XƏBƏRLƏR

ADU-da Dövlət Bayrağı Günü qeyd olunub

04 noyabr, 2022

Noyabrın 4-də Azərbaycan Dillər Universitetində  9 noyabr Dövlət Bayrağı Gününə həsr olunan “Qarabağda dalğalanan bayrağımız” mövzusunda tədbir keçirilib.

Öncə  Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, hər il “Bayraq günü” xalqımız və dövlətimiz tərəfindən xüsusi rəğbət və sevgi ilə qeyd olunur:

“Azərbaycan Xalq Cümhuriyyətinin dövründə qəbul olunmuş üçrəngli bayraq hələ sovet dövründə ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda bir daha ucaldılıb. Həqiqətən də “Bir kərə yüksələn bayraq bir daha enməz” sözü öz yerini tutub. Ulu öndərin Azərbaycan sevgisi o dərəcədə böyük idi ki, sovet dövlətinin hələ son dərəcə qadir olduğu bir vaxtda sanki kiçik Naxçıvan bütün SSRİ-yə qarşı qiyam etdi. Ulu öndərin Naxçıvan Milli Məclisinə rəhbərlik etdiyi dövrdə Naxçıvanda SSRİ bayrağı endirilib yerinə Azərbaycanın milli rəmzi olan üçrəngli bayraq ucaldılıb. Ulu öndərin bu cəsarətli addımı əlbəttə ki, dünya tarixinə yazılmalı bir addım olub”.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Mina Qarayeva “Bayrağımızın 9 noyabrdan başlanan bir əsrlik yolu” mövzusunda çıxış edib. Qeyd olunub ki, Üçrəngli bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub.

Fəlsəfə və ictimai elmlər kafedrasının müəllimi Leyla Hacıyeva “Bayraq dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi kimi” mövzusunda çıxış edib. Bildirilib ki, hər bir vətəndaş dövlət rəmzlərimizin məna, mahiyyət və əzəmətini dərindən dərk etməklə milli-mənəvi dəyərlərin, istiqlalın qədrini daha yaxşı bilir. Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiramın aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir. 

Xarici dillər kafedrasının müəllimi Mələk Muxtarova “Bayraq sözü müasir anlamda” mövzusunda çıxış edib. Qeyd olunub ki, Milli bayraq - siyasi, ideoloji, mənəvi baxımdan  milləti tanıdan, dövlətin mövcudluğunu təsdiqləyən nişanədir. Hər bir millətin bayrağı onun milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının, milli ideologiyasının ifadəsidir.

Regionşünaslıq kafedrasının müəllimi Rüfət Ağaqasımov “Bayrağın dövlət atributu kimi formalaşması tarixindən” mövzusunda çıxış edib. Çıxışçı bayraq anlayışının ilkin tarixi dövründən, onun rəmzi anlam daşıması tarixindən söhbət açıb.

Tədbir ADU-nun tələbəsi Tahirə Rzayevanın qiraətində Bəxtiyar Vahabzadənin “Bayraq” şeirinin səsləndirilməsi ilə yekunlaşıb.