XƏBƏRLƏR

ADU-da professor Dilarə Seyidzadə ilə görüş keçirilib

06 mart, 2023

Martın 6-da Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyi - “Heydər Əliyev İli” çərçivəsində tarix elmləri doktoru, professor Dilarə Seyidzadə ilə görüş keçirilib.

Görüşdə ADU-nun professor, müəllim, tələbə heyəti iştirak edib.

ADU-nun rektoru, akademik Kamal Abdulla qonağı salamlayıb, görüşün əhəmiyyətdən danışıb. Qeyd olunub ki, Dilarə Seyidzadə uzun illər Ulu öndər Heydər Əliyevə sədaqətlə xidmət edib, böyük idarəçilik və zəngin həyat təcrübəsinə yiyələnib:

“Dilarə xanım yüksək mənəvi dəyərlərə sahib, olduqca ləyaqətli və dəyərli bir şəxsiyyətdir. Dilarə xanım Azərbaycanın say-seçmə alimlərindən biridir. Ulu öndər Heydər Əliyevin köməkçisi kimi Dilarə xanım uzun illər öz sədaqəti və səmərəli fəaliyyəti ilə hər kəsin rəğbətini qazanıb. Bu gün onunla ünsiyyət son dərəcə maraqlı olmaqla yanaşı, həm də olduqca faydalıdır. Dilarə xanım, mən sizə təşəkkürümü bildirirəm, bir daha xoş gəlmisiniz deyirəm”.

Görüşdə professor Dilarə Seyidzadə Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Qeyd olunub ki, Ulu öndərin həyatı daim mübarizələrdə keçib və bu mübarizələrdə qalib gəlib. Ona görə də Ulu öndərin həyat və fəaliyyəti gənclərimiz üçün nümunədir.

Heydər Əliyevin böyük dühası haqqında danışan professor onun çox diqqətli, hər bir incəliyə önəm verən bir şəxsiyyət olduğunu bildirib:

“Mənə bir dəfə tapşırdı ki, mütləq xəritə olmalıdır. Biz o xəritəni yaratdıq. Müəllim kimi hər bir xarici səfərdə bütün siyasi xadimlərə xəritə üzərində Azərbaycan həqiqətlərini izah edirdi. Bir dəfə yox, bütün prezidentlərlə görüşdə, hər dəfə. O, eyni zamanda, mədəniyyətə böyük dəyər verirdi, insanların qayğıları ilə yaxından maraqlanırdı. Hamıya mənəvi güc verirdi”.

Görüş tələbələrin sualları ilə davam edib.