XƏBƏRLƏR

Laçın-Xankəndi yolunda keçirilən ekoaksiyada iştirak edən tələbələrin təəssüratları

15 fevral, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı və ekoloji cinayətlərin dərhal dayandırılması tələbi ilə Laçın-Xankəndi yolunda keçirilən ekoaksiyada iştirak ediblər.

Tələbələr universitetə gəldikdən sonra ADU-nun rektoru, akademik Kamal Abdulla ilə görüşüblər. Tələbələrin aksiya ilə bağlı təəssüratlarını təqdim edirik.

Təhsil 2 fakültəsi 325 A qrup tələbəsi Əhmədzadə Nərgiz:

“Fasilələrlə 19 gün Şuşada fəaliyyət göstərdim. Əsas məqsədimiz işğaldan azad olan torpaqlarımızda təbii sərvətlərimizin istismarının qarşısını almaq və monitorinq qrupumuzun həmin əraziyə daxil olmasıdır. Şuşada olmaq özü bir fəxrdir. Əslində o torpaqlara addım atarkən insanda müxtəlif emosiyalar yaranır. Həm sevinc, həm kədər, həm də qürur hissi.  Axı o torpaqlarda şəhidlərimizin qanı var. Bu aksiya hələ də davam etməkdədir və düşünürəm ki, əzmli xalqımız öz məqsədinə çatana qədər bu aksiyanı davam etdirəcək.”

Təhsil 2 fakültəsi 325 A qrup tələbəsi Həsənli Telman:

“Şuşada baş tutan askiyada iştirak etmək kimi şansım olduğu üçün çox xoşbəxtəm. Orada olmaq  təkcə bizi yox, eyni zamanda valideynlərimizi də qürurlandırır. Ümumilikdə Şuşada 40 gün fəaliyyət göstərdim. Orada aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi, ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı şüarlar səsləndirirlər.

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası hələ də davam edir. Aksiyada digər könüllülər kimi gecəli-gündüzlü mən də fəaliyyət göstərdim. Xalqımıza dəstək olmuşamsa, nə xoş mənə.”

Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi 465 qrup tələbəsi Ayxan Məmmədov:

“Şuşa Qarabağın incisidir, Azərbaycanın qəlbidir. Şuşalı olaraq Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində başlayan ekoloji aksiyada iştirak etməyi özümə borc bildim. Dekabr ayının 26-dan 30-u tarixinə və yanvar ayının 4-dən 31-i tarixinədək ümumilikdə 32 gün ekoloji aksiyada iştirak etdim. Aksiyada iştirak etmək  mənim üçün böyük təcrübə oldu.

Hava şəraitinin soyuq, şaxtalı olması bizim əhval-ruhiyyəmizi aşağı salmırdı. Ekoloji aksiyanın məqsədi ölkəmizin təbii sərvətlərinə qarşı talançılığın qarşısının alınmasıdır. Aksiya hələ də davam edir. 24 saat biz könüllülərlə bərabər media nümayəndələri də orada olurdular. Eko-fəallar öz haqlı tələblərini şüarlar formasında səsləndirirlər. Bizim səsimizi media vasitəsilə bütün dünyaya duyururlar. Haqlı tələblərimiz yerinə yetirilənədək dinc aksiya davam edəcək.”

Təhsil 2 fakültəsi 325 A qrup tələbəsi Fatimə Səfərova:

“Qarabağ deyiləndə ilk ağıla gələn Azərbaycanın dilbər guşələrindən olan Şuşa şəhəridir. Torpaqlarımızı işğaldan azad edən Azərbaycan əsgəridir. O torpaqları qorumaq isə biz gənclərin öhdəsindədir.  Şuşada keçirilən ekoloji aksiyada iştirak etmək və təbii sərvətlərimizi qorumaq bizim üçün böyük şərəfdir. Orda yalnız bizim universitetin deyil, digər universitet və təşkilatların da gəncləri var idi. Hava şəraitinin şaxtalı olmasına baxmayaraq, yüksək əhval-ruhiyə ilə aksiyada fəal iştirak etmişik. Orada bizə yaxşı şərait yaradılıb, yeməyimiz isti, qaldığımız yer əlverişli idi. Tibb məntəqəsi sayəsində nə vaxt hansı dərmana ehtiyacımız olsa bizə verilirdi.”

Filologiya fakültəsi 433 qrup tələbəsi Sənan Cabbarlı:

