XƏBƏRLƏR

ADU-nun əməkdaşları təhsil sərgisində iştirak ediblər

15 noyabr, 2022

Azərbaycan Dillər Universitetinin əməkdaşları - Rusiyaşünaslıq Mərkəzinin rəhbəri Diana Hüseynzadə, Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Təhsil şöbəsinin müdiri, dosent İrina Kunina Rusiya universitetlərinin təhsil sərgisində iştirak ediblər.

Onlar Rusiya universitetlərinin fəaliyyəti ilə yaxından tanış olub, Tatişev adına Həştərxan Dövlət Universitetinin (HDU), Sankt-Peterburq Dövlət Universitetinin  nümayəndəlikləri ila görüşdə iştirak ediblər.

Görüş zamanı professor Sevdagül Əliyeva iştirakçıları Azərbaycan Dillər Universitetinin beynəlxalq fəaliyyəti ilə tanış edib.

Rusiyaşünaslıq Mərkəzinin rəhbəri Diana Hüseynzadə isə Rusiya universitetləri ilə dövlət qurumları arasında əlaqələrin gücləndirilməsi çərçivəsində ADU-nun Rusiyaşünaslıq Mərkəzinin layihələrindən danışıb.

Görüş çərçivəsində Tatişev adına Həştərxan Dövlət Universitetində və Gertsen adına Rusiya Dövlət Humanitar Universiteti nəzdnində olan Multikulturalizm Mərkəzində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılması perspektivi ilə bağlı qarşılıqlı faydalı əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, sərgi 10-11 noyabr tarixlərində Bakıdakı Rus Evində  keçirilib.

Sərgidə Rusiyanın 7 şəhərindən 15 ali məktəb iştirak edib: Rusiya Xalqlar Dostluğu Universiteti, “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universiteti, “Moskva Elektron Texnologiyalar İnstitutu” Milli Tədqiqat Universiteti, A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu, N.E.Bauman adına Moskva Dövlət Texniki Universiteti, Moskva Dövlət Qida İstehsalı Universiteti, A.İ.Gertsen adına Rusiya Dövlət Humanitar  Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, Sankt-Peterburq Dövlət Sənaye Texnologiyaları və Dizayn Universiteti, Şimali Qafqaz Mədən və Metallurgiya İnstitutu, Şimali Qafqaz Federal Universiteti, Kazan Federal Universiteti, İnnopolis Universiteti, Tatişev adına Həştərxan Dövlət Universiteti.