XƏBƏRLƏR

ADU-nun əməkdaşları Rumıniyada işgüzar səfərdə olublar

30 noyabr, 2022

Azərbaycan Dillər Universitetinin əməkdaşları -   Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva və Fəlsəfə və İctimai elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva 21-25 noyabr tarixlərində Rumıniyada işgüzar səfərdə olublar.

Regionşünaslıq kafedrasının müdiri, professor  S.Əliyeva  Erasmus+ proqramının  müəllim mobilliyi layihəsi üzrə Buxarest Universitetinin Tarix və Ədəbiyyat fakültələrində  Azərbaycan mədəniyyətinə aid  “Qız Qalası Bakının simvoludur”,  “Azərbaycan musiqisinin inkişaf xüsusiyyətləri”,  “Azərbaycan- Rumıniya münasibətləri” , “Azərbaycanda qədim xalq oyunları” və  “ Azərbaycan xalçaları”  mövzularında   təqdimat keçirib.

Fəlsəfə və İctimai elmlər kafedrasının müdiri dos. Ə.Abdiyeva və Prof.S.Əliyeva  Amerika- Rumıniya özəl Universitetinin “Bakı” zalında Rumıniyadakı  Azərbaycan  səfirliyinin təşkil etdiyi Azərbaycan-Rumıniya” diplomatik əlaqələrinin qurulmasının 30 illiyinə həsr edilmiş tədbirdə iştirak ediblər.

Tədbirdə  ADU–nun Rumıniyanın ali məktəbləri ilə əlaqələri, ADU –da fəaliyyət göstərən Rumıniya dil və mədəniyyəti mərkəzinin fəaliyyəti barədə tədbir iştirakçılarına  məlumat veriblər.

Prof. S.Əliyeva və dos. Ə.Abdiyeva Buxarest Universitetinin Kitabxanasının tarixi oxu zalında  çox saylı tələbə və müəllim auditoriyasında görkəmli yazıçı Kamal Abdullanın Rumın dilinə tərcümə olunmuş  “Sehrbazlar dərəsi” adlı kitabını Ədəbiyyat fakültəsinin dekanına təqdim ediblər.

Onlar həmçinin  ADU-nun rektoru, akademik  Kamal Abdullanın Rumıniyanın Piteşti Universitetinin fəxri doktoru adını alması haqqında məlumatı iştirakçıların diqqətinə çatdırıblar.

Səfər çərçivəsində  Buxarest Universitetinin  Beynəlxalq Əlaqələr şöbəsinin,  ERASMUS ofisinin, Tarix və Ədəbiyyat  fakültəsinin dekanı və müəllimləri ilə görüşlərdə,  Buxarest Universitetinin Tarix  və Ədəbiyyat fakültələrinin təşkil etdiyi “Multikultural dəyərlər” adlı dəyirmi masada iştirak ediblər.

Onlar “Multikultural dəyərlər” adlı görüşdə   Azərbaycan multikulturalizm modeli haqqında geniş məlumat veriblər. Eyni zamanda Multikulturalizmin  Azərbaycanda həyat tərzi olduğunu, Azərbaycan Respublikasının ali məktəblərində “Multikulturalizmə giriş” və  “Azərbaycan multikulturalizmi” adlı fənlər tədris edildiyini də qeyd ediblər.

Bildirilib ki, 2022-ci ilin noyabr ayında Rumıniyanın Yassı Universitetində Azərbaycan  Multikulturalizm Mərkəzinin açılması  haqqında məlumat tədbir iştirakçılarının marağına səbəb olub.

Həmin görüş iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.