“Üzü Xankəndiyə əlimdə üç rəngli bayraqla dayanaraq sağ tərəfdə göyü dələn əziz Şuşanın qayalıqlarının üzərində dalğalanan bayrağa baxıb, gecənin ən zil çağlarında qürur hissi, yüksək enerji ilə aksiyamızı aparırdıq. Çünki, Şuşaya getmək, o torpaqlara ayaq basmaq bir zaman həsrətində olduğumuz amal idi.  Məhz bu amal, vətən və millət sevgisi olan hər bir gəncin çatmaq istəyəcəyi əsas hədəf olmalı idi. Belə də oldu. Həmin o görmədiyimiz həsrətində olduğumuz vətən torpaqlarına qovuşduq. İndi  bizim əsas məqsədimiz həsrətində olub, vüsalına çatdığımız torpaqları qorumaqdır. Bu vətən mənim, sənin yox, bizim - qanı, qəlbi üç rəngli o müqəddəs bayraqla döyünənlərin bölünməz vətənidir. Bu gün biz Şuşadan üzü doğma Xankəndiyə gedən yolda dayanaraq ana vətənin müdafiəsində üzərimizə düşən borcu az da olsa yerinə yetirməyə çalışırıqsa, bu o demək deyil ki, biz vətənə olan borcumuzu tam ödəyirik. Biz vətənə olan borcumuzu az da olsa yerinə yetirmək istəyirik. Çünki, hər birimiz bir Azərbaycan gənci olaraq, istər yüksək intellektin, müxtəlif biliklərin əsas olduğu elmi konfranslarda, istərsə də kəskin hava və digər çətinliklərin olduğu vətən torpağının hər bir nöqtəsində öz bayrağımızı qorumağa hazır olmalıyıq və hazırıq.”

Təhsil1 fakültəsi Essex12 qrup tələbəsi Niftalıyeva Əntiqə:

“Dekabr ayı boyunca Azərbaycanın fəal gənci və könüllüsü kimi Laçın-Xankəndi yolunun Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində - Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyasına qoşuldum. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildikləri ərazilərimizdə təbii sərvətlərimizin qeyri-qanuni yolla istismarı və talanması, bununla təbiətə və ekologiyaya ciddi xələl gətirməsinə haqlı olaraq etiraz edərək “Ekoloji terrora son”, “Rusiya sülhməramlıları ekoloji terrora göz yumur”, “Azərbaycan oyaqdır,sərvətinə dayaqdır” kimi şüarlar səsləndirirdik. Əsas məqsədimiz vətənimiz qarşısında vəzifəmizi layiqincə yerinə yetirmək, dayaq olmaq və Rusiya sülhməramlılarının komandanının çıxıb hesab verməsini təmin etmək və əvvəl razılaşdıqları kimi Azərbaycan ekspertlərinin bu ərazidə monitorinq keçirməsini təmin etmək idi. Yoldaşlarımız etirazı davam etdirir, inanıram ki, haqq qalib gələcək!”

Filologiya fakültəsi B19-432 qrup tələbəsi Əsədov Tamerlan:

“İkinci Qarabağ müharibəsində düşmən tapdağında olan vətən torpaqlarını canları bahasına azad edən xalqımız, iki il sonra milli sərvətlərinə sahib çıxmaq məqsədilə yenidən həmrəy olub, əl-ələ verərək bir daha dünyaya  Azərbaycan xalqının əzmini nümayiş etdirir. Hələ də aksiya öz aktuallığını qorumaqdadır. Erməni quldur dəstələri tərəfindən həyata keçirilən bu qanunsuz əməllər, Araik və Vardanyan cütlüyünün və onların tərəftarlarının cibini doldurmaq məqsədi daşımaqla yanaşı, həmçinin birbaşa ölkəmizin ekoloji tarazlığının qəsdinə yönəldilmiş xüsusi bir plandır. Bu gün əksəriyyətini Azərbaycan gənclərinin təşkil etdiyi bu aksiyada həmrəy olan xalqımız, fikrimcə, dünyaya dinc bir şəkildə necə aksiya keçirtmək olar, qansız və münaqişəsiz də aksiya etmək mümkündür və bu kimi fikirləri çox gözəl şəkildə aşılamışdır.

Filologiya fakültəsi B19-431 qrup tələbəsi Hacıyev Ruslan:

“İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətə baxmayaraq, mənfur düşmən öz çirkin əməllərindən geri qalmır. Bu səfər də Rusiya sülhməramlılarının “nəzarəti” altında olan ərazilərimizdə siyasi sabitliyi pozmaqla yanaşı, bizə məxsus təbii sərvətlərimizi talayırdı.  Buna qarşılıq olaraq, məğrur xalqımız dinc aksiya keçirməyə başladı. Aksiyada etiraz edənlərin əsas tələbləri azərbaycanlı mütəxəssislərin monitorinq aparması üçün lazımi şəraitin yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının təşkili, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Mən və tələbə yoldaşlarım özümüzə borc bilərək bu aksiyaya qoşulduq. Aksiya zamanı xalqımız bir daha həmrəliyini göstərdi. Havanın soyuq olmağına baxmayaraq, aksiya hələ də davam edir. Mən və tələbə yoldaşım fransız və ispan dilində yerli kanallara müsahibə də verdik.”

Təhsil 1 fakültəsi 301B qrup tələbəsi Rəhimli Nərminə:

“Mən də Azərbaycan Respublikasının vətəndaşı, bir gənci olaraq milli maraqlar, dövlətimizin qüdrəti, vətənimizin bütövlüyü naminə ekoloji aksiyada iştirak edib, vətən qarşısında olan borcumuzun bir hissəsini yerinə yetirməyə çalışdım.

