XƏBƏRLƏR

ADU-da Qılıncxan Bayramovun 80 illik yubileyi münasibəti ilə tədbir keçirilib

01 fevral, 2023

Azərbaycan Dillər Universitetinin Tərcümə araşdırmaları elmi-tədqiqat laboratoriyasının müdiri, tərcüməçi, professor Qılıncxan Bayramovun 80 illik yubileyi münasibəti ilə tədbir keçirilib. 

Tədbirdə rektor məsləhətçisi Anar Osmanlı, ümumi dilçilik kafedrasının müdiri professor Azad Məmmədov, Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova, Q. Bayramovun tələbələri, kafedra müdirləri və digər həmkarlar iştirak ediblər. Onlar Q. Bayramovu təbrik edib, tərcümə sənəti sahəsindəki xidmətlərindən danışıb, xoş sözlərini çatdırıblar.

Qılıncxan Bayramov 1 fevral 1943-cü ildə anadan olub. O, 1967-ci ildə  Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsini fərqlənmə diplomu ilə bitirib. 

Fəaliyyəti dövründə Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti kimi ali məktəblərdə ingilis dili və tərcümə sahələri üzrə dərs keçib.

Azərbaycan İngilis dili Müəllimləri Assosiasiyasının ilk prezidenti olub.

Ali məktəblər üçün “Tərcümə sənəti” ( 2008) dərsliyinin, bir sıra elmi-tənqidi məqalələrin müəllifidir.