XƏBƏRLƏR

Kuba Respublikasının vitse-prezidenti ADU-nun qonağı olub

27 fevral, 2023

Fevralın 27-də Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesa və Kuba hökumətini təmsil edən nümayəndə heyəti Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.

ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, pandemiya dövründə Kuba Respublikasının iki həkim qrupundan ibarət heyətinin Azərbaycana göndərilməsi iki ölkə arasında olan dostluq və qardaşlıq münasibətlərinin ən bariz nümunəsidir:

“Fürsətdən istifadə edib Kubanın Səhiyyə nazirinə və Kubanın Azərbaycandakı səfirinə öz təşəkkürümü bildirirəm. Cənab səfir dəfələrlə universitetimizdə qonaq olub.

Kuba bizim hamımızın gəncliyimizin ölkəsi, gəncliyimizin vətənidir. Gözümüzün qarşısında azadlıq əldə edən insanların vətənidir. Kubanın hər zaman Azərbaycanın yanında olması bizi çox sevindirir. Prezident cənab İlham Əliyev Kuba ilə dostluq münasibətlərini daha da dərinləşdirir.

Universitetimizdə ispan dilinin öyrənilməsi, Kuba mədəniyyətinin, Kuba tarixinin öyrənilməsi bizim üçün son dərəcə şərəfli bir hadisədir. Biz də siyasi münasibətlərimizə təhsil işçiləri olaraq öz töhfəmizi verməyə çox şad olduq. Çox istərdik ki, Kuba universitetlərinin biri ilə dostluq əlaqələri quraq. İnanırıq ki, sizin dəstəyinizlə buna nail ola biləcəyik. Universitetimizdə ispan dilini öyrənən çoxlu sayda tələbələrimiz, müəllimlərimiz var. Bir daha sizlərə xoş gəlmisiniz deyirəm, universitetimiz həmişə sizi xatırlayacaq”.

Kubanın vitse-prezidenti Salvador Antonio Valdes Mesa səmimi sözlərə və isti qarşılanmaya görə universitet rəhbərliyinə və kollektivinə öz təşəkkürünü bildirib. Qeyd olunub ki, Kuba və Azərbaycan arasında sıx dostluq və əməkdaşlıq münasibətləri var. Bu münasibətlər bütün sahələr üzrə inkişaf etməkdədir. Təhsil və elm sahəsində də münasibətlərin inkişafında xüsusi irəliləyiş var:

“Bu gün Azərbaycan mötəbər bir sammitə sədrlik edir. Qoşulmama Hərəkatı dünyanın nüfuzlu ölkərini bir araya gətirir. Azərbaycan Dillər Universiteti kimi nüfuzlu təhsil müəssisəsi ilə əməkdaşlıq etmək bizim üçün mühüm əhəmiyyət kəsb edir. Universitet haqqında gözəl təəssüratım var. Azərbaycan və Kuba arasında olan əməkdaşlığın bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyimi bildirmək istəyirəm.

Ölkələrimizi tarixi bağlar birləşdirir. Bu bağlar bizi parlaq gələcəyə doğru aparır. Bu gələcək isə məhz gəncliyin səsi ilə, tələbələrin biliyi hesabına daha aydın və parlaq ola bilər. Ona görə də gənclərə üzümü tutub bildirmək istəyirəm ki, öz elminizlə, savadınızla xalqınızını təmsi edib, onu yüksək mərtəbələrə qaldıra bilərəsiniz”.

Kubanın Səhiyyə naziri Xose Miranda ADU-da olmaqdan məmnun olduğunu bildirib və görüşün əhəmiyyəti barədə danışıb. Qeyd olunub ki, Kuba dünyada səhiyyə işçilərinin sayına görə öndə olan ölkələrdən biridir. Azərbaycanla əməkdaşlıq baxımından bu istiqamətdə bir sıra vacib addımlar atılmaqdadır:

“Bu gün Kuba universitetləri ilə ADU-nun əməkdaşlıq etməsi üçün əlverişli imkanlar var. Bizim səhiyyə sahəsində çalışan əməkdaşlarımız üçün xarici dil faktoru olduqca əhəmiyyətlidir. Bu baxımdan Azərbaycan Dillər Universiteti ilə əməkdaşlığımız istiqamətində mühüm işlərə imza ata bilərik. Hələ pandemiya dövründə iki ölkə arasında həmrəylik və dostluq ənənələrinin bir daha şahidi olduq. Biz əldə etdiyimiz təcrübəni Azərbaycanla bölüşməkdən məmnunuq və gələcək əlaqələrimizin inkişafına nail olmaq üçün bütün gücümüz ilə çalışırıq”.

Çıxışlar bitdikdən sonra tələbələr qonaqlara suallar ünvanlayıb, tələbələrin ifasında İspan dilində mahnı oxunub.

Görüşdən sonra Kubanın vitse-prezidenti Salvador Antonio Valdes Mesa ADU-nun xatirə dəftərinə ürək sözlərini yazıb, tələbələrlə birgə şəkil çəkdirib.