XƏBƏRLƏR

ADU-da “Disleksiya – öyrənmə çətinliyi” adlı təlim keçirilib

04 noyabr, 2022

Azərbaycan Dillər Universitetinin  Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində “Disleksiya – öyrənmə çətinliyi” adlı təlim keçirilib.

Təlimdə disleksiya üzrə mütəxəssis Ülviyyə Qasımova spiker disleksiya, onun yaranma səbəbləri, əlamətləri və korreksiyası ilə bağlı danışıb. O, interaktiv şəkildə müəllifi olduğu “Disleksiya dərəcə çalışmaları” adlı kitabından müxtəlif tapşırıqlara iştirakçılarla birlikdə nəzər salıb.

Tədbirdə dosent N.Zeynalova çıxışında öyrənmə çətinliklərinin müasir dövrdəki artım tendensiyası barədə söz açıb, cəmiyyətin bu mövzuya xüsusi həssaslıq göstərməsinin zəruriliyini diqqətə çatdırıb.

Təlim Təhsil I fakültəsinin Korreksiyaedici təlim, Təhsil II fakültəsinin Məktəbəqədər təhsil və İbtidai sinif müəllimliyi ixtisaslarında təhsil alan tələbələri, universitetin müəllim heyəti və mütəxəssislər üçün nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, xüsusi təlim ehtiyaclarına malik şəxslərin təhsilinin təşkili məsələsinə qayğı ilə yanaşan Azərbaycan Dillər Universiteti son bir ildə mütəxəssislər və tələbələr üçün keçirilən çoxsaylı seminarlar təşkil edib, fərqli fərdlərin cəmiyyətə inteqrasiyası istiqamətində uğurlu addımlar atıblar.

Tədbirdə mövzu ilə bağlı  fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda  Ü.Qasımova müəllifi olduğu "Disleksiya dərəcə çalışmaları" adlı kitabını ADU-nun elmi kitabxanasına və Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinə hədiyyə edib.

Qeyd edək ki, İnklüziv Təhsil Mərkəzində növbəti təlimlərin təşkili planlaşdırılır.