XƏBƏRLƏR

“Azərbaycanda Rektorlar Konfransının yaradılması’’ layihəsi çərçivəsində növbəti görüş İsveçdə keçirilib

09 mart, 2023

Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində növbəti təlim İsveç Krallığının Stokholm şəhərində baş tutub. Azərbaycanın 16 ali təhsil müəssisəsindən 32 nəfər nümayəndənin iştirak etdiyi təlimlər 27 fevral – 3 mart tarixlərini əhatə edib. Adıçəkilən təlimlərdə Azərbaycan Dillər Universitetini Elm və innovasiya məsələləri üzrə prorektoru professor Novruz Məmmədov, Elm şöbəsinin müdiri dosent Sevda İmanova, Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müdiri dosent Sevda Zamanova, baş müəllim Nahidə Məmmədova təmsil edib.

 

KTH Kral Texnologiya İnstitutunda “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adı altında həyata keçirilən təlimlərin əsas məqsədi universitetlərdə elmi tədqiqat və innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsi olub. Təlim proqramına uyğun olaraq  İsveç və İspaniya Rektorlar Konfransının, Belçikanın Avropa İdarəetmə İnkişafı Fondunun (EFMD), İsveçin Kral Texnologiya İnstitutunun rəhbər şəxsləri tərəfindən İsveç, İspaniya və ümumilikdə qlobal mühitdə tədqiqat və innovasiya sistemləri, tədqiqatda keyfiyyət məsələləri, tədqiqatçıların elmi fəaliyyətinə xidmət edən nəşr infrastrukturu, eləcə də İsveç təcrübəsində doktorantura təhsili, doktorantların işə qəbulu kimi olduqca mühüm istiqamətlərdə təqdimatlar edilib, müzakirələr və fikir mübadilələri aparılıb.