ADU tələbələri Şəhidlər xiyabanını ziyarət ediblər

2020-ci il 44 günlük Vətən müharibəsi ərzində Azərbaycan xalqı sevincli, kədərli anlarını yaşamalı oldu. Həmin günlər ərzində xalqımız yüzlərlə şəhid qurban verdi. Ata-anaların, övladların, həyat yoldaşlarının gözü yolda qaldı. Dünyaya gəlməmiş bəzi körpələr ata nəvazişindən məhrum oldular. Azərbaycan xalqı gələn acı xəbərlərlə yasa büründü.
Kədərlə sevinc bir-birini əvəz etdi. 30 ilə yaxın həsrətində olduğumuz torpaqların alınması xəbəri hamını sevindirdi. Xalqımız bütün dünyaya sübut etdi ki, mübariz Azərbaycan ordusu həmişə vətənin keşiyində ayıq-sayıq duraraq, heç vaxt düşmənə baş əyməyəcək.
Gələcək nəslə örnək olan bu mübarizə bir daha göstərdi ki, şəhidləri qanı ilə alınan hər qarış torpaq müqəddəsdir və onu qorumaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Bu şanlı Zəfər yolunda canından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyərək onların müqəddəs adlarını göylərə ucaldacağıq.
Təhsil-2 fakültəsinin İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının baş müəllimi, f.ü.f.d. Gülşən Məhərrəmova I kurs 123 B qrup tələbələri ilə birlikdə II Fəxri Xiyabanda İkinci Qarabağ müharibəsi şəhidlərini ziyarət etmiş və onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonda 123 B qrup tələbəsi Əminə Hüseynova şəhidlərin ruhuna ithaf etdiyi “Unudulmazlar” şeirini ifa etdi.
Unudulmazlar
Torpağın canınıza həsrəti varmış
Sizsiz könüllərin hicranı varmış
Göz yaşlarımın da axırı varmış.
Könül zirvəsində susdu, Şəhidlər !
Yox oldu, qəlbimizdəki qürbət yeli
Yox oldu, hər bir arzusu, hər bir diləyi
Yox oldu, anaların xoş nəğməsi
Könül zirvəsində susdu, Şəhidlər !
General Poladın mübarizliyi
Vətən sevdasından dönməzliyi
Bizə qürur verən o həmin hissi
Yaşatdı hər bir qəlbdə Şəhidlər!
Muxtarın dillərdə əzbəri qaldı
Cəbrayılın hünər, mərdliyi qaldı
Xudayarın bizə xoş səsi qaldı
Könül zirvəsində susdu, Şəhidlər !
Allah bütün şəhidlərimizə rəhmət eləsin!