XƏBƏRLƏR

Kamal Abdulla Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun rektoru ilə görüşüb

01 mart, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun rektoru Eldar Şermanovla görüşüb. 

Qonağı universitetdə görməkdən məmnun olduğunu bildirən akademik Kamal Abdulla Azərbaycanda Özbəkistan mədəniyyətinə, onun tarixinə, ədəbiyyatına olan maraqdan danışıb. Qeyd olunub ki, ADU-da Özbək dili və ədəbiyyatı ilə bağlı bir neçə dəfə yüksək səviyyəli tədbirlər və elmi seminarlar təşkil olunub. 

Görüşdə iki ali təhsil ocağının gələcək əməkdaşlığının mümkün perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Eldar Şermanov özbək xalqına və mədəniyyətinə olan yüksək münasibətinə görə akademik Kamal Abdullaya təşəkkürünü bildirib. Rektor əməkdaşlıqla bağlı təklifləri yüksək dəyərləndirib.

Görüşdə eyni zamanda qarşılıqlı olaraq Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunda Azərbaycan dil və mədəniyyət mərkəzinin, Azərbaycan Dillər Universitetində isə Özbək dil və mədəniyyəti mərkəzinin açılması barədə razılıq əldə olunub.