ADU ECAR layihəsində təmsil olunur
14 dekabr, 2022
Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Azərbaycan Milli Erasmus+ Ofisinin dəstəyi ilə Azərbaycanın 17 ali təhsil müəssisəsindən 50-ə yaxın nümayəndə heyəti 12-17 dekabr tarixlərində Belçikanın Brüssel şəhərində səfərdədirlər.
Səfər zamanı mühüm görüşlərdən biri 13 dekabr 2022-ci il tarixində Avropa Komissiyasının Avropa Mədəniyyət, Təhsil və Audiovizual Agentliyində baş tutub. Görüşdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin rektor və prorektorları, həmçinin digər məsul şəxlər də daxil olmaqla 19 nəfər nümayəndə, o cümlədən Azərbaycan Dillər Universitetinin Tədris məsələləri üzrə prorektoru Sevinc Zeynalova bu görüşdə iştirak edib.EACEA-ya edilən səfərdə qonaqları ilkin olaraq Kommunikasiya sektorunun müdiri cənab Wim Vansteenkiste qarşılayaq onlara qurum haqqında ətraflı məlumat verib.
Görüşün davamında layihə məsləhətçisi xanım Lucia Giannini Ali təhsildə potensialın gücləndirlməsi ilə bağlı geniş nitq söyləyib. Avropa Komissiyasının siyasət üzrə mütəxəssisi xanım Kinga Bereza-Husak isə Erasmus + layihələrinin Azərbaycan üçün əhəmiyyəti, nəzərdə tutulan fəaliyyətlər barədə iştirakçıları məlumatlandırıb.
Görüşün sonunda tədbir iştirakçılarının sualları ətraflı şəkildə cavablandırılıb və Azərbaycan nümayəndə heyəti adından “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsinin meneceri Gülşən Bayramova çıxış edərək maraqlı görüş və müzakirələrə görə təşəkkürünü bildirib.