XƏBƏRLƏR

ADU Multikulturalizm mərkəzində dəyirmi masa keçirilib

22 dekabr, 2022

21 dekabr 2022-ci il tarixdə Azərbaycan Dillər Universiteti Multikulturalizm mərkəzində Azərbaycan Ədəbiyyatı kafedrası, Multikulturalizm mərkəzi və “Azərbaycanşünaslıq” elmi mərkəzinin birgə təşkilatçılığı ilə “milli-mənəvi dəyərlər və tolerant münasibət folklorda” mövzusunda dəyrimi masa keçirilmişdir. Tədbirin aparıcısı Multikulturalizm mərkəzinin müdiri Loğman Rəşidzadə yığıncağı açıq elan edərək dünya və Azərbaycan folklorunun məziyyətlərindən söz açmış, folklor nümunələrində tolerantlıq və multikultural meylləri nəzərə çatdırmışdır.

Giriş sözü ilə çıxış edən Ədəbiyyat kafedrasının müdiri akademik Muxtar İmanov folklor nümunələrində əks olunan bəşəri dəyərlərə geniş şərh vermişdir. O, göstərmişdir ki, bəşəriyyətin uşaqlıq çağının təfəkkür məhsulu, yaradıcılıq ruhu olan folklor nə qədər lokal xarakter daşısa da son anda bəşəri mahiyyət kəsb etmiş, xalqları birləşdirən təfəkkür eyniliyi kimi təzahür etmişdir. Dünyanın müxtəlif yerlərində, ayrı-ayrı guşələrində Ayı,Günəşi eyni cür görmüş, onların mahiyyətini eyni cür təsvvür etmiş, təbiətə ətraf mühitə, insan cəmiyyətinə eyni münasibət bəsləmiş insan oğlu onun təsvir və tərənnümündə də eyni, ortaq təfəkkür nümayiş etdirmişdir. Odur ki, dünya xalqlarının folkloru-mifləri, dastanları, nağılları, bayatı və oxşamaları, atalar, sözləri, zərb-məsəlləri və s,bir-birinə bənzəyir, bir-birini tamamlayır.

ADU-Elm və İnnovasiya üzrə prorektoru, professor Novruz Məmmədov folklor yaradıcılığı barədə ümumi fikirləri bölüşdü, nağıl və dastanlarımızda milli-mənəvi dəyərlərin yeni tədqiqatçılarını gözlədiyini xüsusilə vurğuladı.

AMEA Folklor İnstitutunun Folklorun Toplanması və Sistemləşdirilməsi şöbəsinin müdiri f.ü.f.d.İlkin Rüstəmzadə “Azərbaycan qaraçıların etnik mədəniyyəti” adlı çıxışında qaraçıların yerləşməsi, fəaliyyəti, folklor və mədəniyyəti barədə söz açdı. “Şəki-Zaqatala bölgəsində multikultural mühit” mövzusunda çıxış edən AMEA Folklor İnstitutunun Klasssik Folklor şöbəsinin elmi işçisi Mətanət Yaqubqızı Azərbaycanın spesifik multikultural məkanı olan Şəki Zaqatala bölgəsində yaşayan azsaylı xalqaların mədəniyyət, məişət və folklor nümunələrini diqqətə çatdırdı. Mövzunun davamı kimi ADU Multikulturalizm mərkəzinin elmi işçisi Yeganə Qasımova “Rutul etnik qrupu Azərbaycan milli mədəniyyətinin tərkib hissəsi kimi”adlı məruzəsində Şəki-Zaqatala bölgəsində məskunlaşmış Rutul etnik qrupunun mədəni vərdişlərindən danışmışdır. “Ədəbiyyat” qəzetinin baş redaktor müavini, f.ü.f.d. Adil Cəmil ortaq türk mədəni abidəsi olan qırğızların “Manas” dastanında vətənpərvərlik motivlərinə toxunmuşdur. ADU “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin elmi işçisi Səbuhə Aslanova “ Kitabi-Dədə Qorqud” dastanında multikultural özəlliklərdən söz açmışdır. Göstərmişdir ki, dastanda milli-mənəvi dəyərlərimizdən tutmuş dövlətçilik ənənələrimizə qədər hər şey bu dastanda öz əksini tapmışdır.

Dəyirmi masa elmi diskursiyalarla yekunlaşmışdır. Göstərilmişdir ki, ölkəmizin multikultural mühiti folklor nümunələri baxımından da səciyyəvidir. Burada yaşayan azsaylı xalqların folklor nümunələri nə qədər fərqli və rəngarəng, özünəməxsus xüsusiyyətlərə malik olsa da, vətən sevgisi, dostluq, qardaşlıq, torpağa bağlılıq və digər əbədi dəyərlərə münasibətdə birləşir, eyni tendensiyanı nümayiş etdirirlər.