XƏBƏRLƏR

Müəllim ömrü: Ulduz Aslanova - 60

30 dekabr, 2022

“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”

HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikasının Ümummilli lideri

 

Ulduz Böyükkişi qızı Aslanova 31 dekabr 1962-ci ildə Qərbi Azərbaycanda anadan olmuşdur. O, 1985-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitunun Alman dili fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, oxuduğu müddətdə özünü çalışqan bir tələbə kimi göstərərək ictimai işlərdə fəal iştirak edib və elmin əsaslarına səylə yiyələnməyə çalışıb. Ulduz Aslanova dəfələrlə keçmiş ittifaqın müxtəlif şəhərlərində əmək semestrlərində calışıb, nümunəvi təhsilinə və ictimai işinə görə Almaniyaya dil kursuna və praktikaya göndərilib.

U.Aslanova 1985-1988-ci  illərdə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Şişqaya kəndində ixtisası üzrə xarici dil müəllimi kimi fəaliyyət göstərib, 1989-cu ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitunun Alman dili kafedrasına laborant kimi qəbul olunub. 1991-ci ildən U.Aslanova baş laborant, 1992-ci ildən  müəllim, 1994-cü ildən isə baş müəllim kimi fəaliyyət göstərib. 1994-2004-ci illərdə dekan müavini, 2008-2012-ci illərdə Alman dili fakültəsində dekan vəzifəsində çalışmışdır.

2000-ci ildən hal-hazıra qədər o, Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrsının dosentidir.

U.Aslanova 1991-ci ilin dekabrında İnstitutun aspiranturasına “əla” qiymətlərlə qəbul olunub və aspirantura təhsilinin bir tədris ilini (1993-1994) Almaniyanın Leyptsiq Universitetində Germanistika şöbəsində alıb. 1995-ci ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək tədqiqat işini müzakirəyə təqdim edib.

O, 7 may 1997-ci ildə “Müxtəlifsistemli dillərdə leksik-frazeoloji privativlik sahəsi” (alman və Azərbaycan dillərinin materialı əsasında) adlı namizədlik dissertasiyasını uğurla müdafiə edib. Ona 1997-ci ilin 15 oktyabrında “Filologiya elmləri namizədi”  alimlik dərəcəsi verilib.

U.Aslanova həm Azərbaycan Respublikasında, həm də bir neçə xarici ölkədə - Almaniya, Amerika, Polşa, İtaliya, Türkiyə, Moldova Respublikası, Qazaxstan, Özbəkistan, Gürcüstan, Çeçenistan, Tatarstanda keçirilən Beynəlxalq Konfranslarda Azərbaycan alimi kimi mötəbər tribunalardan ölkəmizi layiqincə təmsil edərək öz maraqlı məruzələri ilə konfrans iştirakçilarının diqqətini cəlb edib.

U.Aslanova sadə, təvazökar, lakin işgüzar, ciddi, dəqiq və məsuliyyətli, özünə və başqalarına qarşı tələbkar, həmkarları və tələbəbələri tərəfindən hörmət edilən bir müəllimdir.  

O, 102 məqalə va tezis, 2 elmi monoqrafiya, 6 dərs vasaiti, 2 dərsliyin müəllifidir.

31 dekabr 2022-ci il tarixində hörmətli alim Ulduz Aslanovanın 60 yaşı tamam olur. Bu münasibətlə onu səmimi qəlbdən təbrik edirik.

Ulduz müəllimə, arzu edirik ki, fəaliyyətiniz sizə sevinc, hörmət və firavanlıq gətirsin, hər gününüz uğurlu və şən olsun.

Əsəblərinizin möhkəm və etibarlı olmasını diləyirik ki, heç bir həyat çətinliyi sizin yaxşı əhval-ruhiyyənizi, sağlamlığınızı sarsıda bilməsin. Sizə seçdiyiniz bu şərəfli yolda nailiyyətlər əldə etməyi, zəhmətinizin bəhrəsinin layiqli olmasını və bütün səylərin maksimum müsbət nəticə verməsini arzu edirik.

Hörmətlə,

Təhsil 1 fakültəsi nəzdində

Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrası