XƏBƏRLƏR

ADU-da “Bir günlük xəlifə” Tələbə Özünüidarəetmə Günü keçirilib

23 dekabr, 2022

Dekabrın 23-də Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri “Bir günlük xəlifə” layihəsi çərçivəsində vəzifələrinin icrasına başlayıblar. ADU-nun tələbələrinə 43 vəzifə üzrə bir günlük idaəetmə imkanı verilib.

İlk olaraq xəlifələr Ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib, büstün önünə gül dəstələri qoyublar. Daha sonra ADU-nun şəhid məzunları anılıb, xatirə lövhələri önünə gül dəstələri düzülüb. 44 günlük Vətən müharibəsində adlarını tarixə qızıl hərflərlə yazan qəhrəman oğullarımızın xidmətlərinin heç vaxt unudulmayacağı və əbədi qəlbimizdə yaşayacağı vurğulanıb. 

Xəlifə-rektor Məmməd Əhmədli göstərilən etimadı ən yüksək səviyyədə doğrultmağa çalışdıqlarını bildirib. Qeyd olunub ki, hər bir gənc öz imkanları daxilində dövlətinin, millətinin daha parlaq gələcəyi üçün çalışmalıdır.

“Bir günlük xəlifə” Tələbə Özünüidarəetmə Günü çərçivəsində xəlifə tələbələr bir sıra tədbirlərdə iştirak ediblər. Bu tədbirlər sırasında “Xarici dillərin tədrisinin aktual problemləri” Respublika elmi-praktik konfransı tələbələrin marağına səbəb olub.  

Daha sonra Azərbaycanın görkəmli şairi Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə bağlı tədbir baş tutub. Tədbirdə müəllim-professor heyəti, tələbələr iştirak ediblər.

Yaponiya-Azərbaycan münasibətlərinin 30 illiyi ilə bağlı tədbirdə “Bir günlük xəlifə” layihəsindən söhbət açılıb. Bildirilib ki, tələbələr universitetin rektoru, prorektorlar, fakültə dekanları da daxil olmaqla 39 rəhbər vəzifəni icra edirlər. Vəzifələri tutan şəxslər həmin gündən universitetin “kölgə kabineti”ni formalaşdırır, kabinet  növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirəcək. Həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malik olacaq. Seçilən şəxslər bir gün ərzində icra etdikləri vəzifənin maaşını alacaqlar.

Daha sonra xəlifə rektor və digər xəlifələr Skandinaviya  mərkəzi tərəfindən təşkil olunan “Skandinaviya ölkələri” adlı tədbirdə iştirak ediblər, universitetin qonağı olan bir sıra şəxslərlə görüşüblər. Tədbir və görüşlərdə xəlifə tələbələr bir sıra maraqlı fikirlər irəli sürüblər.

Qeyd edək ki, sözügedən layihə ADU-da beşinci dəfə keçirilir. Layihənin əsası ADU-nun rektoru, akademik Kamal Abdulla tərəfindən qoyulub.  

“Bir günlük xəlifə” layihəsinin əsas məqsədlərindən biri  tələbələrin ictimai həyatda fəal iştirak etmək, təhsil və bilik əldə etmək, yaradıcı və sağlam tələbə həyatı yaşamaq və imkanlarını genişləndirmək üçün şərait yaratmaqdır.

Sözügedən bu layihə tələbələrin özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətlərin inkişafında, onların peşə məsuliyyətini dərk etməsində önəmli rol oynayacaq.