XƏBƏRLƏR

Eposların linqvokulturoloji tədqiqi məsələləri

22 dekabr, 2022

Məlumdur ki, XX əsrin sonlarında mədəniyyətşünaslıq və dilçilik elmlərinin qovşağında formalaşmış linqvokulturologiya hazırda sürətlə inkişaf edən elmi istiqamətlərdən biri olmuşdur. Bu elm  sahəsi ilə bağlı tədqiqat işləri durmadan artır. Məhz bu məqamla bağlı növbəti bir addım Linqvokulturologiya kafedrasının müdiri prof. Məsməxanım Qazıyeva tərəfindən atılmışdır. Belə ki, bu yaxınlarda Məsməxanımın “Eposların linqvokulturoloji tədqiqi məsələləri"  adlı məqaləsi "Advances in Social Sciences Research Journal" (Vol. 9 No. 11 (2022), UK) çap olunmuşdur. Məqalə “Kitabi-Dədə Qorqud” və “Beovulf” dastanlarının linqvokulturoloji aspektdən müqayisəli tədqiqinə həsr edilib.  Məqalədə eposların linqvokulturoloji təhlili özlüyündə xüsusi önəm daşıyaraq onların bir dildən başqa bir dilə tərcüməsi linqvokulturemlərin bir mədəniyyətə aid vahidlərin başqa mədəniyyət sahəsinə transformasiyası, ötürülməsi xüsusiyyətlərinin araşdırılması anlamında mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan məsələlərin “Kitabi-Dədə Qorqud” və “Beovulf” dastanları, eləcə də qədim Azərbaycan eposunun ingilis, anqlo-sakson eposunun isə Azərbaycan dilinə tərcümələri əsasında tədqiq olunması, şübhəsiz ki, son dərəcə aktual linqvokulturoloji bir problem kimi diqqəti özünə cəlb edir.

İki eposun linqvokulturoloji müqayisəsi onlarda qədim dövrdəki iki cəmiyyət və bu cəmiyyət üzvlərinin, onların arasındakı münasibətlərin etnokulturoloji mənzərəsini açmağa kömək edir. Qəhrəmanlıq göstərmək, mifoloji varlıqlarla vuruşmaq kimi oxşarlıq və bənzəyişlər, insanlar arasındakı münasibət, cəmiyyətin strukturu, milli-mədəni rəmzlər, adət-ənənələrdəki fərq və oxşarlıqların aşkara çıxarılması daha çox önəm daşıyır. 

Eposlar uzun tarixi bir yol keçmiş fərdlərin qrupda, qəbilədə, tayfada birləşərək yaratdıqları cəmiyyəti, bu cəmiyyətin adamlarını, rəhbərlərini, qəhrəmanlarını, həyat və məişətlərini, adət və ənənələrini tərənnüm edir. Bu cəmiyyətin də öz qayda-qanunları, adət-ənənələri var. Məqalədə istər “Beovulf”da, istərsə də “Kitabi-Dədə Qorqud” da bu cəmiyyətləri təyin edən, onların etnokulturoloji fərqlərini üzə çıxaran məqamlar təsvir olunmuşdur.  Eyni zamanda “Kitabi-Dədə Qorqud” və “Beovulf” dastanlarının linqvokulturoloji aspektdə müqayisəsi, hər iki dastan arasında  oxşarlıq və fərqlərin çoxluq təşkil etdiyini bir daha sübut etdi.

Düşünürük ki, belə tədqiqatların nəticələri həm epos və dastanların tərcüməsi, həm də xarici dilin, xarici epik əsərlərin tədrisində əhəmiyyətli material rolunu oynaya bilər.

Bu işdə Məsməxanıma uğurlar arzulayırıq. İşiniz davamlı olsun deyirik.

 

Linqvokulturologiya kafedrasının dosenti

Kəmalə Cəfərova