XƏBƏRLƏR

Dillər Universitetində erməni dili ixtisası

27 noyabr, 2022

Azərbaycan Dillər Universitetində erməni dili üzrə tərcümə ixtisanının açılması gözlənilir. Artıq bununla bağlı Elm və Təhsil Nazirliyinə müraciət də olunub. Ermənistanda hələ 2008-ci ildən Azərbaycan dili kursu açıldığını, 2012-ci ildən isə "Azərbaycan dili" dərsliyinin nəşr olunduğunu xatırladan Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinin dekanı, filalogiya üzrə fəlsəfə doktoru, dosent Bənövşə Məmmədova təmsil etdiyi universitetdə erməni dili üzrə tərcümə ixtisanının açılması ilə bağlı hazırlıq işlərinin getdiyini bildirib: 

- Söz var, deyir, düşmənə qalib gəlmək istəyirsənsə, onun dilini və mədəniyyətini öyrənməlisən. Ermənistanda artıq neçə illərdir Azərbaycan dilinin öyrənilməsi istiqamətində məqsədyönlü iş aparılır, Azərbaycan dilini və Osmanlı türkçəsini öyrədən mərkəzlər fəaliyyət göstərir. Bundan başqa, Ermənistanda Azərbaycan dilində çox səlis və təmiz danışan ermənilər var. Orada əhalinin yarıdan çoxu Azərbaycan dilində və türk dilində danışa bilir. Düşmən bizim dili öyrənirsə, biz niyə onların dilini öyrənməyək? Dövlət orqanlarında, güc strukturlarında, eləcə də digər önəmli qurumlarda erməni dili bilən kadrlar lazım olur.

Düzdür, bizdə də Bakı Dillər Universitetində, Azərbaycan İqtisad Universitetində, eləcə də xüsusi xidmət orqanlarında erməni dili öyrənilir. Azərbaycan Dillər Universitetində də uzun illərdir Beynəlxalq münasibətlər və idarəetmə fakültəsində Qafqazşünaslıq ixtisasının tərkibində erməni dili tədris olunur. Burada sadəcə qafqazşünaslıqda erməni dili öyrədilir. Biz isə erməni dili üzrə tərcüməçi hazırlığı ilə məşğul olmaq, sırf tərcüməçi kadrlar yetişdirmək istəyirik. Qeyd edim ki, bizim universitetin Tərcümə fakültəsində hazırda 7 dil tədris olunur: italiyan, ispan, Koreya, alman, ingilis, fransız və keçən ildən etibarən ərəb dilləri üzrə kadr yetişdiririk. Dövlət qurumlarından bizə olan müraciətlərə əsasən qərara almışıq ki, dünyanın aparıcı dili olan Çin dilini və müharibə şəraitində yaşadığımız qonşu Ermənistanın dövlət dilini də tədris edək. Artıq bu barədə Elm və Təhsil Nazirliyinə də müraciət etmişik. Ümid edirik ki, nazirlik bizə dəstək olacaq. Əgər erməni dili üzrə  tərcüməçi kadrı hazırlığı ilə bağlı qəbul planında yer ayrılmasına icazə verilsə, qısa zamanda tədrisə başlaya bilərik.

- Azərbaycanda erməni dili üzrə mütəxəssis çatışmazlığı yaşanırmı?

- Ölkədə erməni dilini bilən mütəxəssislər çox azdır. Biz yeni açılacaq ixtisas üçün belə mütəxəssislər tapmaqda çətinlik çəkirik. Sırf bu səbəbdən də Azərbaycan Dillər Universiteti olaraq bu ildən yeni tədris ili üçün qəbul planı vermişik. Əsas məqsədimiz 4 il ərzində universitetdə erməni dili üzrə yaxşı kadr hazırlamaq, magistratura təhsili aldıqdan sonra isə onları öz universitetimizdə müəllim kimi işlə təmin etməkdir. Bir sözlə, bu sahədə mütəxəssislər, müəllimlər yetişdirməyi düşünürük.

- Tələbələr arasında bu sahəyə maraq varmı?

- Əlbəttə, var. Hətta 3-4 il bundan qabaq bizim ingilis dili ixtisası üzrə təhsil alan bir tələbəmiz ərizə yazıb bizdən xahiş etmişdi ki, öz dərsindən əlavə olaraq Qafqazşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə birlikdə erməni dili dərslərində otursun. Bu, onun ixtisası deyildi, lakin öyrənməyə bu qədər həvəsli idi. Erməni dilinə maraq göstərən başqa tələbələr də var.

- Erməni dili ixtisasının tədrisinə başlanacağı təqdirdə tələbələr yetərli vəsaitlərlə təmin olunacaqlarmı?

- Biz bu məsələlərin hamısını nəzərə almışıq. Düzdür, əvvəl-əvvəl dərs vəsaiti və müəllim çatışmazlığı yaşana bilər. Lakin bu riski gec-tez mütləq gözə almaq lazımdır. Sözügedən ixtisas tədris olunamağa başlayandan sonra 4 il müddətində öz tələbələrimiz arasından ən az beş nəfər müxətəssis yetişdirə bilsək, bu sahədə uğurlu addımlar ata bilərik. Hazırda dərsliklər, əlbəttə ki, var. Məsələn, Azərbaycan Dillər Universitetinin Qafqazşünaslıq kafedrasının baş müəllimi Hüseyn Əsgərovun yazdığı "Erməni dilinin qrammatikası" dərsliyini göstərə bilərik. Tərcümə ixtisasının xüsusi spesifik sahəsi olan siyası-ictimai tərcümə, tibbi tərcümə və s. həmin dildən götürülmə materiallar əsasında tədris olunur. Təbii ki, gələcəkdə tərcümə fakültəsi üçün də yeni dərsliklər yazılacaq.

- Sizcə, tələbələr erməni dilinin öyrənilməsinin vacibliyini anlayırlarmı?

- Bəli, məncə, anlayırlar. Bu, elə bir dildir ki, bunu niyə öyrəndiyini dərk edib gəlməlisən. Bu, ingilis dili deyil ki, tələbə beynəlxalq dildir deyə öyrənmək üçün gəlsin. Yəni bu dillə bağlı məsələ fərqlidir. Əgər tələbə özünü hansısa lazımlı qurumda, eləcə də hərbi sahədə kadr olaraq görürsə, çox güman ki, bu ixtisası seçməyə üstünlük verəcək.

- İlkin mərhələdə ixtisas qəbulu və tədris necə olacaq?

- Tələbənin seçdiyi dil baza dil deyilsə, o zaman onun tədrisinə sıfırdan başlanır. Baza dillər ingilis, fransız və alman dilləridir. Bu dillər məktəblərdə tədris olunur. Əgər məktəbdə sözügedən dil keçilməyibsə, tələbələr birinci kursda bir il müddətində sırf dil öyrənirlər, yəni sıfırdan başlanaraq tələbələrə o dilin əlifbası və qrammatikası öyrədilir

İxtisasa qəbul üçün isə abituriyentlər 3-cü qrup üzrə imtahan verəcəklər. İxtisas seçimində digər ixtisasları necə seçirlərsə, bunu da elə seçim edə biləcəklər. Heç bir fərqlilik yoxdur. Qəbul imtahanında xarici dil olaraq isə ingilis dilindən imtahan verəcəklər.

Sevil SEYMUR