XƏBƏRLƏR

Serbiyada yaşayan soydaşımızın uğuru

23 noyabr, 2022

Serbiyada yaşayan soydaşımız Günel Babanlının Avropanın ən qədim universitetlərindən biri, bu ölkənin isə ən qədim elm ocağı olan Belqrad Universitetində magistr işi Müdafiə Şurasından müvəffəqiyyətlə keçib.

AZƏRTAC xəbər verir ki, Belqrad Universitetinin Filologiya fakültəsinin şərqşünaslıq kafedrasının dil, ədəbiyyat və mədəniyyət indeksi üzrə magistr təhsilini başa vuran G.Babanlı “Azərbaycanda İslam və İslam abidələri” mövzusunda diplom işini müdafiə edib. Magistr işində İslamın Azərbaycanda əsrlər öncə necə yayılmasından, İslam dini abidələrimizin tarixindən və memarlıq quruluşundan bəhs olunub. Magistr işi müəllifin “Qarabağda İslam abidələri” seminar işinin davamı kimi yazılıb. 

Tədqiqat işində, həmçinin Qarabağ ərazisində, vaxtilə müsəlman intibahı dövründə yaradılmış, eləcə də işğaldan azad olunandan sonra yenidənqurma işləri çərçivəsində məscidlər, türbələr, dini-memorial komplekslərin bərpa edilməsindən bəhs olunub. Magistr işində Azərbaycanın seçilmiş islam abidələrindən - Qafqazın ən böyük məscidi olan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Heydər məscidindən, Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidindən və sairdən bəhs edilir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli” elan edilməsi, 2016-cı il yanvarın 15-də isə Bakıdakı Heydər məscidində məzhəbindən asılı olmayaraq, bütün müsəlmanların bir araya gələrək vahid məkanda cümə namazı qılmaqları komissiya üzvləri tərəfindən maraqla qarşılanıb.

G.Babanlı 2022/2023-cü tədris ilindən etibarən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində müəllim kimi pedaqoji fəaliyyətə başlayıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad