XƏBƏRLƏR

“Şuşa mədəniyyəti türk dünyası müstəvisində” - Zəfər tədbiri

05 noyabr, 2022

05.11.2022-ci il tarixində Xarici ölkələr ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Zəfər gününə həsr olunmuş “Şuşa mədəniyyəti türk dünyası müstəvisində” adlı tədbir keçilmişdir. Tədbiri açıq elan edən professor Həmidə Əliyeva “Şuşanın dünəni və bu günü” mövzusunda çıxış etdi. 44 günlük Zəfər salnaməmizin şanlı səhifələrindən birinin Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın adı ilə bağlı olmasını diqqətə çatdıran H.Əliyeva alınmaz qala hesab edilən və sərt relyefə malik olan Şuşanın işğaldan azad edilməsinin dünya hərb tarixinə ən mükəmməl taktiki döyüşlərdən biri kimi düşdüyünü qeyd etdi.  

Eləcə də, bu günlər hamımızın müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərindən birini yaşadığını qeyd edən universitetimizin Elm və innovasiya məsələləri üzrə prorektoru professor Novruz Məmmədov sentyabrın 27-dən başlayan, 44 gün davam edən Vətən müharibəsinin işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnərək tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini vurğuladı. Tədbirdə həmçinin, Filologiya fakültəsinin dekanı Şahin Xəlilli və dekan müavini Hüriyyə Nəzərova iştirak etdilər. 

Filologiya fakültəsi üzrə İngilis dili və ədəbiyyatı müəllimliyi ixtisasının II kurs 241a qrup tələbəsi Rəna Şabanzadə, İngilis dili və ədəbiyyatı ixtisasının III kurs 332b qrup tələbəsi Ülviyyə Əliyeva, Təhsil fakültəsi üzrə İngilis dili müəllimliyi ixtisasının III kurs 303a qrup tələbəsi Tahirə Rzayeva Şuşanın tarixi və mədəniyyəti ilə bağlı çıxışlar etdilər. Eyni zamanda, tədbir zamanı Şuşanın işğaldan əvvəlki dönəmi barədə videoçarx izlənildi və musiqi nömrələri ilə universitetimizin əməkdaşı Arzu Məmmədova çıxış etdi. Yekunda zəfər dolu sevincli anları bizə qanları, canları bahasına yaşadan rəşadətli Azərbaycan ordusunun hər bir əsgərinə və Ali Baş Komandana sonsuz minnətdarlıq bildirildi.