XƏBƏRLƏR

ADU-nun müəllimləri Çində keçirilən beynəlxalq konfransda iştirak ediblər

21 noyabr, 2022

Huçjou Universitetində (Çin) “Qloballaşma kontekstində mədəniyyətlərarası təhsil: nəzəri anlayış və milli tətbiq təcrübələri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfrans Huçjou Universitetinin Multikultural Araşdırmalar Mərkəzi, Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu və Belarus Dövlət Universiteti tərəfindən təşkil olunub. Konfransda Çinin Henan Elm və Texnologiya Universiteti, Veynan Pedaqoji Universiteti, Yançen Pedaqoji Universiteti, Szyansu Okeanologiya Universiteti, Çjetszyan Pedaqoji Universiteti, Dalyan  Politexnik Universiteti, eləcə də ADU-nun müəllim və tədqiqatçıları, İtaliya, Rusiya, Belarus, Özbəkistan, Gürcüstan və Ukraynanın aparıcı universitet və elmi müəssisələrinin nümayəndələri iştirak ediblər.

Konfransın açılış mərasimində Huçjou Universitetinin prorektoru Li Qinfen, Huçjou Universitetinin Beynəlxalq Əməkdaşlıq İnstitutunun direktor müavini Fan Xi, Huçjou Universitetinin Multikultural Tədqiqatlar Mərkəzinin direktor müavini Li Jihua çıxış ediblər. Li Jihua öz çıxışında Çin dili və mədəniyyətinin xaricdə təbliğində Konfutsi İnstitutunun rolu və əhəmiyyətini qeyd etmişdir. Konfransın işi nəzəri və metodoloji əsaslar, kadr təminatı və müasir dünyada mədəniyyətlərarası təhsilin inkişafının perspektivləri, mədəniyyətlərarası tədqiqatın aktual problemləri və humanitar elmlərin inkişafına həsr olunmuş 4 bölmədə aparılıb. ADU-nun müəllimləri Rafiq Abbasov, Şüküfə Cabbarova, Ədalət Abdiyeva, Sevda İmanova, İrina Kunina, Təranə Məmmədova, Afət Musayeva, Aytən Ramazanova, Əli Məmmədov Azərbaycan və Çin arasında mədəniyyətlərarası qarşılıqlı əlaqə, Azərbaycanda mədəniyyətlərarası təhsilin tendensiyaları və prinsipləri, milli mənəvi mədəniyyətlərin formaları, Azərbaycan-Çin humanitar əlaqələrinin genişləndirilməsi və başqa mövzulara dair təqdimatlarla çıxış ediblər.

ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi Huçjou Universitetinin Multikultural Araşdırmalar Mərkəzinin tərkibində fəaliyyət göstərir, onun vəzifələri Çində Azərbaycan mədəniyyəti və tarixinin təbliği, Azərbaycan dilinin və “Azərbaycan multikulturalizmi” təlim kursunun tədrisidir. Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin bazasında I beynəlxalq elmi konfransın “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda bölmə iclası keçirilib. Mərkəz daim yenilənən informasiya və resurs bazasına, o cümlədən Azərbaycan elmi-bədii ədəbiyyatına, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan-Çin əlaqələrinin inkişafı sahəsində fəaliyyətlərinə dair Çin dilində yazılmış kitablara, Azərbaycan rəssamlarının əsərləri, milli musiqi albomlarına malikdir. Huçjou Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi ADU-nun rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə Dillər Universitetdə fəaliyyət göstərən mərkəzlərə alternativ olaraq xarici ölkələrin aparıcı universitetlərində açılmış ilk mərkəzlərdən biridir.