XƏBƏRLƏR

ABŞ-ın müvəqqəti işlər vəkili ADU-nun qonağı olub

03 noyabr, 2022

Noyabrın 3-də Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Huqo Gevara ilə görüşüb. 

Qonağı universitetdə görməkdən məmnun olduğunu bildirən rektor ABŞ və Azərbaycan arasında əlaqələrin dərin köklərə malik olduğunu deyib. Azərbaycanın dünya ölkələri arasında vacib siyasi, iqtisadi, mədəni addımlar atdığını və sülhsevər qüvvələr tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb:

“Azərbaycan Dillər Universitetinin Amerikanın bəzi elmi qurumları ilə əlaqələri mövcuddur. Amerikalı tələbələr bizim Yay Məktəbimizdə iştirak ediblər, mən bir neçə dəfə onlarla görüşüb fikir mübadiləsi aparmışam. Universitetimizdəki Bakı Amerika Mərkəzi layihələrimizin həyata keçirilməsində bizə yaxından dəstək verir. Tələbələr, müəllimlər bu mərkəzin potensialından çox faydalı şəkildə istifadə edirlər”.

Rektor qeyd edib ki, biz Amerika kimi qüdrətli dövlətə həmişə ümid və etimadla baxmışıq. Azərbaycan ziyalıları inanıblar ki, Amerika kimi qüdrətli dövlət hər zaman haqqın, ədalətin yanında olacaq: “İnanırıq ki, ABŞ bizim haqq işimizdə öz töhfəsini verəcək, gələcəkdə sülh şəraitində bölgənin inkişafına təkan verəcək addımlar atacaqdır. Ümid edirik ki, elmi, mədəni əlaqələrimiz daha da inkişaf edəcəkdir”.

Görüşdə iki ölkə arasındakı əlaqələrin inkişaf prosesində H.Gevaranın şəxsi təşəbbüslərinin də vacib və faydalı olacağı vurğulanıb. K.Abdulla H.Gevaranı ADU-nun “Səfir saatı” layihəsi çərçivəsində tələbələrə mühazirə oxumaq üçün yenidən universitetə dəvət edib. Qeyd olunub ki, görüş tələbələr üçün faydalı, qonaq üçün isə maraqlı olacaq.

ABŞ-nin  müvəqqəti işlər vəkili Hüqo Gevara səmimi qarşılanmaya görə təşəkkürünü bildirib, Azərbaycan-ABŞ əlaqələrinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, iki ölkə arasında elmi, mədəni əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. Gələcəkdə də bu əlaqələrin inkişaf edən xətlə davam edəcəyinə əminlik vurğulanıb. Qonaq “Səfir saatı” layihəsinə dəvət üçün öz təşəkkürün bildirib və böyük məmnuniyyətlə bu layihədə iştirak etmək istədəyini söyləyib.

Qonaq daha sonra Bakı Amerika Mərkəzinin könüllüləri və kollektivi ilə görüşüb.