XƏBƏRLƏR

ADU-da Rektoryanı Şuranın növbəti iclası keçirilib

16 noyabr, 2022

Noyabrın 15-də Azərbaycan Dillər Universitetində Rektoryanı Şuranın növbəti iclası keçirilib. İclasda çıxış edən universitetin rektoru, akademik Kamal Abdulla Rumıniya və Moldova respublikalarına olan işgüzar səfəri ilə bağlı məlumat verib. Rektor səfərin əhəmiyyətindən, Rumıniya və Moldova Universitetləri ilə imzalanan müqavilələrdən danışıb, eləcə də Rumıniyanın ən nüfuzlu və qədim ali təhsil ocağı olan İaşi Universitetində açılan Azərbaycan Multikulturalizm Mərkəzi haqqında məlumat verib.

Eyni zamanda bağlanan müqavilələrin  yaxın vaxtlarda real nəticələr verəcəyini, qarşılıqlı tələbə-müəllim mübadələlərinin, konfransların həyata keçəcəyini qeyd edib. Kamal Abdulla bildirib ki, yeni açılan mərkəz Şərqi Avropada Azərbaycanın multikulturalizm mərkəzinə çevriləcək.

Moldova Pedaqoji Universitetində bağlanan müqaviləyə də toxunan rektor qeyd edib ki, bu ölkədən olan tələbələr Azərbaycanda Yay və Qış məktəblərinə qatılacaqlar.

Digər çıxışçılar – ADU-nun tədris məsələləri üzrə prorektoru, professor Sevinc Zeynalova və ADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov akademik ezamiyyətin əhəmiyyətini yüksək dəyərləndirib, bunun gələcək faydaları haqqında fikirlərini bölüşüblər.