Təbiətin məhvi gələcəyin məhvi deməkdir. Aksiyada gələcəyimizə, Azərbaycan gəncliyinin haqqı olan təbii sərvətlərimizə sahib çıxmaq üçün toplaşırıq. Biz Laçın-Xankəndi yolundakı etiraz aksiyasında “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edirik. Yerli və xarici media vasitəsilə aksiya işıqlandırılır. Biz də Azərbaycan Dillər Universitetinin tələbələri olaraq Azərbaycan,  ingilis, rus, fransız, ispan və digər dillərdə müsahibə verib, haqq səsimizi dünyaya çatdırırıq. Hava şəraitinin soyuq olmasına baxmayaraq, Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasında gecə saatlarında da iştirak edirik. Müsbət cavab alınanadək biz bu dinc aksiyanı böyük ruh yüksəkliyi ilə davam etdirəcəyik.”

Təhsil 2 fakültəsi 324A qrup tələbəsi Pəri Kazımova:

“Laçın-Xankəndi yolunda təbii sərvətlərimizin istismarına qarşı keçirilən dinc aksiyada iştirak etdim. İlk növbədə nə xoş mənə və eləcə də müasir Azərbaycan gəncliyinə ki, tarixi torpaqlarımız işğaldan azad edilib.  Və  biz həmin torpaqlara səfər etmişik. Müqəddəs torpağımız olan  Şuşada olmaq çox qürurverici idi, həmin duyğuları sözlə ifadə etmək çox çətindir. Hər zaman haqlı tərəf qalib olduğuna görə İnşallah bu dəfə də bizim istəklərimiz yerinə yetirilənə qədər aksiya davam edəcək. Allah vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş  Şəhidlərimizə rəhmət etsin.”

Tərcümə fakültəsi 251 qrup tələbəsi Hüseynli Əli:

“Şuşaya gedən gündən sonuna qədər müxtəlif hisslər yaşadım. Polislərimizin və əsgərlərimizin mərdliyinə bir daha şahid oldum, orda çoxlu yeni informasiya öyrəndim. Yaşasın böyük Azərbaycanın böyük milləti!"

Beynəlxalq Jurnalistika 344A qrup tələbəsi Məlikzadə Firuzə:

“Mən jurnalistika ixtisasında 3-cü kursda təhsil alıram. Dekabrın 13-ü 2022-ci ildə Şuşada keçirilən ekoloji aksiyada iştirak etmişəm. Əlbəttə, bəzi tələbələr kimi mənim də ilk səfərim olduğu üçün çox həyəcanlı idim. Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq 2-3-cü günü idi ki, biz də könüllü olaraq aksiyada iştirak etdik. Aksiyanı işıqlandırmaq üçün müxtəlif xarici mətbuat orqanları da iştirak edirdi. Orda olduğumuz müddətdə bizi qida ilə təmin edirdilər. Hətta gecələmək üçün yerlər də təşkil etmişdilər. Aksiyada iştirak etdiyim üçün qürur duyurdum.

Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları axşam saatlarında da yüksək fəallıq nümayiş etdirirdilər. Ekofəallar və gənc könüllülər dəyişməz şüarları ilə ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını və Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirdilər. Aksiya zamanı biz  Azərbaycanın dövlət himnini, daha sonra isə milli musiqi sədaları altında şüarları səsləndirirdik.”

Filologiya fakültəsi, Beynəlxalq jurnalistika ixtisası 245B qrup tələbəsi Abbasova Leyla:

“Şuşaya ilk səfərim olduğu üçün həyəcanlı idim. Bu aksiyada iştirak etmək məndəki qürur və fəxr hissini bir az da artırdı. Aksiya başladığı ilk günlərdən fəal iştirak etmişəm. Mənimlə birlikdə bir çox tələbələr və könüllülər də orada aktiv şəkildə fəaliyyət göstərirdi.  Biz müxtəlif şüarlar səsləndirir, fərqli dillərdə yazılmış plakatlardan istifadə edirdik.  Aksiyada ölkəmizin media nümayəndələrindən başqa Türkiyə, Rusiya telekanallarının nümayəndələri də vardı. Onlar aksiya haqqında müsahibələr götürür, reportajlar hazırlayırdılar. Günəş batdıqca havanın istiliyi də azalırdı.  Güclü soyuğa baxmayaraq, hər birimiz şüarları səsləndirməyə davam edirdik. Şuşada həmçinin aksiya iştirakçılarının ehtiyaclarını təmin etmək üçün çadırlar da qurulmuşdu. Çadırlar istilik sistemi və müxtəlif yeməklərlə təmin olunmuşdu.”

Beynəlxalq münasibətlər fakültəsi 377E qrup tələbəsi Miranə Muradova:

“Öz istəyim və ailəmin məsləhəti ilə Şuşa şəhərində keçirilən ekoloji aksiyada iştirak etdim. Aksiya boyunca sevinc və kədər hissləri ilə qarışıq duyğular yaşadım. Aksiya ərzində Azərbaycan musiqiləri səsləndirilirdi. Bu isə bizi daha da fərəhləndirirdi. 9 gün mənim üçün möhtəşəm keçdi. Bir az da olsa, öz üstümə düşən vətən borcumu ödədim.”