XƏBƏRLƏR

“Həqiqətin onomastikası” kitabı: Saxta erməni toponimlərinin ifşası

16 dekabr, 2022

Prezident İlham Əliyevin 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı etdiyi çıxışda indiki Ermənistan Respublikası ərazisindəki coğrafi adların mütləq əksəriyyətinin Azərbaycan mənşəli olması, bu mövzunun tədqiqi və təbliğinə dair Azərbaycanın alim və mütəxəssislərinə verdiyi tövsiyəyə əsasən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dillər Universitetinin tarixçi alimləri, tarixi toponimlər, dilçilik və xəritəçəkmə üzrə təcrübəli mütəxəssislərinin cəlb olunması ilə “Həqiqətin onomastikası” adlı kitab Azərbaycan və ingilis dillərində hazırlanaraq nəşr edilib. 

Təqdimat mərasimində çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, kitabın yaranma ideyası və hazırlanma prosesi haqda məlumat verib. Azərbaycan həqiqətlərinin üzə çıxarılmasında bu kitabın ciddi bir addım olduğu vurğulanıb. Qeyd olunub ki, tarixin saxtalaşdırılması dünya tarixində qəbul edilməz bir siyasi akt kimi qiymətləndirilir. K. Abdulla bildirib ki, “Həqiqətin onomastikası” kitabı son dərəcə vacib, əhəmiyyətli və strateji önəm kəsb edən bir topludur. Bu topluda bizim tariximiz, dilimiz, dinimiz, soy-kökümüz əks olunub. Bütün bu faktlar təkcə toponimlərlə deyil, həmçinin xəritələrlə də təsvir olunub. Faktiki olaraq bu kitabın Azərbaycan dilində təqdim olunan  nüsxəsi ilə çoxunuz tanışsınız, indi isə bu kitab ingilis dilində işıq üzü görüb. Bu da kitabın yayılma arealının böyüməsi və daha çox oxunmasına imkan yaratmış olacaq.Kitab bir çox sahələr üzrə özünəməxsus əhəmiyyəti ilə seçilir. “Həqiqətin onomastikası” kitabı həm tədris, həm elmi, həm də siyasi baxımdan  əhəmiyyətli tədqiqat işinin bariz nümünəsidir. 

Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident kitabxanasının direktoru Mayıl Əhmədov, kitabın müəllifləri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, filologiya üzrə elmlər doktoru, professor İbrahim Bayramov, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov və digərləri nəşrin əhəmiyyətindən, Ermənistan ərazisində xalqımıza məxsus toponimlərin saxtalaşdırılmasının ifşa edilməsində və qarşısının alınmasında rolu barədə danışıblar. Vurğulanıb ki, kitabı indiki Ermənistanın son 200 illik aynasıdır. Bu kitab bizim strateji hədəflərimizə yaxınlaşdırılmasında mühüm töfhədir. “Həqiqətin onomastikası” kitabı digər nəşrlərdən kəskin fərqlənir və alimlər, tədqiqatçılar üçün faydalı mənbə olacaq.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb. 

Kitab indiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması faktlarına həsr olunub.

Gərgin tədqiqat işlərinin bəhrəsi olan “Həqiqətin onomastikası” kitabı erməni vandalizminin və saxtakarlığının ən bariz nümunələrindən birinə – tarixi Azərbaycan torpaqlarında, indiki Ermənistan Respublikası ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların izlərinin silinməsi üçün bizə məxsus 1600-ə yaxın toponim, hidronim, oronimlərin kütləvi şəkildə dəyişdirilməsi və saxtalaşdırılması, bir çox yaşayış məntəqələrinin isə məqsədli şəkildə yer üzündən tamamilə silinməsi faktlarına həsr olunub. Mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda Ermənistanda azərbaycanlıların ata-baba yurdu olan 737 yaşayış məntəqəsinin, ləğv edilmiş 499 kənd və qəsəbənin, adları dəyişdirilmiş 704 inzibati vahidin, 231 oronimin, 116 hidronimin, 137 yaylaq və qışlağın toponimlərinin tarixi və izahı verilib. Ermənistan ərazisində toponimlərin müəyyənləşdirilməsi istiqamətində tədqiqat işləri davam etdirilir. Kitabın yaxın zamanda rus dilində nəşri də planlaşdırılır.

Qeyd edək ki, “Həqiqətin onomastikası” kitabının ideya müəllifi BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdulla, müəlliflər - filologiya üzrə elmlər doktoru, professor İbrahim Bayramov və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, redaksiya heyətinin üzvləri BBMM-in icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Respublikası İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri Ramiz Məmmədov, Milli Məclisin üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlı, Milli Məclisin üzvü, filologiya elmləri doktoru Əziz Ələkbərli, Milli Məclisin üzvü Musa Quliyev, “Geodeziya və Kartoqrafiya” MMC-nin direktor müavini Müqabil Bayramov, tarix üzrə elmlər doktoru Həcər Verdiyeva, filologiya elmləri doktoru Aslan Bayramov, filologiya üzrə fəlsəfə doktoru Kifayət İmamquliyeva, layihəyə məsul BBMM-in təhlilçisi Araz Qurbanovdur. Kitabın ingilis dilinə tərcüməçiləri ADU-nun dosenti Fialə Abdullayeva, baş müəllimlər Təranə Məmmədova, Aygün Xəlilova və Aygün Hacıyevadır.

Bakı Beynəlxalq Multikulturalilzm Mərkəzinin mətbuat xidməti