxardığı problemləri şərh edən E.İbrahimov müstəqillik dövrü Azərbaycanda həyata keçirilən dil və əlifba siyasətinin digər müstəqil türk respublikaları üçün nümunə təşkil etdiyini vurğulayıb.

E.İbrahimov müəllim və tələbələri maraqlandıran suallara  cavab verib.

Tədbirin sonunda Özbək Dilinin İnkişafı Fondunun direktoru A.Eminov çıxış edərək fondun nəşr etdirdiyi kitabları E.İbrahimova, universitetin tələbə və müəllimlərinə hədiyyə edib.